Azərbaycan-ABŞ əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daxil olur

azerbaycan-abs-emekdasligi-keyfiyyetce-yeni-merheleye-daxil-olur
Oxunma sayı: 1627

Son illər müstəqil Azərbaycan dövlətinin sivil, demokratik dünyanın bütün dövlətləri, o cümlədən, planetimizin super gücü olan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı inam və etimad əsasında əməkdaşlığı genişlənməkdə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik liderliyi ilə çağdaş dünya birliyində uğurlu dövlət idarəçiliyi modeli kimi qəbul edilir və ölkəmizə adekvat münasibət nümayiş etdirilir.

Təsadüfi deyildir ki, dünən ABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanır.

Məktubda daha sonra deyilir: “Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik. İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır.

Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik”.

ABŞ Prezidenti, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir. Məktubda, həmçinin ABŞ-ın qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusu ifadə olunub.

Xatırladaq ki, Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığın 30 ildən artıq bir tarixi vardır. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb.

İki ölkə arasında siyasi əlaqələr dinamik olaraq inkişaf edir. Belə ki, ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-da səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 86 sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir.

1993-cü ildən etibarən yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində səfərlər və görüşlər baş tutub. ABŞ-a ilk rəsmi səfər 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilib. Sonuncu dəfə, 2016-cı ilin 30 mart-1 aprel tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri baş tutub.

2021-ci ilin 20-26 sentyabr tarixlərində BMT Baş Assambleyasının illik sessiyasında iştirak etmək məqsədilə Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-da səfəri həyata keçirilib. Daha əvvəl, 2020-ci ilin 22-25 oktyabr tarixlərində Ceyhun Bayramovun ABŞ-a işgüzar səfəri baş tutub.

Azərbaycanla ABŞ arsında müdafiə və təhlükəsizlik sahələrində də əməkdaşlıq durmadan inkişaf edir. Belə ki, 31 iyul 1997-ci il tarixli “Azərbaycan Respublikası ilə ABŞ arasında müdafiə və hərbi sahələrdə gələcək münasibətlərə dair Birgə Bəyanat” və 30 iyun 2000-ci il tarixli “Azərbaycan Respublikası ilə ABŞ arasında müdafiə və hərbi sahələrdə əməkdaşlığa dair Birgə Bəyanat” ikitərəfli hərbi əlaqələrin inkişafına təkan verib.

ABŞ tərəfi 2002-ci ildən etibarən Azərbaycana təhlükəsizlik sahəsində dəstək verir. Yardımlar Xarici Hərbi Maliyyələşmə Proqramı (Foreign Military Financing Program – FMF), Beynəlxalq Hərbi Təhsil və Təlim (International Military Education and Training – IMET), 2018-ci ildən etibarən Müdafiə Departamentinin “333-cü bölməsi” çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı və digər proqramlar üzrə həyata keçirilir.

2001-ci ildən ABŞ-ın başçılığı ilə NATO-nun Əfqanıstandakı əməliyyatlarında Azərbaycanın sülhməramlı qüvvələri fəal iştirak ediblər. Ölkəmizin Əfqanıstandakı sülhməramlıları NATO tərəfdaşları arasında ən son olaraq Əfqanıstanda qalıb və Kabul beynəlxalq hava limanında təxliyyə işlərində əhəmiyyətli rol oynayıb.

Təqdirəlayiq haldır ki, Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır. Regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb (14 milyard ABŞ dollarından çox). Azərbaycanın Dövlət Neft Fondu ABŞ-ın maliyyə təşkilatları və fondları ilə sıx əməkdaşlıq edərək qiymətli kağızlar və daşınmaz əmlak bazarına, təxminən, 7,6 milyard ABŞ dolları sərmayə yatırıb, Azərbaycanda 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçib.

İqtisadi sahədə ölkələrimiz arasında bir sıra mühüm sənədlər imzalanıb. Hələ 1993-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında ticarət münasibətləri haqqında saziş və Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında 1997-ci il müqaviləsi imzalanıb. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ilbəil artır.

Azərbaycan ABŞ-a ən çox xam neft və başqa yanacaq məhsulları ixrac edir. Azərbaycan ABŞ-dan, ilk növbədə qiymətli metallar (qızıl, alüminium), mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri, yerüstü nəqliyyat vasitələri, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri, borular, çənlər və onlara aid hissələr idxal edir.

Azərbaycan ABŞ ilə enerji sahəsində uğurlu əməkdaşlıq edir. 1994-cü ildə Azəri–Çıraq–Çünəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”ndə ABŞ şirkətlərinin yer alması ilə başlanan əməkdaşlıq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək ilə davam etmişdir. 14 sentyabr 2017-ci il Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində “Şevron” və “Ekson” şirkətləri yer alıb.

ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini dəstəkləyib. ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiq olduğunu və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəklədiyini dəfələrlə bildirib.

İki ölkə arasında mədəniyyət, təhsil və humanitar sahələrdə əlaqələr genişlənir.

Azərbaycanın ABŞ-da bir çox tədbirlərdə mədəniyyət və musiqisi təqdim edilib. 2002-ci ilin iyunun 26-dan iyulun 7-dək keçirilən 36-cı İpək Yolu festivalında ölkəmiz təmsil olunmuş, Ədalət Nəsibovun başçılıq etdiyi musiqiçilər qrupu konsert proqramları ilə çıxış ediblər.

2012-ci ilin iyul ayında Vaşinqtonda ABŞ-ın ən böyük mədəniyyət festivalı olan iki həftəlik Smitsonian Folklor Festivalında (Smitsonian Folklife Festival) ABŞ ictimaiyyəti ABŞ-da Qarabağ Fondunun tərəfdaşlığı ilə qurulan “Azərbaycan mətbəxi çadırı”na gələrək ləziz yeməklərimizdən dadıblar. Bununla yanaşı, festivalın əyləncə proqramına xüsusi olaraq “Azərbaycan muğam axşamları” əlavə edilib.

2018-ci ilin 22-24 mart tarixlərində Vaşinqtonun “Con Kennedi Mərkəzində” dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında bəstələnmiş opera xalq artisti Alim Qasımovun və Fərqanə Qasımovanın iştirakı ilə ABŞ ictimaiyyətinə təqdim olunub. Operanın səhnə quruluşunda “Mark Morris” məşhur rəqs qrupu iştirak edib. İfalarda məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib. Alim Qasımovun ABŞ-da qastrolları əvvəlki illərdə də təşkil olunub.

2018-ci ilin aprel ayında isə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlər çərçivəsində Vaşinqton şəhərinin ən məşhur turizm mərkəzlərindən olan Tomas Ceferson Memorial, Vaşinqton Abidəsi, Linkoln Memorial və Ağ evin qarşısında valehedici Azərbaycan milli rəqsləri nümayiş etdirilib.

Ölkəmiz ilə ABŞ arasında təhsil sahəsində bir sıra proqramlar və mübadilələr həyata keçirilib. 31 yanvar 2020-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimi keçirilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək ikili diplom proqramı təhsilin idarə olunması üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da magistratura pilləsinə qəbul aparılacaq. Magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması nəzərdə tutulur. İlk mərhələ üçün proqrama 25 tələbə cəlb ediləcək. Tədris Corc Vaşinqton Universitetindən dəvət olunan, eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.

ABŞ dövləti Prezident İlham Əliyevin liderliyi ilə İkinci Qarabağ müharibəsində xalqımızın qazandığı parlaq qələbədən sonra regionda yaranmış yeni reallıqların fərqindədir. ABŞ Prezidentinin təbrik məktubunda qeyd olunur ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsini müsbət qarşılayır və bunun bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir. Hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla, Amerikanın Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməsi Azərbaycan diplomatiyasının böyük uğuru sayıla bilər.

Fikrimizcə, ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubunda qarşıdan gələn illərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə etməsi Ağ evin hazırkı sahibinin Azərbaycan dövlətinə və onun müdrik lideri Prezident İlham Əliyevin prinsipial və ədalətli siyasətinə verdiyi böyük dəyərdir.

Məsaim Abdullayev,

“Xalq qəzeti”