Azərbaycan diplomatları qapı-qapı gəzib... – Araşdırma

azerbaycan-diplomatlari-qapi-qapi-gezib-arasdirma-
Oxunma sayı: 1289

Bu il Azərbaycanın dövlət büdcəsindən 30 milyon manatdan çox vəsait xaricə xərclənib. Özü də bu, hələ bir araşdırma çərçivəsində üzə çıxara bildiyimiz bir rəqəmdir. Azərbaycan vergi ödəyicilərinin cibindən gedən bu məbləğ əcnəbi ölkələrdə tədbirlərin təşkilinə, orda parkların salınmasına, qədim tarixi abidələrin bərpasına sərf olunur.

Rəsmilər belə tədbirlərin Azərbaycan dövlətinin təbliği baxımından çox önəmli olduğunu deyirlər. Əslində hansı əməllər ölkənin təbliğinə işləyir? Ümumiyyətlə, Azərbaycan dünyada necə və nəyə görə tanınır? Azərbaycanın nəyi və neçəyə təbliğ edilir, ölkəmizin adının dünyada tanınmasına dövlət büdcəsindən nə qədər pul xərclənir? Araşdırmada bu suallara cavab tapmağa cəhd etdik.

İlk olaraq, dövlət səviyyəsində xarici piar aparan qurumların – Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin büdcəsindən təbliğata ayrılan məbləği öyrənmək istədik. Rəsmi olaraq sorğu göndərdik, həm də şifahi müraciət etdik. Amma heç bir qurum bununla bağlı rəsmi açıqlama vermədi.

Dövlətin ən açıq və şəffaf sənədi olmalı olan büdcəni dövlət qurumlarından yox, QHT-lərin təşəbbüsü ilə yaradılan “Budget.az” saytından əldə edə bildik. Burada büdcə ilə bağlı rəqəmlərin əksəriyyəti yer alıb. Məlum oldu ki, büdcə xərclərində nazirliklərə ayrılan məbləğlərdə təbliğata aid ayrıca bir təsnifat yoxdur.

Sonra aydınlaşdı ki, xaricdəki tədbirlərə yönələn vəsait ayrıca bir bölmədə - “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində yer alıbmış. Bu bölmədə “Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi”nə dövlət büdcəsindən 2009-cu ildə 8 milyon, 2010-cu ildə 15,4 milyon, bu il isə 22 milyon manat ayrılıb.

MİLYONLAR KİMƏ ÇATIR?


Təəssüf ki, on milyonlarla vəsaitin hansı təşkilatlar arasında bölüşdürülməsi büdcədən görünmür. Bu paylaşma sonradan Nazirlər Kabinetinin (NK) ayrıca sərəncamı ilə aparılır ki, 2011-ci il üçün bu sənədi əldə edə bilmədik.

Lakin araşdırma zamanı NK-nin 2008-ci il üçün müfaviq bölüşməni göstərən sərəncam nüsxəsini əldə etmək mümkün oldu. Bu sənəddən həmin vəsaitin necə bölüşdürülməsi haqqında müəyyən təsəvvür yaranır. 2008-ci il 2 fevral tarixli sərəcamının surətinə əlavə edilən cədvəldən tədbirlərin keçirilməsinə ayrılan 6 milyonluq vəsaitin yarısının necə paylandığı görünür. Məlumata görə, həmin il ən az məbləğ Xocalı soyqırımı ilə bağlı konfransın təşkilinə (15 min manat) və danimarkalı tarixçi Vilhelm Tomsonun türk tarixi ilə bağlı tədqiqatlarına həsr edilmiş elmi konfransa xərclənib (10 min manat). Əvəzində Avropa Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə keçirilən konfranslara 110 min manat, Elm Xadimlərinin Forumuna 400 min manat, xaricdə yaşayn azərbaycanlıların forumuna yenə 400 min manat ayrılıb. Əldə etdiyimiz məlumatlara görə, sonradan bu tədbirlərdən bəziləri baş tutmayıb və məbləğ növbəti ilə keçirilib.

TƏKCƏ TURİZM ROLİKLƏRİNƏ - 3 MİLYON

Əksər dövlətlər kimi Azərbaycanın da piarının bir qismini ölkənin turizm potensialının təbliği təşkil edir. Yəqin Euronews, CNN kanalları ilə nümayiş etdirilən Azərbaycana aid promo reklam çarxlarını çoxunuz görmüsüz. İlk belə rolik 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Adının çəkilməsini istəməyən bir rejissorun sözlərinə görə, rolikin ilk variantı çox pis halda olub və sonradan Rusiyanın NTV şirkəti yeni ssenari ilə rolik çəkməyə razılıq verilib. Mənbənin dediyinə görə, Azərbaycan tərəfi təkcə bu rolikə 300 min dollar pul xərcləyib. Məhz klipin son variantında prezidentin qızları da rol alıblar.

“Budget.az” saytından görünür ki, Mədəniyyət və Turizm Nazirliyinə “xarici populyar TV şirkətləri vasitəsilə turizm imkanlarının təbliği üçün” ötən il 1,47 milyon manat, bu il 1,6 milyon manat ayrılıb. 2012-ci ilin büdcə layihəsində bu məqsədə 4,7 milyon manat xərclənəcəyi nəzərdə tutulub. Yəni, son 2 ildə bu məqsədə 3 milyon manatdan çox vəsait xərclənib. Gələn il isə məbləğin ikiat artırılmasını Eurovision 2012 mahnı müsabiqəsi iilə əlaqələndirirlər.

Bu sahənin bazarında təxmini qiymətləri öyrənmək üçün Rusiyada keyfiyyətli reklam rolikləri hazırlayan bir neçə studiya ilə əlaqə saxladıq. “Bugeomon” studiyasi 30 saniyəlik reklam çarxının azı 10 min dollarlıq büdcəsi olduğunu bildirdi. “Pantera” studiyasının prodüseri Aleksey Barxatov bildirdi ki, reklam rolikinin qiyməti bir çox faktordan asılır: çəkiliş zamanı hansı avadanlıqdan istifadə olunur, hansı aktyor, ya tanınmış şəxs ora dəvət alır, vertolyotla panoramalı çəkiliş sifariş edilirmi? Keyfiyyətli 2.5-3 dəqiqəlik reklam çarxının qiyməti 100-150 min dollar arasında dəyişir. Əgər söhbət daha müasir 3D formatlı məhsuldan gedirsə, onda qiymət 2-3 dəfə arta bilər.

GÜRCÜSTAN CNN-ə 86 MİN DOLLAR VERİB

Azərbaycanın bu roliklərin çəkilməsinə, hansı xarici kanalda nümayişinə nə qədər pul ayrıldığını soruşsaq da, cavab ala billmədik. Amma müqayisə üçün qonşu Gürcüstanda bu işə sərf olunan rəqəmləri nümunə çəkə bilərik. Sirr deyil ki, turistlərin sayına görə Gürcüstan Azərbaycanı üstələyir. Regional Araşdırmaçı Jurnalistlər Məktəbinin üzvü Maqda Memanişvilinin əldə etdiyi məlumatlara görə, 2011-ci ildə Gürcüstan hökuməti “ölkənin turizm potensialı haqqında rolik hazırlamaq və onu CNN ilə nümayiş etdirmək üçün” Ehtiyat Fonddan 86 min dollar ayırıb. Bir qədər artıq məbləğ – 87.500 dollar “Farsi” kanalında rolikin nümayişinə xərclənib. “Batumi for you” reklam çarxının hazırlanması isə Gürcüstan hökumətinə cəmi 59 min dollara başa gəlib.

Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə Gürcüstana 2 milyon, Azərbaycana isə 1 milyon 280 min turist (Statistika Komitəsinin məlumatı) gəlib. Göründüyü kimi, büdcə xərclərinin məqsədləri eyni olsa da, onlara çəkilən xərclər və gəlirlər nisbəti tərs mütənasibdir.

MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ - SİYASİ TƏBLİĞAT MAŞINI?

1 il əvvəl Azərbaycan hökuməti xarici ölkələrdəki səfirliklərinin nəzdində Mədəniyyət Mərkəzləri yaradıb. Adı mədəniyyətlə bağlı olsa da, bu qurumlar əslində siyasi təbliğatla məşğul olurlar. Bu, elə mərkəzlərin əsasnaməsində də açıq-aydın qeyd olunub: mərkəzlər “Azərbaycanın daxili və xarici siyasəti, bundan sonra mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi ilə yaradılır”. (NK 2010-cu il 1 dekabr tarixli 229 nömrəli qərar).

2011-ci ildə bu mərkəzlərin saxlanmasına büdcədən 242 min manat ayrılıb. Bu pullar əsasən əməkdaşların əmək haqları, icarə haqları, ezamiyyə xərclərinə gedir. Təbliğata xərclənən pullar burada göstərilmir.

Artıq Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olub. Dövlət müstəqilliyinin 20 illiyinə təsadüf edən bu tədbirdə Azərbaycan prezidentinin qızı, həmçinin Rusiyada çıxan “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva da iştirak edib.

Ümumiyyətlə, Azərbaycanın təbliğatı üçün prezident ailəsi üzvlərinin xeyli iş gördüyü bəllidir. Elə həmin ərəfədə Azərbaycanın təbliğatına işləyən “Baku” jurnalının ingilisdilli versiyasının ilk nömrəsinin təqdimatı da keçirilib. Jurnal məşhur “Vogue”in naşiri olan “Konde Nast” nəşriyyat evində çap olunur.

Bundan əlavə, Heydər Əliyev Fondu da xarici ölkələrdə bir sıra xeyriyyəçilik işləri görür və bununla Azərbaycanın adını tanıdır. Sentyabrın 29-da Almaniya Tarix Muzeyində Azərbaycan dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Və həmin yığıncaqda Fond adından Berlin qəsrinin divarının bərpasına 50 min avro bağışlanıb. Bundan əvvəl isə Fond Strasburqda bir kilsənin pəncərələrinin bərpasına 40 min avro vermişdi.

“MUZEYLƏRİ TƏMİR ETDİRMƏK YOX, EKSPONAT GÖNDƏRMƏK LAZIMDIR”

“Azərbaycanı ianələrlə yox, daha çox mədəniyyəti, tarixinin təbliğatı ilə tanıtmaq daha effektiv olardı”. 10 ildən artıqdır Danimarkada yaşayan azərbaycanlı Güllü Gahangir belə fikirləşir. Dediyinə görə, ötən il onun təmsil etdiyi təşkilat Azərbaycan səfirliyinin köməyilə Kopenhagen Bələdiyyə Meydanında tədbir təşkil edib: “Milli rəqslərimiz, mahnılarımız, şirniyyatlarımız yerli əhali tərəfindən böyük maraqla qarşılanmışdı. Tək bu tədbirə görə sonradan 4 danimarkalı turist kimi Azərbaycana səfər etmişdi”.

Güllü xanım ötən il Berlindəki Pergamon Muzeyində Nizaminin əsərlərinə aid miniatürlərin “Persian” adı ilə verildiyini müşahidə edib. Orada nə müəllifin, nə də əsərlərin Azərbaycana aid olması haqda heç nə yazılmayıbmış. Bundan əlavə, Ərdəbil və Təbriz xalçaları da İran adı ilə verilib. Onun fikrincə, hansısa qəsrin divarını, pəncərəsini təmir etdirmək əvəzinə muzeylərə Azərbaycan sənətinə aid nümunələr vermək lazımdır: “Xaricdə yaşayan azərbaycanlılar siyasi baxışlarından asılı olmayaraq, bu işdə Azərbaycan hökuməti ilə əməkdaşıq etməyə hazırdır. Mən özüm Azərbaycan mədəniyyətini, tarixini, adət-ənənələrini, həm də Qarabağla bağlı həqiqətləri təbliğ edirəm”.

DİASPORA KOMİTƏSİ TƏBLİĞAT YÖNÜNÜ DƏYİŞİB

Xarici piar sahəsində dövlət siyasəti yürüdən əsas qurumlardan biri Diasporla İş üzrə Dövlət Komitəsidir. Budget.az saytından əldə etdiyimiz məlumata görə, büdcədən bu il komitənin tədbirlərinə 1 milyon 700 min manat ayrılıb ki, bu da əvvəlki illərlə müqayisədə nisbətən az məbləğdir. Elə tək 2007-də təbliğat işinə 2 milyon 250 min manat, 2008-də 2 milyon manat ayrılmışdı.

Komitə əvvəllər əsas diqqəti Azərbaycan-Ermənistan münaqişəsi, 20 yanvar, Xocalı soyqırımları və bu kimi digər olaylar haqda məlumatın yayılmasına yönəldirdi. Lakin sonradan məlumatın növü və yayılma taktikası dəyişdirilib. Komitənin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləmin dediyinə görə, buna səbəb ənənvi informativ tədbirlərin bəzən arzulanan effekti verməməsi olub.

ŞƏRQİN İLK OPERASININ AZƏRBAYCANA AİD OLMASI FAKTI DAHA ÇOX EFFEKT VERİR

“Bu tip tədbirlər Qərb ictimaiyyətinə yorucu təsir bağışlayır, bəzən əks-effekt yaradır. İndi dünya ictimaiyyətinin diqqətini daha çox Azərbaycanın zəngin mədəiyyətinə yönəltməyə çalışırıq. Deyəndə ki, Şərqdə ilk opera Azərbaycanda yazılıb - bu fakt daha çox təsirli olur”.

Əvvəllər komitənin təşkil etdiyi tədbirlərdə daha çox Azərbaycan müəlliflərinin yazdığı nəşrlər təqdim edilirdisə, indi daha çox əcnəbi tarixçilərin işlərinə diqqət verilir: “Bəzən hansısa azərbaycanlı alimin sanballı elmi əsərindənsə, bir məşhur əcnəbi müəllifin bir neçə min işarəlik köşə yazısı daha çox effekt doğurur. Bu cür təşəbbüslər xarici müəlliflərin özlərindən də irəli gəlir”.

Şöbə müdirinin sözlərinə görə, daha bir istiqamət ayrı-ayrı ölkələrin KİV nümayəndələri, QHT təmsilçiləri, nüfuzlu ictimai və siyasi xadimlərinin Azərbaycana səfərlərinin təşkil edilməsidir. Bu cür insanlar hər şeyi öz gözləri ilə gördükdən sonra öz ölkələrində Azərbaycanın təbliğinə işləyən çıxışlar edirlər.

Dövlət Komitəsi xaricdə keçirilən tədbirlərə müxtəlif formada dəstək verir – informasiya, texniki-təşkilati və maliyyə dəstəyi. Elşad Miraləm deyir ki, istənilən ölkədə hansısa tədbir keçirmək mümkündür: “ Əgər bu tədbir KİV tərəfindən işıqlandırılmırsa, deməli ictimaiyyət bundan xəbər tutmur. Ona görə də biz tədbirlərin həmin ölkələrin KİV-də nə dərəcədə yer almasına önəm veririk”.

Diaspora Komitəsi tədbirlərə ayrılan vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir: “Elə diaspor təşkilatları olub ki, bizdən malliyyə dəstəyi almadan da çox güclü işlər görüblər. Məncə, daha çox maliyyə vəsaitini yox, nəticəni müzakirə etmək lazımdır. Nəticələri təhlil edəndə hansı təşkilatın daha çox aktiv olduğu və dəstəyə ehtiyacı olduğu görünür”.

DİASPOR TƏŞKİLATLARI NƏYİ TƏBLİĞ EDİR?

Təşkil edilən tədbirlər müxtəlif məzmunda olur. Məsələn, 3 ildir ki, dünyanın bir çox ölkələrində “Xocalıya Ədalət” (Justice for Khodjaly) beynəlxalq təşviqat kampaniyası çərçivəsində etiraz aksiyaları, elmi-praktik konfranslar, sərgilər təşkil olunur. Xarici ölkələrin orta məktəblərində keçirilən inşa müsabiqələrinin məzmunu adətən Azərbaycanın tarixi və coğrafiyasına aid olur.

Diaspora təşkilatları mərhum prezident Heydər Əliyevin tanıtdırılmasına da mühüm önəm verirlər. Diasporla İş üzrə Dövlət Komitəsinin hesabatında qeyd olunur ki, 2010-cu ildə H.Əliyevin doğum günündə dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən elmi-praktik konfranslar, simpoziumlar, sərgilər təşkil edilib, filmlər nümayiş etdirilib, yubiley mərasimləri keçirilib.

HEYDƏR ƏLİYEV ZANBAĞI ÜÇÜN SƏFİRLİK 5 MİN AVRO ÖDƏYİB

Yeri gəlmişkən, Heydər Əliyevin ad günündə Bakıda keçirilən ənənəvi gül bayramını da Azərbaycanın təbliğinə işləyən tədbirlərdən hesab etmək olar. Çünki bu tədbirə həm diaspor nümayəndələri dəvət alır, həm də dünyanın 80-dən artıq ölkəsindən milyonlarla güllər gətirilir.

2009-cu ildə gül bayramına Hollandiya-Azərbaycan dostluq cəmiyyətinin rəhbəri Marion van der Veqt də gəlmişdi. Özü də əliboş deyildi. O, yerli mətbuata müsahibələrində demişdi ki, öz təşəbbüsü ilə Hollandiyada H.Əliyev adına zanbaq növünü hədiyyə gətirmişdi.

Araşdırma çərçivəsində həmin gülü yetişdirən və qeydiyyata alan təşkilatlarla da əlaqə saxladıq. Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyasının qeydiyyat işləri üzrə nümayəndəsi Saskia Bodeqomun bizə verdiyi cavab məktubundan bəlli olur ki, bu zanbaq növünü 260 avroya qeydiyyatdan keçirdiblər. Yeni gül növü bu ilin iyulunda qeydiyyata alınıb. (Şəkil-qeydiyyat surəti)

Amma zanbağı yetişdirən cəmiyyət başqadır. “Lighthart Bloembollen” cəmiyyətinin rəhbəri Jan Lighthart bizə verdiyi məlumatda bildirib ki, bu növ zanbaq növünün yetişdirilməsi üçün sifarişi Azərbaycan səfirliyindən alıb. Və hüquqi şəxslərin sifarişi olduğundan bu iş üçün 5 min avro pul ödənilib. (Fərdi şəslər 2500 avroya gül sortu sifariş edə bilirlər).

H.Əliyev zanbağı həmin cəmiyyətə məxsus yerdə yetişdirilib. Lighthartın yazdığına görə, hazırda bu gülləri Bakıda mərkəzi parklardan birində əkmək üçün Azərbaycana göndərməyə hazırlaşırlar.

SERBİYADA PARKIN TƏMİRİNƏ 464 MİN AVRO

Ümumiyyətlə, dövlət piarının xüsusi hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. Müxtəlif ölkələrdə Azərbaycanın təşəbbüsü ilə mərhum prezidentin adını daşıyan parklar, mərkəzlər, muzeylər açılır, onun büstləri qoyulur. Ötən il Türkiyənin Kocaeli vilayətində H.Əliyevin adını daşıyan parkın açılışı olub. Bu yaxınlarda Gürcüstanın Rustavi şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluğu ilə belə park açılıb.

Bu yaxınlarda Nazirlər Kabineti Buxarestdə “Tey Parkı - Heydər Əliyev Xiyabanı”nda meriya tərəfindən aparılmış təmir-tikinti işlərinin dəyərinin ödənilməsi üçün Ehtiyat Fonddan 352 min 700 avroluq vəsait ayırıb. Hələ təmir-tikinti işləri bir yana qalsın, həmin parkda video-müşahidə sisteminin quraşdırılması üçün Ehtiyat Fondundan əlavə olaraq 111 min avro da ayrılıb. Deməli, tək bir parkın yalnız təmirinə büdcədən təxminən 464 min avro gedib. Özü də söhbət yeni parkın salınmasından getmir, məbləğ yalnız burdakı təmir işlərinin ödənilməsinə xərclənib.

SƏFİRLİK İŞÇİLƏRİ BU PARKA GÖRƏ QAPI-QAPI GƏZİBLƏR

Xatırladaq ki, məh bu parkın adının dəyişdirilməsi üçün 2006-cı ildə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun işçiləri Buxarestdə qapı-qapı gəzib yerli əhalidən razılıq almışdılar. Həmin vaxt «525-ci qəzet»ə müsahibəsində səfir demişdi ki, Rumıniyadakı parkın adının dəiyşdirilməsi, orada H.Əliyevin büstünün qoyulması üçün Avropa İttifaqının qərargahının razılığını almaq gərək olub. Həm də Rumıniya qanunvericiliyinə görə, qədim Tey parkının adının dəyişdirilməsi o ərazidə yaşayan vətəndaşların 2/3 hissəsinin razılığı ilə həyata keçirilə bilərdi: “Səfirliyin əməkdaşları ərazini məhəllə-məhəllə gəzərək Heydər Əliyevin şəxsiyyəti, tarixi xidmətləri, Azərbaycan-Rumıniya dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı rolunu bir-bir vətəndaşlara çatdırmaqla onların razılığını almağa müvəffəq olduq”.

SERBİYADAKI ABİDƏLƏRƏ – 1 MİLYON 700 MİN AVRO

Əldə etdiyimiz sənədlərdən görünür ki, Azərbaycan hökuməti xaricdə parkların salınması və abadlaşdırılmasına külli miqdarda pul ayırır. Məsələn, NK-nin 19 oktyabr 2011-ci il tarixli sərəncamına əsasən Serbiyanın Belqrad şəhərindəki “Taşmaydan Parkı”nın bərpası və abadlaşdırılması üçün büdcənin Ehtiyat Fondundan 325.300 avro məbləğində vəsaitin manat ekvivalenti ayrılb.

Nədənsə, Azərbaycan hökuməti Serbiyada abadlıq işlərinə xüsusi diqqət yetirir. Belə ki, 19 oktyabr tarixli digər sərəncama görə, Novi Sad şəhərində Müqəddəs Petka kilsəsinin tikintisinin başa çatdırılması üçün yenə Ehtiyat Fondundan 647 min 619 avro ayrılıb. Yenə Belqradda şəhər məscidinin əsaslı təmirinə daha çox - 722 mindən çox pul ayrılıb. Ümumilikdə bu 3 layihəyə 1 milyon 700 min avro vəsait xərclənib.

“EHTİYAT FONDUN VƏSAİTLƏRİNİ İMİCƏ İŞLƏTMƏK OLMAZ”

Ümumiyyətlə, NK-nin müxtəlif dövrlərdə verdiyi sərəncamlardan xarici dövlətlərdə keçirilən təbliğat xarakterli tədbirlərə nə qədər səxavətlə pul xərcləndiyi görünür. Məsələn, Venlo şəhərində (Niderland) “Floriade-2012” Beynəlxalq Sərgisində Azərbaycanın ekspozisiyasının müstəqil pavilyonda təşkili bizə 150 min manata başa gəlib.

“Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları”na görə, burada saxlanılan məbləğ büdcədə nəzərdə tutulmayan xərclər, dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulub. Bu vəsaiti dövlət imicinin yüksəlməsi naminə xaricdə hansısa tədbirə yönəltmək – büdcə vəsaitlərini göyə sovurmaq deməkdir. Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Zöhrab İsmayıl belə deyir. Onun fikrincə, imic ölçülə bilən bir şey deyil: “Hardasa şampan partlatmaqla ölkəni təbliğ etmək şərti, nisbi bir şeydir. Ehtiyat Fondundan ölkənin imicini reklam etmək üçün vəsait ayrıla bilməz. Əgər söhbət konkret məqsəddən, tutaq ki, turizm məqsədilə verilən reklamdan gedirsə, bu, ayrı məsələ. Ancaq dövlət piarı naminə belə tədbirlərə pul xərcləmək olmaz”.

BAKIDA BİR FORUMUN QİYMƏTİ – 2 MİLYON MANAT

Lakin NK-nin sərəncamlarından görünür ki, büdcədən tək xaricdə deyil, Bakıda təşkil olunan beynəlxalq tədbirlərə də külli miqdarda vəsait xərclənir. Bu ilin 10-11 oktyabrında Bakıda “XXI əsr ümid və çağırış” Beynəlxalq Humanitar Forumu üçün Xarici İşlər Nazirliyinə Ehtiat Fonddan 2 milyon manat ayrılıb.

Hər bir ölkə təbliğatının böyük hissəsini idman və mədəniyyətlə əlaqələndirir. Azərbaycan da istisna deyil. NK-nin 21 oktyabr tarixli sərəncamına əsasən, 2020-ci ildə XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı zəruri tədbirlərin yerinə yetirilməsi üçün Gənclər və İdman Nazirliyinə 300 min manat ayrılıb.

“EUROVİSİON”un NƏ QƏDƏR XƏRC APARACAĞI BİLİNMİR

Mədəniyyətə gəlincə, gələn il Azərbaycanda baş tutacaq Eurovision mahnı yarışmasını ən böyük təbliğat hadisəsi hesab etmək olar. İndidən bu müsabiqənin neçəyə başa gələcəyini demək mümkün deyil. Hələlik ekspertlər bu xərclərin 1 milyard manatı keçəcəyini proqnozlaşdırırlar.

AZƏRBAYCAN VƏ PALMA - D&G BUTİKLƏRİNDƏ

İndi Azərbaycan mayka və alt paltarları ilə də reklam olunur. İki il öncə tanınmış D&G brendi «Sunset in Baku. Azerbaijan» sözləri yazılmış geyimləri satışa çıxarıb. Kifayət qədər bahalı olan bu mallar dünyann ən məşhur butiklərində satılır. Bu markalı dəsmalların qiyməti 260 manata, maykalar 90-197 manat, kişi alt paltarları isə 150 manatadır. Amma nədənsə, bəzi məhsulların üstündə «Sunset in Baku. Azerbaijan» sözləri lə yanaşı 1972-ci il tarixi yazılıb. Və ən əsası Azərbaycana qətiyyən aidiyyəti olmayan palma təsvir olunub...

Noyabrın 14-dən etibarən CNN telekanalı Aərbaycan haqqında gündəlik proqramlar verməyə başlayıb. Bir həftə ərzində hər gün kanalın əməkdaşları Azərbaycanda biznes, mədəniyyət və idmana dair reportajlar təqdim edəcəklər. Amma bu cür effektiv təbliğata büdcədən bir qəpik də xərclənməyib.

Fərəh Sabirqızı
p.s. Yazı Regional Araşdırmaçı Jurnalist Məktəbinin layihəsi çərçivəsində hazırlanıb.