“Azərbaycan hakimiyyəti çox mühafizəkar PR növünü seçir” – İlhamə Qasımlı

azerbaycan-hakimiyyeti-cox-muhafizekar-pr-novunu-secir-ilhame-qasimli
Oxunma sayı: 1669






Türkiyədə yaşayan Azərbaycanın tanınmış jurnalisti İlhamə Qasımlının “Qafqazinfo”ya müsahibəsi

- Artıq neçə ildir ki, Türkiyədə yaşayırsınız. Orada aktiv jurnalistika ilə məşğul olursunuz?
- Xeyr, Türkiyəyə gedəndən sonra son dövrlərə qədər jurnalistika ilə məşğul olmadım. Ailə qayğıları, xüsusən də ilk mərhələdə ölkəyə adaptasiya məsələsi vardı. O mərhələni keçəndən sonra da ana oldum, onun da öz qayğıları oldu. Bir qədər rahatlanandan sonra da artıq bir müddətdir ki, fəaliyyətə başlamışam. Amma bu dəfə ştatlı müxbir kimi yox, sərbəst fəaliyyət göstərirəm. BBC radiosunun Azərbaycan bölməsi üçün yazıram, hərdən “Qafqazinfo”da da yazılarım çıxır.

- Uzun müddət jurnalistikada olan biri kimi on il əvvəlki Azərbaycan mətbuatı ilə indiki arasında nə kimi fərqlər görürsünüz?
- O dövrdə hərəkətli, dinamik, maraqlı, daha informativ bir media vardı. İndi isə ölgün bir mediamız var. Bu nəinki media səhifələrində, jurnalistlərin simasında belə hiss olunur. Jurnalistlərdə əvvəki dinamikanı görmürəm. Məsələn, əvvəllər ölkə prezidentinin bir sözü ölkə mediasında bir hadisə yaradırdı. İndi isə prezidentlə ünsiyyət ancaq onun fərmanları, sərəncamları, bir də rəsmi tədbirləri ilə məhdudlaşır. İctimaiyyət prezidentin fəaliyyəti ilə bağlı məlumatı bilavasitə jurnalistin gözü, qələmi ilə deyil, daha çox mətbuat xidməti, yaxud ictimaiyyətlə əlaqələndiriciləri vasitəsilə alır.

- Bu artıq ölkə başçısının cəmiyyətə nə qədər açıq olması ilə bağlıdır. Heydər Əliyev prezidentliyi dövründə insanlarla ünsiyyətə üstünlük verirdi. İndi isə ölkə başçısı ilə yeganə ünsiyyət vasitəsi press-relizlərdir.
- Jurnalistlərin də bayaq qeyd etdiyim kimi qeyri-dinamikliyinə səbəb məhz mühitdir. Sistem elə dəyişib ki, kiçik bir qurum belə, jurnalistlə mətbuat xidməti vasitəsilə əlaqə qurur. Jurnalistlə birbaşa ünsiyyət demək olar ki, yoxdur. Yuxarıdan başlayan bu qayda aşağılara kimi davam edir. Bunun özü xəbərə, jurnalistikaya cansıxıcılıq gətirir.

- Siz müqayisə etməyə başlayanda mən elə düşündüm ki, indiki jurnalistikanın daha operativ, daha aktiv olduğunu deyəsəksiniz. İndi internet saytlar daha çoxdur, qəzetlərlə müqayisədə daha çox oxunur.
- Aktivlik var, lakin mən uzun müddət siyasi müxbir kimi fəaliyyət göstərdiyim üçün deyə bilərəm ki, siyasi mövzulara qoyulan senzura şou-biznes, yüngül xarakterli xəbərlərin ön plana çıxmasına səbəb olur. Artıq oxucular da ciddi xəbərlərin yox, bir qədər yüngül çəkili xəbərlərin ümidinə qalıb, onlara təqdim edilən, sırınanı oxumaq məcburiyyətindədirlər. Jurnalistlər, media rəhbərləri siyasi mövzularda tapmadıqları marağı yüngül xəbərlərə yönləndirirlər ki, oxucu bazarını ələ ala bilsinlər.

- Lakin media rəhbərləri bunu bir qədər başqa cür izah edirlər ki, cəmiyyətin tələbi bu tip xəbərlər olduğu üçün təqdim edilir.
- Ortada ciddi xəbər olmayanda cəmiyyətin başqa seçimi olmur. Məsələn, Türkiyədə baş nazir, prezident elə bir mesajlar verir, kütləyə yönələn jestlər edir ki, bu, baş nazirin, prezidentin xalqla olduğunu göstərir.

- Bu özü həm də piardır.
- Bəli. Azərbaycan hakimiyyəti isə çox mühafizəkar piar növünü seçir. Bu yaxınlarda Türkiyədə mənə evə zəng gəldi. Əvvəl elə bildim canlı danışıqdır, daha sonra səsyazma olduğunu bildim. Hakim AK partiyanın millət vəkili məni baş nazir Ərdoğanın 19 may stadionunda keçiriləcək görüşünə dəvət edirdi. Yəni hakim partiyanın həmin bölgə üzrə olan millət vəkili birbaşa vətəndaşla əlaqə saxlayaraq onu baş nazirin görüşünə dəvət edir. Bizdə belə bir şey yoxdu axı. Televiziya kanallarımızda sovet dövründə xüsusi partiya fəalları vardı, indi də bir qrup aktivistlər dəvət olunur.

- Bir jurnalist kimi necə düşünürüsünüz, hakimiyyətin bu qədər mühafizəkar mövqe tutmasına nə səbəb ola bilər?
- Bu sahədə ekspertlik etmək istəməzdim, bir şeyi deyə bilərəm ki, bu, xalqla hakimiyyəti biri-birindən uzaqlaşdırır. Yəni xalq hakimiyyəti özününki hesab edə bilmir. Konstitusiyamızda da göstərilən xalqın hakimiyyətin mənbəyi olması maddəsi özünü praktikada göstərmir.

- Bəs, Türkiyə mediası ilə Azərbaycan mediası arasında nə kimi fərqlər var?
- Ancaq oxucu kimi tanışam. Türkiyə mediasında ən başlıca fərq emosionallıqdır. Biz indi-indi o üsula keçirik. Orada köşə yazılarından tutmuş xəbərlərə qədər media dili xalqın dilinə yaxınlaşdırılıb. Mehmet Ali Birandın köşə yazısını oxudum bu yaxınlarda və fikir verdim ki, elə yazıb ki, sanki qarşında oturub səninlə söhbət edir. Lakin bizim yazarlar özlərini akademik bilgi sahibi kimi göstərməyə çalışırlar. Bəziləri yazılarına süni akademik ton verirlər, bəziləri isə öz səviyyələrindən çıxış edirlər. Axı jurnalistin auditoriyası ancaq akademik səviyyəlilərdən ibarət deyil . Mən Türkiyədə müşahidə edirəm ki, nə qədər sıravi vətəndaş gününə qəzet oxumaqla başlayır. Baxmayaraq televiziya var, insanlar yenə də qəzet oxuyurlar. Son vaxtlar Azərbaycan dilinin inkişafı ilə bağlı müəyyən tədbirlər görmək istəyirlər, məncə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Bizim qəzetlərin çox protokol dili var.

- Türkiyənin köşə yazarlarını bəyəndiyinizi, daha sadə dildə yazdıqlarını deyirsiniz, bəs bizdə belələri yoxdur? Bizim yazarlardan kimləri oxuyursunuz ?
- Özüm xəbər sahəsində çalışdığım üçün daha çox o sahəni izləyirəm. Məsələn, Zamin Hacının yazılarını oxuyuram, amma daimi izlədiyim yoxdur.

- Türkiyədə sıravi vətəndaş gününə qəzet oxumaqla başlayır deyirsiniz, bəs bizdə niyə belə vərdişlər yoxdur?
- Cəmiyyət inkişaf etdiyi qədər qəzetlər də inkişaf etməlidir. Daha doğrusu, mətbuat cəmiyyətin inkişafının güzgüsü olmalıdır. Qəzet dilini mümkün qədər xalq dilinə yaxınlaşdırmaq lazımdır. Məncə bu da oxucuların itirilməsinə səbəb olan amillərdəndir. Oxucu özünə həmdəm, həmsöhbət ola biləcək media tapa bilmir.

- Uzun illərini jurnalistikaya həsr edən biri kimi Azərbaycanda xüsusən bir qadının jurnalist olmasının çətinlikləri, məhdudiyyətləri var?
- Evli olduqdan sonra Azərbaycanda çalışsaydım, bəlkə nə isə deyə bilərdim. İndi aktiv jurnalistika ilə məşğul deyiləm. Sərbəst şəkildə çalışıram. Evlilikdən öncə isə heç bir şey hiss etmirdim. Əsas odur ki, jurnalist öz sözünün arxasında dura bilsin, sözünün kəsəri olsun, yaxşı informasiya mənbələri olsun. O məsələrdə mənim qadın-kişi ayrı-seçkiliyini heç vaxt hiss etməmişəm.

- Xeyli müddətdir Türkiyədə yaşayırsınız. Jurnalist müşahidənizə dayanaraq bu iki cəmiyyətlərdəki əsas fərqləri nədə görürsünüz?
- Əvvəllər jurnalist kimi Türkiyəyə gələndə əvvəlcədən planlaşdırılan rəsmi görüşlərdə iştirak edirdim, lakin Türkiyənin içərisindən müşahidə edəndə hər şey başqa cür görünür. İlk dəfə Türkiyəyə 1998-ci ildə getmişdim, lakin 2001-ci ildə öz təşəbbüsümlə bu ölkəyə gedəndə gördüm ki, bir əcnəbi jurnalist üçün burada nə qədər çətinliklər var. İndi isə Türkiyəni işgüzar yox, məişət həyatından müşahidə edirəm. O fərqlər təbii ki, görünür. Məsələn, Türkiyədə dövlət idarələrində vətəndaşın rahatlığı düşünülür. Bir dəfə yoldaşımla kimlik almaq üçün onunla birlikdə getdim. Rüsumu ödədikdən sonra heç 1 dəqiqə keçmədi ki, sənədi hazırlayıb yoldaşıma verdilər. Təəccübümü gizlədə bilmədim, çünki bilirəm ki, bizdə bu proses üçün 10 günə qədər vaxt lazım olur. Sonra verdiyim reaksiyaya görə özüm də peşman oldum. Düşündüm ki, deyəcəklər, görəsən bu dağ adamı hardan gəlib. Mən Azərbaycanda anamın və mənim adıma olan sovet dövründən qalan əmanətləri almaq istəyəndə elə düşündüm ki, hər şey Türkiyədə olduğu kimi asanlıqla başa gələcək. Mənə bir ay sonra gələrsiniz dedilər. Bir həftə sonra çıxıb gedirəm, mənim, anamın xaricdə yaşadığını təsdiqləyən sənəd var, deyirəm, heç bir xeyri yoxdur. Sovet dövründən qalan əmanətlərin alınması da sovet texnologiyası ilə həyata keçirilir. Təəssüf ki, həm mediamız, həm də ölkəmiz geridə qalıb.
Yerli mediamızın əməyini kiçiltmək fikrim yoxdur. Belə məhdud şərtlər altında çalışmaq özü böyük qəhrəmanlıqdır. Həmkarlarımızın belə bir şəraitdə inkişafı, stimul ala bilmələri göstərir ki, hələ hər şey ölməyib, ümid var.

- Azərbaycanda Türkiyə ilə müqayisədə hansı müsbət fərqlər var?
- Bilmirəm, AK hakimiyyətdə olduğu üçündür ola bilsin, dinə maraq Türkiyə cəmiyyətində çox güclüdür. Biz bir qədər fərqli mühitdə böyüdüyümüz üçün bu mənə mövhumatçılıq kimi də görünür. Orada Ramazan günlərində gecə orucun bağlandığı vaxtda küçələrdə davullar çalınır. Bəziləri narazılıqla qarşılayır ki, indiki dövrdə zəngli saat olduğu halda buna nə gərək var. Türklər öz ənənələrinə bağlıdırlar. Bizim qaldığımız kiçik bir məhəllədə 8-9 cami var. Əvvəllər mənə mövhumatçılıq kimi gəlirdi bütün bunlar, amma daha sonra alışdım.

Səidə