“Azərbaycan hökuməti İlham Əliyevin dediyi kimi, kifayət qədər zəngindir”

azerbaycan-hokumeti-ilham-eliyevin-dediyi-kimi-kifayet-qeder-zengindir
Oxunma sayı: 764

Qızmar yay aylarına baxmayaraq İctimai Palata fəaliyyətini əvvəlki qaydada davam etdirir. Qurumun rəhbər orqanı olan Koordinasiya Şurası mütəmadi iclaslarını keçirir. Srağagün keçirilən toplantıda müzakirə olunan məsələlər barədə məlumat öyrənmək və bizi maraqlandıran suallara cavab almaq üçün Koordinasiya Şurasına sədrlik edən AXCP lideri Əli Kərimli ilə söhbətləşdik. İlk sualımız da Koordinasiya Şurasının sonuncu toplantısı ilə bağlı oldu.

- İctimai Palatanın Koordinasiya Şurasında Naxçıvandakı vəziyyət müzakirə olundu. Bilirsiniz ki, bir müddət əvvəl “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışına qadağa qoyulmuşdu. Ümumiyyətlə, Naxçıvan xeyli müddətdir ki, Azərbaycanda qeyri-demokratik idarəetmənin laboratoriyasına çevrilib. Bütün ən qeyri-demokratik, qeyri-insani vasitələr orada təcrübədən keçirilib Azərbaycana yayılır. İndi də yeni bir məlumat almışıq. Həddən artıq narahatedici məlumatdır və İctimai Palatanın Koordinasiya Şurasında ciddi müzakirə olundu. Keçmiş siyasi məhbus, AXCP-nin Naxçıvan Muxtar Respublikasında şöbə sədri Yaşar Bağırzadənin qardaşı Zeynal Bağırzadənin tövlələrini uçurublar, həyətyanı torpaq sahəsini şumlayıb darmadağın ediblər və tələb eləyiblər ki, Naxçıvanı tərk eləsin. Yaşar Bağırzadənin özü isə hazırda Bakıdadır və təhdid edilir ki, Naxçıvana qayıtmasın. Bu məsələ ilə bağlı Koordinasiya Şurasında ciddi müzakirə apardıq və qərara gəldik ki, ayrıca etiraz bəyanatı ilə çıxış edək. Koordinasiya Şurası həbsxanada son bir ayda iki inanclı insanın dünyasını dəyişməsi ilə bağlı da müzakirə apardı. Hicab məhbuslarından biri bugünlərdə həbsxanada dünyasını dəyişdi. Həbs olunana qədər sağlam olan, orta yaşlarında olan növbəti bir siyasi məhbus həbsdə dünyasını dəyişdi. Bu vəziyyət İctimai Palatanın ciddi etirazına səbəb olub. Biz bu hadisədən bir gün qabaq həbsxanalardakı vəziyyəti müzakirəyə çıxarmışdıq. Xəstə məhbuslara olan qeyri-insani davranışı müzakirə etmişdik. Bu dinləmələrdən cəmi bir gün sonra növbəti dəfə Azərbaycan həbsxanalarında siyasi məhbus dünyasını dəyişdi. Bütün bunların hamısı, əlbəttə ki, Azərbaycandakı rejimin məsuliyyətini ağırlaşdırır. Biz hakimiyyətdən tələb edirik ki, həbsxanalardakı vəziyyət kardinal dəyişsin, siyasi məhbuslar tezliklə azadlığa çıxsın, siyasi opponentlərin həbsxanada məhv edilməsi praktikasına son qoyulsun. Koordinasiya Şurası, eyni zamanda ordudakı vəziyyəti müzakirə elədi. Təəssüf ki, atəşkəs olmasına baxmayaraq Azərbaycan ordusu itkilər verməkdə davam edir. Biz qərara gəldik ki, ordudakı vəziyyəti daha geniş müzakirə eləyək və bu məqsədlə 23 avqustda İctimai Palatanın növbəti dinləməsini orduda vəziyyətin müzakirəsinə həsr edəcəyik. Koordinasiya Şurası Təbrizdə və ətraf bölgələrdə baş vermiş zəlzələnin nəticələrini müzakirə elədi. Təəssüfləndik ki, İranda elan edilmiş matəm yalnız bir bölgəyə şamil olunub. Şərqi Azərbaycan ostandarlığından kənar ərazilərdə, bütövlükdə İran ərazisində matəm tətbiq olunmayıb. Eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin Təbrizə dəstək üçün başlatdığı kampaniyanı dəstəklədiyimizi bəyan elədik. Belə kampaniyaların millətimizin arasında dayanışma, qarşılıqlı yardımlaşma hisslərini, acını paylaşma hisslərini gücləndirəcəyini düşünürük. Hər kəsi bu kampaniyaya dəstək olmağa çağırdıq.

- Başda siz olmaqla, AXCP-nin üzvləri cənublu soydaşlarımıza dəstək kampaniyasına qoşulub, vəsait köçürdünüz. Yardım kampaniyası ilə bağlı vəziyyəti qənaətbəxş hesab edirsinizmi? İctimai Palata da yardım kampaniyasına qoşulacaqmı?

- Mən əvvəla, Xədicə xanım başda olmaqla, vətəndaş cəmiyyəti təmsilçilərinin bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Bizim yardım etmək fikrimiz var idi. Eşidəndə ki, artıq vətəndaş cəmiyyəti təmsilçiləri belə bir kampaniyanı başladıblar, qərara gəldik ki, kampaniyaya qoşulaq, hərə özü üçün bir kampaniya başlatmasın. Bunu ona görə deyirəm ki, İctimai Palatanın üzvləri və tərəfdarları da artıq başlanmış kampaniyaya dəstək versinlər. Bizim ayrıca xüsusi kampaniya keçirməyimiz düzgün olmaz... İlkin addım kimi kifayət qədər yaxşı nəticədir. İlk üç gün ərzində təqribən 10 min manatdan artıq vəsait toplanıb. Bu, əsasən demokratik düşərgənin insanları tərəfindən toplanmış vəsaitdir. Burada əsas məqsəd məhz nə qədər pulun toplanması deyil. Hərçənd ki, həmin 10 min manatdan artıq vəsait çoxlu sayda ailənin zəruri ərzaqla təmin olunmasını bir müddət təmin edə bilər. Amma şəxsən mənim üçün ən önəmli olan bu kampaniyada bizim bir millət olaraq bir-birimizin acısını paylaşa bilmək qabiliyyətimizin ortaya çıxmasıdır. Ümumiyyətlə, cəmiyyətdə bu tipli həmrəylik, dayanışma, bir-birinə dəstək olma hisslərini gücləndirmək lazımdır. Bu baxımdan əlbəttə ki, kampaniyanın mənəvi tərəfi daha önəmlidir.

- Azərbaycan hökumətinin bu məsələyə reaksiyasını, dəstəyini necə qiymətləndirirsiniz?

- Əvvəla, bir müddət sükut elədilər. Bizim tərəfimizdən mövqe ortaya qoyuldu. Mən ayrıca bəyanatla çıxış edib Fövqəladə Hallar Nazirliyini, Azərbaycan hökumətini cənublu soydaşlarımızı ciddi dəstəyə çağırdım. Baş verən faciənin həm bizim faciəmiz olduğunu, ona görə də Azərbaycan dövlətinin və cəmiyyətinin bütün resurslarının güneyli bacı-qardaşlarımızın xilası üçün istifadə olunmasını tələb etdim. Bir müddətdən sonra ictimai basqını hiss edərək, Azərbaycan hökuməti ilkin yardım karvanını Cənuba göndərdi. Təəssüf ki, xilasedicilərin köməyi mümkün olmadı, bir az gecikmişdilər. İran tərəfi də belə izah eləmişdi ki, artıq xilasetmə prosesi başa çatıb. Lakin mən əmin deyiləm ki, hər şey bu cür deyilən kimidir. Açıq deyirəm, Azərbaycan rəsmiləri də bunu bilsin. Azərbaycan hökuməti İlham Əliyevin dediyi kimi, kifayət qədər zəngindir. Hər şeyə pul xərcləyirlər, dünyanın hər yerində xeyriyyəçilik edə bilirlər, pula ehtiyacı olmayan dövlətlərin gedib muzeylərini təmir elətdirməklə məşğul olurlar. İndi bizim doğmaca soydaşlarımız ağır faciə ilə üzləşiblər, ona görə də hesab edirəm ki, həmin bölgələrin reabilitasiyası proqramında Azərbaycan Respublikası ürəkdən iştirak eləməlidir. Azərbaycan xalqı məmnun olar ki, onsuz da onun dağıdılan sərvətinin müəyyən bir hissəsi də cənublu soydaşlarımızın bəladan qurtarmasına istifadə olunsun. Yəni Azərbaycan hökuməti qonşunun sadəcə elədiyi yardım xarakterli yardımla kifayətlənməli deyil. Azərbaycan dövləti həmin ərazidə köməyə ehtiyacı olan insanların vəziyyətini yaxşılaşdırmaqdan ötrü ciddi vəsait ayırmalı və prosesdə dövlət olaraq yaxından iştirak eləməlidir.

- İctimai Palatanın payız planları nədən ibarətdir? Havalar sərinləşəndən sonra-payız aylarında etiraz aksiyaları keçiriləcəkmi?

- İctimai Palata axırıncı sessiyada prezident seçkisi başlayana qədərki dövr üçün əsas strateji hədəfləri müəyyənləşib. Bir aylıq, iki aylıq yox, bir müddət üçün nəzərdə tutulan strategiyadan söhbət gedir. Burada nələr nəzərdə tutulur? İlk növbədə Azərbaycan müxalifətinin əsas birləşmiş qüvvəsi olaraq İctimai Palatanın özünü gücləndirmək, təşkilatlandırmaq, yeni-yeni insanları bu prosesə qoşmaq. İkincisi, ölkənin bütövlükdə demokratik potensialının, vətəndaş cəmiyyətinin, siyasi partiyaların, mətbuatın daha geniş çevrədə birliyinə, əməkdaşlığına nail olmaq. Üçüncüsü, seçkiqabağı demokratik şərait yaratmaq və bu məqsədlə əvvəlcə cəmiyyətin demokratik kəsiminin konsensusu ilə seçki islahatları paketini hazırlayıb təqdim eləmək və sonra da o seçki islahatları paketinin reallaşması üçün ciddi müzakirəyə başlamaq. Nəhayət, bizim bu mərhələ üçün dördüncü strateji hədəfimiz Azərbaycan xalqının nisbətən daha geniş təbəqələrini öz hüquqları uğrunda mübarizəyə cəlb etməkdir. Bizim bu axırıncı vəzifəmiz həm də əlbəttə ki, Azərbaycan xalqının geniş təbəqələrinin iştirakı ilə güclü hazırlanmış kütləvi etiraz aksiyalarının keçirilməsini də özündə ehtiva edir. Amma hazırda o bizim gündəmimizdə deyil ki, onun vaxtını müəyyənləşdirək. Bunun üçün hələ biz bir müddət işləməli olacağıq.

- Son bir həftədə müxalifət partiyalarının rəhbərləri arasında ard-arda görüşlər oldu. Bu cür görüşlərdən sonra belə ehtimallar irəli sürüldü ki, müxalifətin yeni birliyi yarana bilər. Bu cür görüşlər hansısa birliyin, blokun yaranmasına gətirib çıxara bilərmi?

- Burda, əlbəttə, bir pozitiv tərəfi görmək lazımdır ki, 2013-cü ildəki mühüm siyasi hadisələr ərəfəsində siyasi-ictimai çevrələrdə, siyasi partiyalar arasında birlik fikri çox populyarlaşıb. Hər kəs öz təsəvvür elədiyi şəkildə birliyin əldə olunmasına çalışır. Məncə, bunun özü kifayət qədər əhəmiyyətlidir. Yəni müxtəlif bəhanələrlə, müxtəlif səbəblərlə, hər halda, bu ölkənin siyasi partiya liderləri tez-tez bir arada olurlarsa, bunun özü artıq psixoloji olaraq siyasi qüvvələrin daha ciddi həmrəyliyinə nail olmaq üçün zəmin yaradır. Hələlik hər hansı bir birlik formatının formalaşmasından danışmaq mümkün deyil. Ölkədə oturuşmuş ciddi müxalifət birliyi olaraq İctimai Palata fəaliyyət göstərir. Amma bütövlükdə bu proses, ən müxtəlif formatlarda keçirilən bu görüşlərin hamısı ola bilsin ki, hansısa mərhələdə Azərbaycan müxalifətinin, demokratik qüvvələrinin daha da geniş əməkdaşlığının formalaşması üçün zəmin yarada bilər.

- Müttəfiqiniz Müsavat Partiyasının başqanı İsa Qəmbər qısa müddətli məzuniyyətə çıxıb istirahətə gedib. Siz bu yay istirahətə getmisinizmi və ya gedəcəksinizmi?

- Bildiyiniz kimi, 7 ildir mənim xarici pasportum yoxdur. Ona görə də mən ölkəni tərk eləmək imkanından məhrumam. İstəsəm də gedib xaricdə istirahət eləmək imkanlarım yoxdur. İşlər kifayət qədər dinamik getdiyinə, işlərin sıxlığına görə heç ölkəmizin daxilində də harasa istirahət üçün getməmişəm. Bütün bu illər ərzində demək olar ki, istirahətsiz çalışmışam. Bu il də hər hansı yay istirahət planım yoxdur.

- Avqustun 12-də AXCP-nin Sumqayıt şəhər təşkilatının piketinə Müsavat Partiyasının yerli təşkilatının qatılmaması sonradan müəyyən qarşılıqlı ittihamlarla müşayiət olundu. İki təşkilatın sədrlərinin arasında gərginlik yarandı. Yaranmış vəziyyətə münasibətiniz necədir?

- Mən təəssüfləndim ki, Sumqayıtda AXCP-nin və Müsavat Partiyasının yerli təşkilatlarının sədrlərinin arasında belə bir xoşagəlməz polemika oldu. Mən bunu yanlış və səhv hesab edirəm. Mənim kütləvi aksiyalarla bağlı mövqeyim bundan ibarətdir ki, hər bir siyasi qüvvə zəruri bildiyi məqamlarda tək, zəruri bildiyi məqamlarda digərləri ilə əməkdaşlıq edərək kütləvi etiraz aksiyaları keçirə bilər. Təkbaşına aksiya keçirən qüvvə digərini qınamamalı, ittiham eləməməlidir. Bu halda hesab edirəm ki, əgər AXCP-nin Sumqayıt təşkilatının piket keçirməklə bağlı müstəqil qərarı olubsa, buna görə Müsavatın yerli təşkilatını AXCP-nin yerli təşkilatının sədri qınamamalı idi. Mən bu barədə öz iradımı müvafiq şəxslərə çatdırmışam. Ümid edirəm ki, bir daha olmayacaq. Amma eyni zamanda çox təəssüfləndim ki, Kəmaləddin Vilayətoğlunun iradlarına da sərt, təhqiramiz şəkildə Sumqayıt müsavatçılarının sədri tərəfindən cavab verildi. Ümid edirəm ki, Müsavat Partiyasının rəhbərliyindən də Sumqayıt müsavatçılarının nəzərinə çatdırılacaq ki, belə hallar olmasın. Hər halda, mən öz tərəfimdən Sumqayıt cəbhəçilərinə öz tövsiyələrimi vermişəm. Mən bu şəkildə intriqaların hamısını ziyanlı hesab edirəm. Bütövlükdə ölkə boyu hər kəsə müraciət edirəm ki, partiyalarımızın arasında ixtilaf yaratmağa kim yardım edirsə, o, ziyanlı işlə məşğuldur. O, ilk növbədə partiyasının və ölkəsinin mənafeyinə zərbə vurmuş olur. Bizi hədəfdən yayındıran xırda intriqaların fövqündə olmağı bacarmaq lazımdır. /müsavat.com/