Azərbaycan Qafqazda QS-də təmsil olunan universitet sayına görə liderdir

azerbaycan-qafqazda-qs-de-temsil-olunan-universitet-sayina-gore-liderdir
Oxunma sayı: 1826

Məlum olduğu kimi, iyulun 10-da dünyanın nüfuzlu “QS Quacquarelli Symonds” Agentliyi Avropanın ən yaxşı universitetləri reytinqinin ikinci buraxılışını – Avropa Şurasına üzv ölkələrin ali təhsil müəssisələrini əhatə edən “QS Europe University Rankings 2025” sıralamasını nəşr edib. 

“Qafqazinfo” “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan Avropa regionunun ən nüfuzlu ali təhsil müəssisələrini bir araya gətirən reytinqdə doqquz universitetlə təmsil olunur:

1. Azərbaycan Dövlət İqtisad Universiteti

2. Bakı Dövlət Universiteti

3. Xəzər Universiteti

4. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

5. Sumqayıt Dövlət Universiteti

6. Bakı Mühəndislik Universiteti

7. ADA Universiteti

8. Azərbaycan Texniki Universiteti

9. Azərbaycan Memarlıq və İnşaat Universiteti

Azərbaycanın ali təhsil müəssisələrinin uğur qazandığı kateqoriyalara nəzər salaq:
 
Ötənilikindən daha yaxşı 

QS-in rəsmi məlumatına əsasən, Azərbaycanın yeddi universiteti builki sıralamada ötənilki mövqeyini yaxşılaşdırıb və bir universitet (Sumqayıt Dövlət Universiteti) isə reytinqdə debüt edib. Ölkənin aparıcı ali təhsil müəssisələri “akademik reputasiya” və “işəgötürənlər arasında reputasiya” üzrə göstəriciləri artıra biliblər: indikatorlara görə, istisnasız olaraq, bütün Azərbaycan universitetləri nəticələrini yaxşılaşdırıb.

Akademik reputasiya

Azərbaycanın iki universiteti “Akademik reputasiya” üzrə Avropanın ən yaxşı 200 ali məktəbinin sırasındadır: Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC).
 
Müəllim-tələbə nisbəti

Azərbaycanın ali məktəbləri “Müəllim-tələbə nisbəti” ilə ən inandırıcı nəticələr nümayiş etdiriblər ki, bu da təhsil mühitinin yüksək keyfiyyətini və tədris və təlim üçün lazım olan resursların mövcudluğunu göstərir. Bu göstərici üzrə Azərbaycanın iki universiteti Avropanın ən yaxşı 100 universiteti sırasındadır: Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti.

Məzun nailiyyətləri

Azərbaycan universitetlərinin daha bir rəqabət üstünlüyü onların məzunlarının əmək qabiliyyətliliyidir. Ölkəmizin üç universiteti “Məzun nailiyyətləri” üzrə Avropanın ən yaxşı 200 universiteti sırasındadır, onların arasında ən yüksək yeri Bakı Dövlət Universiteti tutur.

İşəgötürənlər arasında reputasiya

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “İşəgötürənlər arasında reputasiya”ya görə liderdir. UNEC bu kateqoriyada həm də Avropanın 150 ən yaxşı universiteti sırasına yüksəlib.

Beynəlxalq elmi əməkdaşlıqlar indeksi

“Beynəlxalq elmi əməkdaşlıqlar indeksi” üzrə Bakı Dövlət Universiteti reytinqə daxil olan Azərbaycan universitetləri arasında ən yüksək pilləni tutur.

Məqalə üzrə istinad sayı

Xəzər Universiteti “Məqalə üzrə istinad sayı” üzrə Avropanın ən yaxşı 20 ali təhsil müəssisəsi sırasında yer alıb. Bu da reytinqə daxil olan bir qrup Azərbaycan ali təhsil müəssisəsi üçün sözügedən kriteriya üzrə orta göstəricinin artırılmasına imkan verir.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması

Ötən ilin göstəricilərində nəzərəçarpacaq dərəcədə yaxşılaşmanın əldə olunduğu göstəricilərdən biri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) reytinqdə iştirak edən Azərbaycan ali məktəbləri arasında ən yüksək mövqe tutduğu "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması" olub.

Əla nəticələr

QS-nin baş vitse-prezidenti Ben Sauter ali təhsil müəssisələrimizin uğurunu belə şərh edir: “Azərbaycanın ali təhsili inkişaf trayektoriyasını davam etdirir ki, bu da Avropa reytinqində iştirak edən bütün Azərbaycan universitetlərinin mövqeyinin yaxşılaşması ilə sübut olunur. Ölkənin universitetləri hər iki reputasiya göstəricisində – həm akademik, həm də işəgötürənlər arasında reputasiyada əla nəticələrlə yadda qalıb”.

Azərbaycan Qafqaz regionu üzrə QS-də təmsil olunan universitet sayına görə liderdir

QS-nin regional direktoru Sergey Xristolyubov əlavə edir: "Avropanın ən yaxşı universitetləri reytinqində (QS Europe University Rankings) Azərbaycan universitetlərinin sayı növbəti rekorda çatıb. Ölkənin doqquz aparıcı ali təhsil müəssisəsi Avropanın ən yaxşıları arasındadır. Üstəlik, Azərbaycanın yeni Avropa reytinqində Qafqaz regionunun digər iki ölkəsinin birlikdə universitet sayından daha çox ali təhsil müəssisəsi var ki, bu da ölkənin ali təhsil sahəsində rəqabət qabiliyyətinin Avropada və onun hüdudlarından kənarda artdığını göstərir. Qeyd etmək vacibdir ki, reytinqdə iştirak edən doqquz Azərbaycan ali məktəbindən yeddisi öz mövqelərini yaxşılaşdırmağa çalışır və ölkənin daha bir ali məktəbi “QS Europe University Rankings” də ilk dəfə iştirak edir".

Avropanın ən keyfiyyətli universitetləri

Qeyd edək ki, builki “QS World University Rankings: Europe 2025” sıralaması çərçivəsində Avropanın 42 ölkəsindən 684 universitet müvafiq meyarlara cavab verib, onlardan 258-i isə irəliləyiş göstərib.

Reytinqə ETH Sürix ali təhsil müəssisəsi başçılıq edir. Sonrakı 2 yerdə Böyük Britaniyanın London İmperial Kolleci və Oksford Universiteti qərarlaşıb. Ümumiyyətlə, reytinqin ilk onluğunda aşağıdakı ali təhsil müəssisələri yer alıb: 

1. ETH Sürix – Federal Texnologiya İnstitutu (İsveçrə), 2. Imperial College London (Böyük Britaniya), 

3. Oksford Universiteti (Böyük Britaniya), 

4. Kembric Universiteti (Böyük Britaniya), 

5. London Universitet Kolleci ( Böyük Britaniya), 

6. Edinburq Universiteti (Böyük Britaniya), 

7. Mançester Universiteti (Böyük Britaniya), 

8. King's College London (Böyük Britaniya),

9. PSL Universiteti (Fransa), 

10. EPFL (İsveçrə). 

Universitetlər 12 performans göstəricisindən istifadə edilərək qiymətləndirilib. Bunlardan bəziləri QS 2025 dünya universitetlərinin ümumi sıralamasında istifadə edilən kriteriyalardan fərqlidir. Bu yanaşma bölgə çərçivəsində universitetlərin birbaşa müqayisəsinə  imkan verir, institusional müqayisəli təhlil üçün göstəricilərin daha ətraflı təsvirinə və beləliklə, tələbələrə ən keyfiyyətli universitetləri müəyyənləşdirməyə kömək edir. Reytinq qlobal təhsil məkanında tanınma, tədqiqat nəticələri, tədris resursları, beynəlmiləlləşmə, məzunların işlə təminatı və digər göstəriciləri özündə birləşdirir.