Azərbaycanda bəzi şirkətlər məsuliyyətdən xəbərsizdir - Araşdırma

azerbaycanda-bezi-sirketler-mesuliyyetden-xebersizdir-arasdirma
Oxunma sayı: 1368

Korporativ Sosial Məsuliyyət (KSM) şirkətlərin maraqlı tərəflərlə qarşılıqlı əlaqədə həyata keçirdiyi, qeyri-maliyyə risklərinin aşağı salınmasına, kompaniyanın reytinqinin və işgüzar nüfuzunun, həmçinin rəqabət qabiliyyətinin, kapitallaşma dərəcəsinin artırılmasına, bir sözlə, davamlı inkişafına yönələn iqtisadi, ekoloji və sosial tədbirlərin ardıcıl sistemidir. Menecerlər üçün sosial məsuliyyət yeni qərarların qəbulunda geniş imkanlar əldə etməklə yanaşı, müxtəlif departamentlər arasında üfüqi inteqrasiya əlaqəsi də yaradır. O cümlədən biznes proseslərinin qeyri-ənənəvi təhlil potensialı aşkarlanır. Rəqibi qabaqlamaq imkanları yaranır. Sosioloji tədqiqatlar göstərir ki, Böyük Britaniyada korporativ sosial məsuliyyət məhdudlaşdırılan inkişaf sahələrindən biri sayılırdı. Ancaq son dövrlərdə sözügedən fəaliyyətin əlamətlərinin inkişaf predmetləri hiss edilir. Bu inkişafa şirkətlərlə həmkarlar ittifaqlarının birgə əməkdaşlığı sayəsində nail olunub.

Müasir dünya kəskin sosial problemlər şəraitində yaşayır. Bu problemlərin həlli isə iqtisadi və siyasi həyatın hər bir iştirakçısının - hakimiyyət orqanları və biznes strukturlarının, siyasi partiyalar və həmkarlar ittifaqlarının, mədəniyyət, elm, təhsil, idman xadimlərinin, kütləvi informasiya vasitələrinin və həmçinin, əhalinin öz sosial məsuliyyətini nə dərəcədə dərk etməsindən asılıdır. Təsadüfi deyil ki, 1999-cu ildə Davosda keçirilən beynəlxalq iqtisadi forumda BMT-nin Baş katibi Kofi Annan ictimai münasibətlər sahəsində qlobal müqavilə ideyasını irəli sürüb. Həmin ideyaya görə, sosial bərabərliyin əldə edilməsi və ətraf mühitin qorunması naminə biznes qurumları, həmkarlar ittifaqları, hökumət və qeyri-hökumət təşkilatları əməkdaşlıq edə bilərlər.
Biznesin – məhsul və xidmətlərin hazırlanması və çatdırılması ilə məşğul olan müəssisə və təşkilatların - sosial məsuliyyəti isə xüsusi əhəmiyyətə malikdir. Çünki onlar sosial problemlərin həlli üçün mühüm olan maddi və maliyyə resurslarına malikdirlər. Belə bir işdə özlərinin əsas rollarının nədən ibarət olduğunun biznes qurumlarının rəhbərləri tərəfindən dərk edilməsi 20-ci əsrin sonlarında “Korporativ Sosial Məsuliyyət” anlayışının meydana gəlməsinə səbəb olub ki, bu da təkcə biznesin deyil, eləcə də, bütünlükdə bəşəriyyətin inkişafına əsaslı yardım göstərə bilər.

Korporativ Sosial Məsuliyyət dedikdə, ilk növbədə, biznes qurumunun könüllü sosial investisiya qoyuluşlarına hazırlığı nəzərdə tutulur. Yəni, sosial proqramların həyata keçirilməsi üçün maliyyə, maddi, texniki, idarəçilik və s. resursların qoyuluşu anlaşılır.

Beləliklə, Korporativ Sosial Məsuliyyət bir tərəfdən davranış fəlsəfəsi kimi, digər tərəfdən isə insanlara, cəmiyyətə və ətraf mühitə qayğı kimi çıxış edir. Buraya şirkətin öz proqramlarının, yerli və mərkəzi dövlət orqanları ilə əməkdaşlıq proqramlarının, qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq proqramlarının, ətraf mühitin qorunması və iqtisadi resursların qənaətlə işlədilməsi proqramlarının, ictimai təşkilatlar və həmkarlar birlikləri ilə əməkdaşlıq proqramlarının, KIV-lə informasiya əməkdaşlığı proqramlarının həyata keçirilməsi kimi fəaliyyətlər daxildir.

Bütün bu fəaliyyətlərin həyata keçirilməsi isə həm cəmiyyət üçün, həm şirkətlərin əməkdaşları üçün, həm də şirkətin özü üçün böyük fayda gətirir. Bu, həm biznes qurumunun cəmiyyət və dövlət qarşısında fəaliyyətinin açıq olduğunu sərgiləyir, həm də dolayısı ilə onun göstərdiyi xidmət, yaxud istehsal etdiyi məhsulun reklamı deməkdir.

Qərbdə KSM-in yaranması

Qərb ölkələrinin biznes qurumlarının sosial məsuliyyətli təşəbbüslərinin qədim tarixi və oturuşmuş ənənələri var. Avropada korporativ fəaliyyət milli və ümumavropa normaları, qanunları və standartları ilə tənzimlənir. Bu ölkələrdə dövlət, əslində, qəbul olunmuş davranış normalarının icrasını təmin eləyən təsisat kimi nəzərdən keçirilir. Buna görə də əksər Avropa ölkələrində müəssisələrin qanunvericilik tərəfindən müəyyənləşdirilmiş səhiyyə sığortası, pensiya təminatı, təbiətin qorunması kimi öhdəlikləri var. Bu fəaliyyətləri geniş yayılmasına Avropa sosial-demokratiyasının fəal rolu və nüfuzu da təsir göstərib. Maraqlıdır ki, Amerika Birləşmiş Ştatlarında dövlətin biznes qurumlarının fəaliyyətinə oxşar müdaxiləsi sahibkarlıq azadlığının pozulması kimi qiymətləndirilir. Nəticədə isə ictimai münasibətlərin bir çox sahələri, o cümlədən, işçi ilə işəgötürən arasındakı əmək münasibətləri, tibbi sığortanın könüllülüyü kimi sahələr hələ də özünü tənzimləmə səviyyəsindədir. Eyni zamanda, ABŞ-da korporativ fondlar vasitəsilə biznes strukturlarının cəmiyyətə sosial yardımlarda iştirakını təmin edən, müxtəlif sosial problemlərin həllinə yönələn çoxsaylı mexanizmlər mövcuddur. Məsuliyyətli sosial davranış və xeyriyyəçilik qanunvericilikdə öz əksini tapmış müvafiq vergi güzəştləri ilə həvəsləndirilir.

Azərbaycanda KSM necə yarandı?

Azərbaycanda da sosial məsuliyyətin yaranma tarixi təxmini olaraq 19-cu əsrin sonlarına, ölkədə neft biznesinin formalaşması dövrünə təsadüf edir. Həmin dövrün milyonçuları olmuş Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi sahibkarlar məktəb və xəstəxanaların, teatr və mədəniyyət ocaqlarının açılmasına hər cür yardım etmiş, əhalinin maariflənməsi, uşaqların təhsili, asudə vaxtın təşkili, mədəni səviyyənin yüksəlməsi, incəsənətin və s. sahələrin inkişafı üçün əllərindən gələni ediblər. Müasir Azərbaycanda da bu kimi ənənələr qorunmaqdadır. Düzdür, Azərbaycan müstəqilik əldə etdikdən sonra ortaya çıxan iqtisadi problemlər sosial məsuliyyət kimi anlayışları ikinci plana salsa da, XX əsrin sonlarında formalaşan yeni iqtisadi həyat şirkətlər arasında KSM-in yenidən gündəmə gəlməsinə təkan verdi. KSM-in ilkin əlamətlərini bəzi şirkətlərdə, xüsusilə də ölkədə yeni biznes növü sayılan mobil rabitə operatorlarının fəaliyyətlərində müşahidə etdik. Bu sahənin aparıcı şirkəti olan Azercell isə KSM sahəsində liderliyi heç bir rəqib şirkətə verməmək üçün daim yeni-yeni layihələr düşünüb reallaşdırır. Şirkətin Uşaq Qaynar Xətti, Mobil Diş, Mobil Göz klinikaları kimi layihələri də Azərbaycan KSM-i üçün ilk və eyni zamanda maraqlı işlərdən oldu. Qeyd edək ki, fəaliyyətdə olduğu 14 il ərzində Azercell Telekom ölkəmizdə sosial layihələrin icrasına təxminən 14,7 milyon ABŞ dolları xərcləyib.

Artıq sosial məsuliyyət bəzi şirkətlər arasında da ənənəyə çevrilməyə başlayıb. Belə ki, ölkənin tanınmış şirkətlərində KSM üzrə mütəxəssislər fəaliyyət göstərirlər. Banklar isə KSM-i müştəri məmnunluğu üçün əsas amil hesab edirlər.

"Akkord" Şirkəti sosial məsuliyyət anlayışını öz işçi heyətinin iş və həyat şəraitini yaxşılaşdırmaq, imkanlarından istifadə etməklə fəaliyyət göstərdiyi cəmiyyətə fayda vermək və iqtisadi inkişafı təşviq etmək öhdəliklərində görür. Şirkətin KSM siyasəti bunlardır: İşçi Heyəti, Müştərilər, Sağlamlıq və Təhlükəsizlik, Ətraf Mühit və Etik Kodeks.

“Azərsun Holdinq” də bir çox sosial layihələri ilə yadda qalıb. Şirkətin visionunda da sosial və ekoloji məsələlərdə məsuliyyətli bir qurum olmaq qeyd olunub. Azersun ilk dəfə təsis olunan “Milli Kitab Mükafatı”nı dəstəkləyib, “Bura Vətəndir” aksiyasına start verib, "Azersun Holding" körpələrlə adlı və başqa layihələrini gerçəkləşdirib.


KSM üzrə konsaltinq xidmətləri də təklif olunur

Dünyada və Azərbaycanda KSM-in inkişaf tempini və gələcək perspektivini, Azərbaycanda yeni növ fəaliyyət olmasını və bu sahədəki məlumat azlığını nəzərə alaraq ASR Konsaltinq və Araşdırma Qurupu ölkədə ilk dəfə olaraq yerli şirkətlər üçün KSM üzrə konsaltinq xidmətləri təklif edib. Şirkət sosial məsuliyyət prinsiplərinin şirkətin real işinə tətbiqi; şirkətin mövcud potensialına uyğun KSM üzrə səmərəli fəaliyyətlərin müəyyənləşdirilməsi və fəaliyyət strategiyasının hazırlanması; KSM üzrə mövcud fəaliyyətlərin qiymətləndirilməsi və auditin aparılması; KSM-in tətbiqi üzrə məsləhətlərin verilməsi; KSM üzrə hesabatın hazırlanması; Təchizatçılarla əlaqələrin qiymətləndirilməsi; KSM üzrə şirkət işçilərinə təlimlərin keçirilməsi; SA 8000 standartının tədbiqi üzrə məsləhət xidmətlərinin göstərilməsi; Yeni hazırlanan ISO 26000 Sosial Məsuliyyət standartının tədqiqi kimi xidmətlər təklif edir.

QHT-lər nə deyir?

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) “Korporativ sosial məsuliyyətə dair fəaliyyətin ölçülməsi və hesabatlığı” mövzusunda keçirdiyi layihənin nəticəsi göstərib ki, Azərbaycanda korporativ sosial məsuliyyət sahəsində mövcud vəziyyət ürəkaçan deyil. Ölkədə korporativ sosial məsuliyyətlə bağlı fəaliyyətin tənzimlənməsi istiqamətində normativ hüquqi baza zəifdir. Şirkətlər yalnız özlərinin şirkətdaxili normativ aktlarına uyğun fəaliyyət göstərir. Azərbaycanda KSM sahəsində normativ hüquqi baza zəifdir.

KSM Milli Məclisdə

Milli Məclisin bu ilin fevralın 11-də keçirilən iclasında Azərbaycanda Korporativ Sosial Mövzusunda müzakirələr aparılıb. İclasda çıxış edən millət vəkili Gülər Əhmədova bu gün ölkəmizdə özəl şirkətlər qarşısında korporativ sosial məsuliyyət məsələsini qaldırmağı tövsiyə edib.

Nigar Məmmədli