“Azərbaycanın bu siyahıda yer alması təsadüfi xarakter daşımır”

azerbaycanin-bu-siyahida-yer-almasi-tesadufi-xarakter-dasimir
Oxunma sayı: 651

Ənənəvi anlamda sağlam həyat tərzinin təşviqi kimi qavranılan idman çağdaş dövrümüzdə həm də dövlət siyasətinin, beynəlxalq nüfuzun və strateji inkişafın mühüm tərkib hissəsinə çevrilib. Azərbaycanda idman və turizm sahələri uzunmüddətli dövlət strategiyasının prioritet istiqamətləri kimi müəyyən edilib, gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsi məqsədilə daimi diqqət mərkəzində saxlanılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada idman ölkəsi kimi tanınır. Paytaxt və regionlarda yaradılan müasir idman infrastrukturu, eləcə də uğurlu təşkilatçılıq beynəlxalq idman arenalarında davamlı uğurların əsasına çevrilir. Milli Olimpiya Komitəsinin Prezidenti kimi dövlət başçısının idmana göstərdiyi diqqət və qayğı qazanılan nailiyyətlərdə, rekord sayda medallarda, habelə ölkəmizin mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsində aydın şəkildə öz əksini tapır.

Qış idman növləri üzrə Dünya Kuboku kimi nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edən ölkələrin sayının məhdud olması fonunda Azərbaycanın bu siyahıda yer alması təsadüfi xarakter daşımır. Bu, ardıcıl dövlət siyasətinin, məqsədyönlü investisiyaların və peşəkar idarəetmənin nəticəsidir. Şahdağ Turizm Xizək Mərkəzi bu strategiyanın uğurlu və nümunəvi təcəssümüdür. Burada hər il yeni trasların və xizək zolaqlarının istifadəyə verilməsi, yaxın perspektivdə onların ümumi uzunluğunun 50-55 kilometrə çatdırılması planları Azərbaycanın qış turizmi sahəsində regional liderliyini daha da möhkəmləndirir.

Şahdağ Xizək Mərkəzi artıq yalnız idman obyekti deyil, eyni zamanda geniş iqtisadi və sosial ekosistem kimi çıxış edir. Müasir infrastruktur, hotellər və xidmət obyektləri özəl sektorun artan marağı ilə müşayiət olunur. Nəticədə minlərlə yeni iş yeri yaradılır, ətrafda yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı sürətlənir, yerli əhali turizm sektoruna fəal şəkildə cəlb edilir. Bu yanaşma regionların müstəqil inkişafını təmin edən və ölkənin ümumi tərəqqisinə xidmət edən uğurlu dövlət modelinin göstəricisidir.

Azərbaycanın idman və turizm üstünlükləri onun zəngin coğrafi mövqeyi və iqlim müxtəlifliyi ilə tamamlanır. Ölkəmiz eyni zamanda dəniz, dağ və qış turizmi imkanlarına malik olan nadir məkanlardandır. Bu potensial güclü nəqliyyat və logistika infrastrukturu ilə dəstəklənir. Yenilənmiş avtomobil və dəmir yolları, şəhərlərarası əlaqələrin müasirləşdirilməsi, 9 beynəlxalq hava limanının fəaliyyəti Azərbaycanın regional və qlobal bağlantılarını əhəmiyyətli dərəcədə gücləndirir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin idman və turizm potensialını kifayət qədər gücləndirir. Keçən il ərzində Köndələnçay və Suqovuşan su anbarlarında keçirilən yarışlar bu torpaqların idman həyatına qayıtdığını nümayiş etdirir. Gələcəkdə Sərsəng su anbarında avarçəkmə yarışlarının təşkili də regionun beynəlxalq idman arenasında tanıdılmasına xidmət edəcək.

Beynəlxalq arenada himnimizi səsləndirən, üçrəngli bayrağımızı dalğalandıran və ölkəmizi ləyaqətlə təmsil edən gənc idmançılarımızın nailiyyətləri dövlət tərəfindən daim yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bu uğurları xüsusi vurğulayaraq qeyd edib: “İdmançılarımızın uğurlu çıxışları bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”.

Dövlət başçısı idmançılarımızın yalnız qələbələri ilə deyil, eyni zamanda yarışlardakı mövqeyi, davranışı və məsuliyyətli çıxışları ilə gənclik üçün əsl nümunə olduqlarını diqqətə çatdırıb.

Bütün bu nailiyyətlərin məntiqi nəticəsi kimi Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü idman siyasətinə beynəlxalq səviyyədə verilən yüksək qiymətin ifadəsidir. Dövlət başçısının vurğuladığı kimi, bu, bizim üçün böyük şərəfdir və eyni zamanda Azərbaycanda idman sahəsində görülən işlərə verilən qiymətdir. Bu status ölkəmizin üzərinə əlavə məsuliyyət qoysa da, formalaşdırılmış güclü infrastruktur, zəngin təşkilati təcrübə və artan beynəlxalq etimad Azərbaycanın bu adı ləyaqətlə daşımağa tam qadir olduğunu nümayiş etdirir.

İdmançıların və idman mütəxəssislərinin dövlət tərəfindən mükafatlandırılması isə bu sahədə əldə olunan uğurlara verilən yüksək dəyərin, ədalət və təşviq prinsiplərinə əsaslanan siyasətin bariz göstəricisidir. Bu yanaşma sağlam rəqabəti gücləndirir, yeni qələbələrə stimul yaradır və idmanın davamlı inkişafını təmin edir.

Azərbaycan idman və turizm sahəsində yalnız bugünkü nailiyyətlərlə kifayətlənməyən, gələcəyə hesablanmış strateji baxışa malik dövlətdir. Qarşıda duran əsas vəzifə bu inkişaf xəttini ardıcıl şəkildə davam etdirmək, mövcud potensialdan maksimum səmərəli istifadə etməklə ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirməkdir.

Milli Məclisin deputatı Cavanşir Feyziyev