Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğində Azərbaycan diasporunun artan rolu

azerbaycanin-zengin-tarixi-medeni-irsinin-tebliginde-azerbaycan-diasporunun-artan-rolu
Oxunma sayı: 2866

Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür.

Bu gün Azərbaycanın əsas prioritetlərindən biri tarixi-mədəni irsimizin təbliği ilə dünya birliyinə inteqrasiya etməsidir. Əlamətdar haldır ki, hazırda bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir.

Fəaliyyətdə olduğu müddətdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə də diaspor təşkilatları tərəfindən mədəni irsin təbliği sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bu gün dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarımızın təşəbbüsü ilə “Azərbaycan evi” açılıb. Burada əsas məqsəd Azərbaycan mədəniyyətinin və tarixinin mərkəzləşdirilmiş şəkildə təbliğinə nail olmaqdan ibarətdir. “Azərbaycan Evi”ndə xalqımızın mədəni irsi, tarixi ənənələri, ictimai-siyasi və mədəni həyatı ilə bağlı kitablar klassik ədəbiyyatımızın ən sanballı nümunələri, qiymətli incəsənət əsərləri və digər eksponatlar nümayiş etdirilir.

Bundan başqa, Azərbaycan mədəniyyətini dünyanın müxtəlif ölkələrində təbliğ etmək məqsədilə icma və birliklərin dəstəyi ilə dəfələrlə mədəniyyət və incəsənət ustalarının konsert proqramları təşkil olunur.

Qeyd edək ki, Azərbaycan diasporu məşhur, dahi şəxslərimizin tanıdılması istiqamətində də müxtəlif tədbirlər həyata keçirir. Azərbaycan icmalarının fəal dəstəyi və təşəbbüskarlığı nəticəsində Moskvada tanınmış alim Kərim Kərimovun, maestro Niyazinin, görkəmli bəstəkar Fikrət Əmirovun yubileyləri qeyd edilib, İsveçdə “Füzuli festivalı” keçirilib. Çeboksarı şəhərində dahi şairimiz Nizami Gəncəvinin abidəsinin açılışı, Kişinyovda “Nizami” parkının salınması bu tədbirlər sırasındadır. Nyu-Yorkda Amerika Təbii Tarix Muzeyində Azərbaycan ekspozisiyasının açılması ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumatların bütün dünya ictimaiyyətinə çatdırılmasında mühüm addımdır. Bu faktlar diasporumuzun Azərbaycan mədəniyyətinin və tarixinin dünyada tanıdılmasında mühüm rol oynadığını təsdiqləyir.

Berlində Beynəlxalq Ana dili Gününə həsr olunmuş tədbir, Tallində “Azərbaycanı necə tanıyırıq” adlı müsabiqələr təşkil olunub.
Bundan başqa müxtəlif ensiklopediyalar və alman ədəbiyyatı antologiyası, eləcə də klassik ədəbiyyatı nümunələri təkcə Azərbaycan dilində deyil, həmçinin digər dillərdə tərcümə olunub.
Ötən il YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin sonuncu sessiyasında qədim Alban daş abidələri və Azərbaycan xalçalarının erməni mədəniyyət nümunələri kimi təqdim olunması cəhdinin qarşısını almaq məqsədilə Almaniya və İsveçdə fəaliyyət göstərən bir sıra təşkilatlar tərəfindən YUNESKO-ya etiraz məktubu göndərilib. Dərbənd şəhərində Diasporla İş üzrə Dövlət Komitəsi və Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin birgə təşkilatçılığı ilə “Oğuz eposu, Kitabi-Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktik konfrans keçirilib. Məruzələrdə Dədə Qorqudun Dərbənd şəhərində yaşaması, məzarının Dərbənddə yerləşməsi haqqında məlumatlar verilib.

Ötən ilin martında TÜRKSOY Beynəlxalq Türk Mədəniyyət Təşkilatı və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə BMT-nin baş salonunda 1200 tamaşaçının iştirakı ilə böyük konsert proqramı təşkil edilib.

Azərbaycan diasporunin rolu nəticəsində dəfələrlə dünyanın bütün ölkələrində milli bayramımız olan Novruza həsr olunmuş tədbirlər keçirilib. Novruz bayramının Azərbaycanla tarixi bağlantısı və onun qeyd edilməsinə dair informasiyalar verilib. Belə tədbirlərdə iştirakçılara Azərbaycan musiqisi və milli mətbəximizin nümunələri təqdim olunub.

Məlumat üçün deyək ki, təkcə 2011-ci ildə ABŞ, Almaniya, İsveç, İsveçrə, Belçika, Niderland və Rusiyada böyük tədbirlər keçirilib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Diaspor Komitəsi Azərbaycanın turizm imkanları ilə bağlı Gürcüstan, Almaniya, ABŞ, Niderland, Qazaxıstan və Türkiyədə müxtəlif layihələr reallaşdırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da hər zaman qeyd edir ki, Azərbaycan xalqının mədəni irsinin təbliği diaspor təşkilatlarının qarşısına vəzifə kimi qoyulub: “Bu istiqamətdə dövlət qurumlarının, eyni zamanda Diaspor Komitəsinin təklif və layihələri olur. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin bır çox uğurlu layihələri diasporumuzun iştirakı ilə həyata keçirilib. Dünya ölkələrində yaşayan azsaylı xalqların beynəlxalq festivalları keçirilir ki, Diaspor Komitəsi də o festivalların qrafikini diqqətdə saxlayır və həmin festivallarda hökmən azərbaycanlı icmasının da iştirakını təmin etməyə çalışır. Bu təşkilatlara maddi dəstək verilir və lazımi vəsaitlərlə təmin edilir. 21 mart BMT tərəfindən Beynəlxalq Novruz Günü elan olunub və YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Bu tədbirlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə, ya da müstəqil şəkildə diaspor təşkilatlarının layihələri həyata keçirilir, mədəniyyətimiz əcnəbilərə çatdırılır”.
P. S. Sadaladıqlarımız Diasporamızın tarixi-mədəni irsimizin təbliğində gördüyü işlərin az, lakin keyfiyyətli hissəsi idi. Bütöv Azərbaycanın zəngin irsini dünyaya tanıtdıqlarınızdan bəhs etmək ümidi ilə...

Nigar Məmmədli
Yazı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqədə iştirak üçün hazırlanıb