Pakistanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi - Fotolar

pakistanla-aqrar-sahede-emekdasligin-genislendirilmesi-muzakire-edildi
Oxunma sayı: 334

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan Pakistanın Pəncab əyalətinin Baş nazirinin müavini Məryəm Aurangzeb ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, M.Məmmədov bildirib ki, iki ölkə arasında qarşılıqlı hörmət, etimad və dəstəyə əsaslanan dostluq və qardaşlıq münasibətləri dinamik inkişaf edir.

Azərbaycan tərəfi Pakistan, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalında mühüm paya malik olan Pəncab əyaləti ilə aqrar sahədə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır.   

Məryəm Aurangzeb öz növbəsində ölkəsinin Azərbaycanla dost ölkə olduğunu, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə Pakistan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi, pambıqçılıq, çəltikçilik, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Pakistana ixracı, bunun üçün müxtəlif dəstək mexanizmləri barədə də müzakirə aparılıb.

Nazir ölkəmizdə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, Pakistanlı iş adamlarını bu sərgidə fəal iştiraka çağırıb.

Söhbət zamanı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Pakistan İşçi Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.