“Bakı Bəyannaməsi, 2022-ci il üçün qəbul olunan qərar hədəflərin təqdimatıdır”

baki-beyannamesi-2022-ci-il-ucun-qebul-olunan-qerar-hedeflerin-teqdimatidir
Oxunma sayı: 964

“Dövrün, zamanın çağırışları yeni əməkdaşlıq formatlarının yaradılmasını, səylərin birləşdirilməsini bir zərurətə çevirir. Azərbaycanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar yalnız özünün inkişafına deyil, ümumilikdə regionun və dünyanın siyasi mənzərəsinə öz müsbət təsirini göstərir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, imzalanan  sənəd, qəbul olunan qərar  gələcəyə hədəflənmiş addım olmaqla yanaşı, hər bir ölkənin imkanlarının təqdimatıdır. İyulun 27-də  təməli qoyulan üçtərəfli - Azərbaycan-Türkiyə-Pakistan   parlamentlərarası əməkdaşlıq platforması dost, qardaş ölkələr arasında  münasibətlərin daha da inkişafına böyük töhfə olacaq. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin bir araya gəlməsi təşəbbüsünün müəllifi ölkəmizdir.”

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki,  Azərbaycanın  düşünülmüş və məqsədyönlü siyasətinə əsaslanan təşəbbüslərinin  daim dəstək qazanması qürurvericidir:

“Bu, ölkəmizin  regionda və beynəlxalq münasibətlər sistemində artan roluna, nüfuzuna söykənir. Təsadüfi deyil ki, Azərbaycan dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır.  Ölkəmizin təşəbbüsü ilə  dövlət başçıları, xarici  işlər nazirləri səviyyəsində əməkdaşlıq formatları  sırasına parlamentlərarası  platformanın da daxil edilməsi, ilk görüşün Azərbaycanda keçirilməsi və sonda Bakı Bəyannaməsinin qəbul olunması  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin  yaratdığı reallıqların qarşıya qoyduğu hədəflərin   həyata keçirilməsində ölkəmizin nə qədər maraqlı olduğunu nümayiş etdirir.”

Millət vəkili onu da vurğulayıb ki, tarixi köklərə malik olan Azərbaycan-Türkiyə-Pakistan münasibətləri hazırda yeni mərhələdədir:

“Bunu istər Vətən müharibəsindən əvvəl, istər müharibə, istərsə də postmüharibə dövrünün reallıqlarının təhlili  təsdiqləyir.  Ölkə  Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən  Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşünün əhəmiyyətini önə çəkərək  bu mühüm addımın  qardaş ölkələr arasında üçtərəfli tərəfdaşlığın inkişafı işinə xidmət edəcəyini xüsusi qeyd etmişdir.

“Azərbaycan daim yeniləşməyə, təkmilləşməyə maraqlı olan ölkə kimi diqqətdədir.  Üçtərəfli parlametlərarası  platformanın formalaşması hər bir ölkənin inkişafında parlamentin roluna, qəbul olunan yeni, təkmil qanunların yol açdığı uğurlara işıq salır. Pakistan və Azərbaycan bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələrdir. Türkiyə və Azərbaycan qədər dünyada biri-birinə bağlı olan dövlətlər yoxdur. Dostluq, qardaşlıq prinsiplərinə söykənərək yaradılan parlamentlərarası birlik illər keçdikcə daha da möhkəmlənərək   təcrübə mübadiləsinin genişlənməsi fonunda   daha təkmil  qanunların qəbuluna öz müsbət təsirini göstərəcək”, - deyə Malik Həsənov bildirib.

Millət vəkili, həmçinin bu formatın yaradılması və möhkəmləndirilməsi ilə  həqiqətlərimizin təbliğinə veriləcək  töhfələrdən də bəhs edib:

“Dünya hüquq problemini yaşadığı bir zamanda  ikili siyasətin sona çatdığını düşünmək mümkünsüzdür. Bu baxımdan  beynəlxalq aləmdə  qərəzli və ədalətsiz yanaşmaların mövcudluğuna və getdikcə artmasına qardaş dövlətlərin parlamentləri  sərt mövqelərini  ortaya qoymalıdırlar.  Bu birlik üç ölkə arasında  ortaq milli maraqlarımızın beynəlxalq səviyyədə  müdafiəsini təmin edəcək. Parlament sədrlərinin üçtərəfli görüşünün yaxşı imkanlar yaratdığını bildirən   Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər  Pakistanda Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin yaradılması təşəbbüsü ilə də  çıxış edib. Ümumilikdə  imzalanan  Bakı Bəyannaməsi əlaqələrimizin  inkişafına baxış əsasında  qarşıdakı dövr üçün görüləcək işləri özündə ehtiva edir. Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşünün 2022-ci ildə İslamabad şəhərində keçirilməsi qərarı  bir çox məqamlara işıq salır. Tərəflər parlament sədrləri səviyyəsində platformanın yaradılmasından məmnundurlar, uğurlu başlanğıca əsaslanaraq hədəflərə vaxtında və yüksək səviyyədə nail olacaqlarına əminliklərini ifadə edirlər.”