Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Birbank” məlumat yayıb.
Bildirilib ki, “BakıKart”la birgə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar Bakı Metropoliteni ilə yanaşı, şəhərdaxili marşrut avtobuslarında da gedişhaqqını istənilən yerli banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə biləcəklər.
Yenilik ilk olaraq 500 nömrəli marşrut xəttində aktivləşdirilib və hazırda sistem real istismar şəraitində sınaqdan keçirilir. Test mərhələsinin ardından təməssız (NFC) ödənişləri ən qısa zamanda mərhələli şəkildə digər “BakuBus” marşrut xətlərinə də tətbiq ediləcək. Bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də genişləndirilməsi planlaşdırılır.
Yenilik təkcə “Kapital Bank” müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.
Xatırladaq ki, “Birbank” və “BakıKart”ın birgə əməkdaşlığı ilə daha öncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanı yaradılıb. Sistemin tətbiqi nəticəsində “Birbank” mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gedişhaqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Həmçinin, ötən aydan etibarən şəhər sakinləri metro gedişlərini istənilən yerli banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə həyata keçirirlər.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holding”ə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Qeyd edək ki, Bakı metrosunda sərnişinlər gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları ilə ödəmək imkanını bu il noyabrın 1-dən əldə ediblər.
Son xəbərlər
Son Xəbərlər