“Bravo”da silahlı insident, ölən və yaralanan var - Video - Yenilənib

bravoda-silahli-insident-olen-ve-yaralanan-var
Oxunma sayı: 32976

Bu gün Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “Bravo” supermarketinə məxsus hipermarketdə silahlı insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı bir neçə nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər iki şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

***

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən şəxs hipermarketdə giriş hissəsində quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib.

Banklardan birinin inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb. Həmçinin daha bir nəfər də çiyin nahiyəsindən xəsarət alıb.

İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib, araşdırma aparılır.

Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

***

TƏBİB-dən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda qurumun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər: “Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”.

***

DİN silahlı insidentdə ölən şəxsin Həşimov Rüfət Rahib oğlu olduğunu açıqlayıb. Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, vəfat edən şəxs polis əməkdaşı deyil.

Nizam Rza