Bakıda məktəbli qardaşı ilə birləşib yuxarı sinif şagirdini döyüb? - Açıqlama

bakida-mektebli-qardasi-ile-birlesib-yuxari-sinif-sagirdini-doyub
Oxunma sayı: 3297

Bakı sakini G.Əliyeva Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan övladı R.E.-nin yanvarın 18-də təhsil aldığı məktəbdə planlı şəkildə döyüldüyünü iddia edib.

“Qafqazinfo” xəbər verir ki, şikayətçi 8-ci sinifdə oxuyan oğlunun digər sinifdən olan şagirdlə bir neç gün əvvəl probleminin yarandığını, bundan 5 gün sonra, yanvarın 18-də isə övladının məktəblinin hücumuna məruz qaldığını bildirib. G.Əliyeva oğlunun döyülməsini əks etdirən görüntülərin olduğunu, lakin ona təqdim edilmədiyini deyib:

“Yanvarın 18-də övladım məktəbin əsas korpusundan çıxıb növbəti dərs üçün arxa korpusa gedərkən həmin şagirdin qardaşı, qohumu, cangüdəni və sürücüsü məktəbin kameraları qarşısında bu cinayəti törədib. Qarşı tərəfin kim olması guya məktəbin rəhbərliyinə məlum deyil.  Bu şəxslər məktəbi və polisi belə saymırlar. Görüntülər məktəb rəhbərliyində olsa da, mənə vermirlər”.

Məsələ ilə bağlı Bakı şəhər 27 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya bildirilib ki, baş vermiş hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: “13.01.2023-cü il tarixində tənəffüs zamanı məktəbin VIII sinif şagirdi ilə VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur)  arasında anlaşılmazlıq yaranıb. Məktəb rəhbərliyi, psixoloq və sinif rəhbərinin iştirakı ilə məsələyə müdaxilə olunub. Hər iki şagirdlə və valideynləri ilə söhbət aparılıb, münasibətlərin tənzimlənməsinin zəruriliyi barədə tövsiyələr verilib.

Tərəflər arasında razılıq əldə olunsa da, VI sinif  şagirdi aldığı fiziki təzyiqə görə gərginliyi davam etdirib. 18.01.2023 -cü il tarixində tənəffüs zamanı (V dərsdən sonra) VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) qardaşı ilə birgə növbəti dərs üçün digər korpusa gedən VIII sinif şagirdinə  yaxınlaşaraq ona fiziki təzyiq göstəriblər. Həmin məktəblinin valideyni məsələ ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib. Təhsil müəssisəsi rəhbərliyi tərəfindən dərhal lazımi addımlar atılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə barədə daxil olmuş müraciət üzrə araşdırma aparılır.