“Şəhərin mərkəzində yerləşən və bahalı zinət əşyaları satılan “Faro” mağazasından üzük aldım. Üzərində ametist daşı olan 330 AZN-lik gümüş üzüyün daşı saxta çıxdı”.
Bu şikayətlə “Qafqazinfo”ya əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Yeganə Özcan müraciət edib.
O, 10 ildən sonra Bakıya gəldiyini və bu zaman aldadıldığını iddia edib: “32 ildir xaricdə yaşayıram. Bundan 3 gün əvvəl, noyabrın 16-sı - 10 ildən sonra Bakıya gəldim. Şəhərin mərkəzində olan “Faro” adlı zərgərlik mağazasına getdim. Orada bizi gözəl qarşıladılar, bəzi seçimlər göstərdilər. Üzüklə yanaşı digər şeylər də bəyəndim, amma yaxşı ki almadım. 330 manata gümüş üzük aldım. Oradakı satış üzrə mütəxəssis bildirdi ki, bu, dünyanın ən təbii ametist daşıdır. Hətta üzüyün ətrafındakı, guya təbii olan digər daşın da adını dedi. Mən isə dəqiqləşdirmək üçün 2-3 dəfə daşın təbii olub-olmadığını soruşdum. Bu zaman dedilər ki, 18 ildir bu işlə məşğuldurlar, gümüş üzərindəki təbii daşlardır, İtaliyadan gəlir və sertifikatları da var. Hətta mənə qızıl məhsullar da göstərdilər”.
Şikayətçinin sözlərinə əsasən, aldığı üzük barmağına balaca olduğu üçün genişləndirmək lazım olub, lakin “Faro” buna görə əlavə ödəniş tələb edib: “Mağazadan bildirdilər ki, üzüyü öz zərgərlərinə göstərəcəklər, amma bunun üçün əlavə ödəniş edilməlidir. Soruşdum ki, üzük böyüdüləndə daşlarının düşmə ehtimalı varmı? Dedilər “yox, zərgərimiz bu işi bilir”. Lakin mən üzüyü uzun illərdir tanıdığımız zərgərin yanına apardım. Ölçünü götürdü, üzüyə çəkiclə vuran kimi üzərindəki ametist dedikləri daş düşdü. Ona üzüyün çox bahalı olduğunu deyəndə güldü. O, lupanın altında daşa baxdı, söylədi ki, bu, təbii ametist yox, rənglənmiş şüşədir. Şok keçirdim. Zərgər yenidən baxdı, hətta gedib digər zərgər dostunu da çağırdı. O da təsdiqlədi ki, saxtadır”.
.png)
Y.Özcan mağazadakı digər təbii daşlardan ibarət zinət əşyalarına baxanda şübhələndiyini qeyd edib: “Faro”da təbii koral daşından olan üzüklər də var idi. Həmin daşın olduğu bir başqa üzük özümdə də var. Təbii daşları sevirəm və bu barədə anlayışım olduğu üçün də mağazadakı digər təbii daşla olan zinət əşyalarına baxanda nədənsə şübhələndim. Xaricdən gələn şəxslər və Azərbaycan vətəndaşları buradan çox baha qiymətə satılan zinət əşyalarını alırlar. Amma belə mağazada saxta məhsulların satılması çox ayıbdır və günahdır. Əvvəlcə düşündüm ki, bu, problem deyil, təbii ametist alıb üzüyümün daşını dəyişdirərəm. Amma sonra mağazaya zəng etdim, dedilər istəyirsinizsə, gətirib qaytarın. Onlara üzüyə ölçüylə bağlı müdaxilə etdiyimi bildirdiyim üçün qəbul etmədilər. Qeyd etdilər ki, məsələni rəhbərliklə danışacaqlar. Bu günə qədər nə zəng edən, nə də üzrxahlıq edən var”.
Məsələ ilə bağlı sözügedən mağaza ilə əlaqə saxladıq. Bildirildi ki, “Faro”dan alınmış üzüyün daşı saxta deyil: “FARO-nun işgüzar nüfuzuna xələl gətirə biləcək bu məlumatlar əsassızdır. İddia olunur ki, mağazamızdan alınan məhsul müştəriyə “təbii daş” adı ilə təqdim edilib. Bildirmək istərdik ki, bu məlumat həqiqətə uyğun deyil. Satış zamanı gümüş məhsulun üzərindəki daşın sintetik tərkibli olduğu alıcıya açıq şəkildə izah edilib.
Qeyd edək ki, 2012-ci ildən etibarən FARO mağazası zərgərlik sahəsində fəaliyyət göstərərək, müştərilərinə geniş seçim imkanı təqdim edir. Mağazamız müxtəlif qiymət aralıqlarında qiymətli, yarıqiymətli, təbii, eləcə də qiymətli olmayan, o cümlədən, sintetik daşlarla bəzədilmiş zərgərlik məmulatlarının və bijuteriyanın satışını həyata keçirir. Bu illər ərzində əsas məqsədimiz yüksək xidmət mədəniyyəti, şəffaflıq, dürüstlük və müştəri məmnuniyyətini qorumaq olub.
FARO mağazası olaraq formalaşdırdığımız etibarlı xidmət ənənəsini qoruyub saxlamağa və gələcəkdə daha da gücləndirməyə sadiqik”.
Mədinə Useynova

