Bakıda tələbə qız faciəvi şəkildə öldü - Fotolar - Yenilənib

bakida-telebe-qiz-facievi-sekilde-oldu
Oxunma sayı: 11956

Bakıda gənc qız zəhərlənmədən vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.

Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Namiz qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.

D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.

Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.

Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. 

Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) saytımıza verilən məlumata görə, Bakıda qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

“Bəzi xəbər saytlarında Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin “qida zəhərlənməsi” (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb.

Zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər”, - rəsmi məlumatda vurğulanıb.

Aslan Vəliyev