Lerikdə dərəyə aşan maşının sürücüsü sükan arxasında yuxulayıbmış - Yenilənib

lerikde-dereye-asan-masinin-surucusu-sukan-arxasinda-yuxulayibmis
Oxunma sayı: 991

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qəza səhər saatlarında qeydə alınıb.

Belə ki, Bakıdan Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

6 nəfər kişi cinsli şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Lerik rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi açıqlanıb.

Onlar rayon sakinləri - 1985-ci il təvəllüdlü Hakim Mirzəyev, 2006-cı il təvəllüdlü Kenan Salmanov, 1965-ci il təvəllüdlü Fərhad Salmanov, 1990-cı il təvəllüdlü Pərviz Məmmədov , 35 yaşlı Sərxan və Səma Ağazadələrdir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 31.12.2025-ci il tarixində saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub. 

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

Baş Dövlət Yol Polisi İdarəsindən hadisə ilə bağlı bildirilib ki, sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək həyat və sağlamlıq üçün hər zaman ciddi təhdiddir.

Surxay Şahbazov