“Baku Bus”ın sürücüsü sükan arxasında infarkt keçirdi, qəza oldu - Yenilənib - Foto

baku-busin-surucusu-sukan-arxasinda-infarkt-kecirdi-qeza-oldu
Oxunma sayı: 6655

Maştağa qəsəbəsində “Baku Bus”a məxsus marşrut avtobusu qəza törədib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.

Qeyd edək ki, avtobus depoya getdiyi üçün boş olub.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

“Baku Bus” MMC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gecə saat 23:20 radələrində MMC-nin istismarında olan 189 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-926 dövlət qeydiyyat nişanlı avtobus Maştağa qəsəbəsi, Nizami küçəsində yol nəqliyyat hadisəsinə uğrayıb. 

İlkin ehtimala görə, nəqliyyat vasitəsini idarə edən sürücü Babayev Haşım ürək tutması ilə əlaqədar idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında yerləşən marketə çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Sərnişinlər arasında xəsarət alan olmayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 23:12-də Sabunçu rayonu, Maştağa, 293 saylı məktəbin yanı ərazisindən  avtobus qəzası səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardıma ehtiyac olmayıb.

***

TƏBİB “Baku Bus”ın sürücüsü Haşım Babayevin vəziyyəti ilə bağlı daha bir məlumat yayıb:

“Ötən gün saat 23:30 radələrində 1969-cu il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzinə qəbul olunub. Qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”.