27-28 iyun tarixlərində “Bakı Kristal Zalı”nda üçüncü “Baku ID” innovasiya festivalı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın və regionun əsas startap innovasiya tədbirlərindən biri olan “Baku ID” “SABAH.HUB” İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirildi və startapçılarla investorları bir araya gətirib.
Builki “Baku ID” tədbirində 200-dən çox yerli və xarici investor, 100-dən çox startap və minlərlə iştirakçı yer alıb.
Tədbir çərçivəsində “Startup Wise Guys”, “Al-Farabi Innovation Hub”, “Caucasus Ventures”, “MOST Ventures”, “Startupbootcamp” və “SABAH.fund” vençur fondlarının dəstəyi ilə yaradılmış 1 000 000 $-dan çox olan investisiya fondunun qalibləri müəyyənləşib.
Ümumilikdə 7 startap komanda 1 milyon $ dəyərində investisiya əldə etdilər: Beep, ALIA, PLATMA, Dosty, Canscreen, Push30 və Tredu.
Tədbir çərçivəsində müxtəlif panellər təşkil edilib.
Bunlardan biri COP29 hazırlıqla bağlı olan “CleanTech” paneli idi. Bu paneldə ümumilikdə iştirak edən 30 komandadan 13 komanda final mərhələsinə yüksəlib.
Finala keçid alan 13 komanda 1 aylıq intensiv akselerasiya proqramına qoşulma şansı əldə etdilər. Bu proqram nəticəsində 10 komanda müəyyən ediləcək və hər birinə “Startupbootcamp” tərəfindən 100 000 $ investisiya şansı və SABAH.lab akselerasiya proqramına keçid imkanı yaradılacaq.
Yarışmada SABAH.incubation, ABB Innovation, həmçinin yerli və xarici “GreenTech” komandaları iştirak edib.
Qaliblərin mükafatlandırma mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikası Prezidentinin Maliyyə Ofisinin rəhbəri Prof. Dr. Göksel Aşan şəxsən iştirak edərək mükafatları təqdim etdilər.
“Baku ID” innovasiya festivalının baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding, ABB və Mappable, tərəfdaşları isə 4SIM və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi idi. Sponsor və startap stendləri də tədbir zamanı nümayiş etdirilib.
“Baku ID” innovasiya festivalı fəaliyyəti dövründə onlarla startapın inkişafına dəstək olaraq minlərlə şəxsin innovasiya ekosistemi haqqında birbaşa məlumatlanmasına nail olub.
Ümumilikdə isə startapların 4 milyon dollardan çox investisiya cəlb etməsinə dəstək göstərib.
“Baku ID” innovasiya festivalının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün sosial media kanalları (facebook, instagram və linkedin) və rəsmi vebsaytı (www.bakuid.com) vasitəsilə izləyə bilərsiniz.



Son xəbərlər
Son Xəbərlər