1-ci hadisə.
Bir dəfə banklardan birində kredit ödəyirdim. Yaşlı bir kişi (söhbətdən məlum oldu ki, Tərtər rayonundan gəlib) bankın gənc oğlanından xahiş edirdi ki, onun işini düzəltsin. Deyəsən, kredit məsələsi idi. Tez-tez güzgüyə baxıb başına jele yaxan, köynəyinin kraxmallı boynunu yuxarı qaldıran oğlan qocaya etinasız baxıb deyirdi ki, “sabah gələrsiniz”. Qoca kişi astaca eşitdirirdi ki, “Bakıda qardaşımgildə qalmaq istəmirəm, evləri darısqaldır”. Əlavə edirdi ki, bu məsələ 5 dəqiqəlik işdir, axı niyə sabaha qalsın ki. İndi sənədini düzəltsə, avtovağzala gedib rahatlıqla Tərtərə yola düşər. Oğlan vecsiz halda mobil telefonun whatsapındakı qıza gülüş smayliki qoya-qoya kişinin yalvarışlarına dodağının ucunda “sabah gələrsiz” deyirdi. Bu söhbətdən sonra yaşlı kişi ona qəzəblə baxdı, sonra and içdi ki, “bir də sizdən kredit götürsəm, atama lənət”.
2-ci hadisə.
İş yoldaşlarımdan biri həyat yoldaşının ad gününə son illərin ən məşhur şirkətinin telefonunu almaq istəyirdi. Telefon baha olduğundan, pulu yalnız bankdan götürə bilərdi. Əslində, kasıb ailədirlər. Sadəcə, günlərin birində həyat yoldaşının ucuz telefonu suya düşüb xarab olub. Bundan heyfslənib və dilindən çıxıb ki, “kaş mənim də filan telefonum olaydı”. Oğlanın gözləri yol çəkib, ürəyi sızlayıb. Qərara alıb ki, ad günündə həyat yoldaşının üzünü güldürsün. Tez banklardan birinə yollanıb. İş yerindən arayışı və bir nəfər də zamini özü ilə aparıb. Bankda onun məvacib arayışına baxıblar, zamini də sorğu-sual ediblər. Nəhayət deyiblər ki, sizə filan qədər məbləğ verə bilərik. (Həmin məbləğ telefon pulundan 200 manat əskik olsa da, oğlan razılaşıb). Bank işçisi bildirib ki, ananın, atanın və həyat yoldaşının nömrəsini ver. İndi biz onlarla danışacağıq ki, görək sənin bizdən pul almağını bilirlərmi? Oğlan ana və atasına zəng edilməyi məqbul sayıb. Amma yalvarıb ki, həyat yoldaşı bilməsin. Bank işçisi deyib ki, olmaz, biz ona deməliyik. Oğlan yalvarıcı səslə bildirib:
-Sən də kişisən, mən də. Onun ad günüdür. Sürpriz etmək istəyirəm. Bilsə ki, telefonu bankdan kredit götürməklə alıram, heç vaxt razılaşmaz. Sənə məvacib arayışı təqdim etdim, zamini də özümlə sürüyə-sürüyə gətirdim, ata-anamın bilməsinə də bir söz demədim. Təkcə həyat yoldaşımın bilməməsi ilə dünya dağılmayacaq ki?!
Bank işçisi laqeydcəsinə “yox” deyib. Oğlan səsini qaldırıb ki, “Allahınız olsun” və hirslə oradan çıxıb. Düşünüb ki, bankın “Memar Əcəmi” filialından çıxıb gedər “Yasamal” filialına. “Yasamal” filialında ad və soyadını öyrənəndən sonra monitorda siyahıya baxıb səsləniblər: “Siz iki saat bundan əvvəl bankımızın “Memar Əcəmi” filialında dava salmısınız və əməkdaşları Allahsızlıqda suçlamısız. Bununla da qara siyahıya düşmüsüz. Oğlan həmin filialdan çıxandan sonra and içib ki, “bir də sizin bankdan kredit götürməyəcəyəm”.
3-cü hadisə.
Hövsana gedən taksi sürücülərindən birinə zəng gəlir: “Anan ölüm ayağındadır”. Oğlan müştəriləri yolda yarımçıq düşürür və yüksək sürətlə evə şütüyür. Anası artıq can verir. Sinəsi qalxıb-enir, son sözlərini xırıldayır. Sürücü evə toplanmış qohumlarının əhatəsindən keçərək anasına yaxınlaşır və göz yaşlarını saxlaya bilmir. Həkim gəlib baxır, başını bulayaraq bildirir ki, son dəqiqələridir. Sürücü oğlan doğma anasının son dəqiqələrini onunla keçirir. Bir azdan ana vəfat edir. Evin yeganə kişisi olduğundan tez mağar və çayçı məsələsini həll edir, qohumlardan birinə deyir ki, şirniyyat sexindən halva və qoğal alıb gətirsin. Elə bu vaxt bankların birindən ona zəng gəlir.
- Götürdüyünüz krediti bir saat gecikdirdiyinizə görə “problemli şəxslər siyahısı”na düşdünüz.
Sürücü oğlan yazıq səslə pıçıldayır ki, “anam vəfat etdiyinə görə krediti verməyi gecikdirdim. Xahiş edirəm məni o siyahıdan çıxarın. Axı həmişə vaxtlı-vaxtında ödəmişəm. Məgər güzəşt etmək bu qədər çətindir?”. Bank işçisi onun dediklərinə laqeyd yanaşıb və kobud səslə bildirib ki, “xeyri yoxdur. Üstəlik ananızın vəfat etməsinin bu məsələyə aidiyyatı heç cür ola bilməz”. Sürücü oğlan hirslə maşına əyləşib, maşını birbaşa banka sürüb və həmin oğlanı təpiyinin altına salıb. Polisə müraciət olunub. Polis sürücü oğlanın vəziyyətini başa düşərək bildirib ki, “ananızın yas məclisini rahat yola verin, sonra şöbəyə gələrsiniz”. Sürücü oğlan and içdi ki, bir də həmin bankdan kredit götürməyəcək.
4-ci hadisə
Mən banklardan birinə hər ay 41 manat ödəyirəm. Növbəti krediti vaxtlı-vaxtında ödədim. Ötən həftə zəng gəldi:
-Siz problemli şəxslər siyahılsna düşmüsünüz.
-Niyə?
-Çünki qalıq borcu ödəməmisiniz?
-Axı, mən 41 manat ödədim. Qəbzi də üstümdədir.
-Dollar məsələsinə görə siz bundan sonra bizim banka 41 manat deyil, 52 manat ödəyəcəksiniz.
-Dollar məsələsinin bu işə nə aidiyyatı var? Axı krediti manatla götürmüşəm?!
-Əlavə izahata ehtiyac görmürük. Bundan sonra 52 manat ödəyəcəksiz.
Bank işçisi telefonu üstünə atdı. Bir saatdan sonra telefonuma mesaj gəldi:
- Biz sizə məvacib arayışı ilə 1 500 dollar həcmində kredit təklif edirik. Bizim bank həmişə sizin rahatlığınız üçün çalışır.
Mesajı sildim və dodağımın altında pıçıldadım: “And içirəm ki, sizdən heç vaxt kredit götürməyəcəyəm”.