“Başımızı bir daha uca etdiniz”

basimizi-bir-daha-uca-etdiniz
Oxunma sayı: 4868

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş sədri Arif Qaraşov Prezident İlham Əliyevə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Arif Qaraşov dövlət başçısına həyata keçirdiyi siyasətə görə təşəkkürünü ifadə edib:

“Qalib xalqın qalib sərkərdəsi və tarixi qələbənin memarı kimi sizi salamlayır, doğum gününüz münasibətilə sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Heydər Əliyevin 1970-ci illərdə hələ Sovet İttifaqı dövründə bir amalı var idi: firəvan bir Azərbaycan görmək. O, Prezident olaraq fəaliyyət göstərdiyi illərdə də bu amalından, məqsədindən dönmədi, bunun üçün yaşadı. Mən özümü xoşbəxt hesab edirəm ki, bir vətəndaş olaraq, həm ulu öndər Heydər Əliyevin, həm də sizin mənə olan etimadınızla bu vətənə, millətə xidmət göstərə bilmişəm. Fəaliyyət sahəsindən asılı olmayaraq dövlət xadimlərinə vaxt ayırdığınız görüşlərdə vətənə, millətə, dövlətə sevgi ilə xidmət göstərdiyinizi, hər bir azərbaycanlının Prezidenti olmağınızla qürur duyduğunuzu hər zaman hiss etmişik. 20 illik prezidentlik dövründə uğurlu, qətiyyətli və məqsədyönlü fəaliyyətinizlə siz nəinki dünyaya səs saldınız, həm də dünya tarixinə adınızı qızıl hərflərlə yazdınız”.

Heydər Əliyevin 2003-cü ildə Azərbaycan xalqına müraciət edərkən dediyi “Mən inanıram ki, mənim sona kimi başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları İlham Əliyev sizin dəstəyiniz və köməyinizlə axıra qədər başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərini xatırladan A.Qaraşov deyib: “Təkcə ulu öndər deyil, bütün Azərbaycan xalqı sizə böyük ümidlər bəsləyir, güvənir, tarixi günün gələcəyinə inanırdı. 30 illik işğal, acı, kədər, nəhayət ki, sizin sayənizdə sona çatdı və xalqımız vətən torpaqlarına qovuşdu. Xocalı və Xankəndidə də bayrağımızı ucaldaraq başımızı bir daha düşmənlərimiz qarşısında uca etdiniz. Ərazi bütövlüyümüz tamamilə bərpa olundu. Mən 35 ildən sonra Şuşa torpaqlarına yenidən ayaq basarkən keçirdiyim hissləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Çox sağ olun ki, bizlərə bu əvəzsiz sevinc hisslərini yaşatdınız. Siz yalnız atanızın nəsihətini yerinə yetirmədiniz, vətən torpağının qoxusunu illərlə doya-doya sinəsinə çəkməyi gözləyən, arzulayan xalqın 30 illik həsrətinə son verdiniz və hər bir Azərbaycan vətəndaşının qəlbində silinməz iz qoydunuz”.

Arif Qaraşov İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ən gözəl, ən dəyərli çağını yaşadığını bildirib: “Artıq ölkəmizin qarşısında bizlərin xəyal belə etmədiyi yeni hədəflər qoyduğunuzdan əminəm. Bu hədəflərə sizin əvəzsiz liderliyinizlə əmin addımlarla çatacağımıza heç bir şübhəm yoxdur. Elə bu fürsətdən istifadə edərək 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində hər bir Azərbaycan vətəndaşı kimi sizə olan güclü dəstəyimi ifadə etmək istəyirəm. Sizin rəhbərliyiniz altında Azərbaycanın daha da inkişaf edəcəyinə və gələcək nəsillər üçün parlaq bir yol açacağınıza inanıram”.