Zəfər və Bayraq günlərini birlikdə bayram etməyimiz tariximizin bizə bəxş etdiyi hədiyyədir, lütfdür. Müqəddəs bayrağımıza olan sevgimiz bizi uzun illər boyu dayanmadan ona doğru irəlilədiyimiz, usanmadan çalışdığımız, yorulduqda bəslədiyimiz ümiddən yeni güc aldığımız Zəfər gününə aparan misilsiz qüvvə, güc mənbəyi olub. Tarix qalibləri sevir. Bu baxımdan, Azərbaycan bu qələbəsini üçrəngli bayrağı altında böyük coşqu və sevinclə qeyd etməkdə tam haqqlıdır. Biz bu zəfəri bizə qarşı iradəmizin əksinə olaraq qəbul etdirmək istədikləri tarixi ədalətsizliyə sinə gərməklə qazanmışıq. Biz tökdüyümüz qanımızla bütün dünyaya ədalətin dəyərini izah etmişik.
Müqəddəs bayrağımız bizi 30 illik ədalətsizliyə son qoymaq naminə tarixi mübarizəyə kökləyən ən təsirli stimullardan biri olub. Məktəbdə ilk addımını atan, əlifbanın ilk səhifəsində bayrağımızı görən körpələrimizdən tutmuş onun qarşısında rütbəsindən asılı olmayaraq təzim edən hərbçimizədək. İstənilən beynəlxalq məclislərdə - idman yarışlarından tutmuş qlobal siyasi və iqtisadi tədbirlərədək, - hər birində yüksələn bayrağımız və səslənən himnimiz bizə işğal altında olan torpaqları unutmamağımızı, unuda bilməyəcəyimizi təlqin edib. Çoxsaylı mötəbər yığıncaqlarda, hərbi təlimlərdə, tarixdə ilk dəfə Bakıda keçirilmiş Avropa oyunlarında, hətta Formula-1 yarışlarında belə himnimizin sədaları altında yüksələn bayrağımız bizi həmin günə - 8 noyabr Zəfər Gününə və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə bu dövlət simvolumuzu səmalara yüksəltdiyi ana, dəqiqə və saniyələrə yaxınlaşdırıb.
Biz Bakıda, Xəzərin sahilində Bayraq Meydanını bu günün arzusu ilə inşa etmişik. Rayon və kəndlərimizdəki meydanlarda bayrağımızı bu ümidlə dalğalandırmışıq. Hər dəfə bunu edərkən fərəh hissinə qərq olmuşuq. Ancaq zəfər xəbəri ilə şəhərlərimizin küçələrində yaşanan bayraq coşqusu və Xankəndindən bayraqlarımızı əks etdirən foto və video görüntülərin başqa bir anlamı, ətiri və dadı var. Bu tarixi gün bayraq sevgimizin ən yüksək pilləsi və şərəfli anıdır.
Vətən müharibəsi bu sevgimizi birə min artırdı. 44 gün ərzində dövlət binaları, ictimai infrastruktur, nəqliyyat vasitələri ilə yanaşı evlərimizin pəncərələri, eyvanları üçrəngli bayraqlarımızla bəzədildi. Bu, cəbhədə döyüşən övladlarımıza hər bir vətəndaşın göstərdiyi fərdi mənəvi dəstəyin təcəssümü idi. Olduqca qürurverici və xoş haldır ki, bu sevgi bizdə artıq ənənə halını alıb. Vaxtilə biz qardaş Türkiyədəki bu ənənədən qürur duyurduq. Vətən müharibəsi və Zəfər Günü bayrağımıza olan hisslərimizi birə min artırdı.
Azərbaycan Qarabağ Zəfəri ilə xalqımıza qarşı olan tarixi ədalətsizliyə son qoyub. Bu ədalətsizlik yüzlərlə yaşayış məntəqəmizin 30 il ərzində dağıdılması və viran edilməsinin acılı simvolu olub. İndi onların hər birində üçrəngli bayrağımız dalğalanır. Tezliklə bu yerlərdə ucaldılacaq binaların üzərində, əhalinin vətəninə dönüb məskunlaşacağı evlərin eyvanlarında dalğalanacaq müqəddəs bayrağımız. Qarabağda və Şərqi Zəngəzurda inşa edilən məktəblərdə təhsil alacaq körpələrimiz müəllimlərdən bu torpaqlar uğrunda şücaət göstərmiş ata və babaları barədə qəhrəmanlıq dastanlarını dinləyəcəklər. Azərbaycan qəhrəman övladlarına layiqdir. Zəfər və Bayraq günlərimiz mübarək!
Elnur Allahverdiyev, Milli Məclisin deputatı