70 yaşlı edam məhkumu əzab içində qışqırırmış - ABŞ-də daha bir qalmaqal

70-yasli-edam-mehkumu-ezab-icinde-qisqirirmis
Oxunma sayı: 106

ABŞ-nin Texas ştatında 1996-cı ildə törətdiyi qətlə görə edama məhkum edilmiş 70 yaşlı Reynaldo Dennesin ölümcül inyeksiya ilə edamı bir saatdan çox davam edib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, icra zamanı texniki problemlər yaşanıb və məhbus uzun müddət şiddətli ağrılar içində qışqırıb.

Edam prosesini izləyən jurnalistlərin və şahidlərin sözlərinə görə, proses qeyri-adi dərəcədə gecikib. Şahidlər otağa buraxıldıqda Dennesin artıq ağrıdan qışqırdığı və “bu ağrını dayandırın” deyə yalvardığı bildirilib. Məhbusun bədənində qıcolmalar yarandığı və onun “Sağ ayağım məni öldürür”, “Düşünmürəm ki, bu normaldır” və “Dərman lazım olduğu kimi işləmir” deyə fəryad etdiyi qeyd olunub.

Prosesin şahidlərindən olan din xadimi Ceff Hud “USA Today” nəşrinə açıqlamasında bunun indiyə qədər gördüyü “ən dəhşətli edam” olduğunu bildirib.

Texas Cinayət Ədliyyə Departamentinin sözçüsü yaranan gecikməni məhbusun bədənində inyeksiya üçün uyğun damar tapmaq cəhdlərinin uğursuz olması ilə əlaqələndirib. Rəsmi şəxs həmçinin Dennesin iynə vurulmayan nahiyələrdə ağrı hiss etdiyini bildirdiyini deyib.

Qeyd edək ki, Reynaldo Dennes 1996-cı ildə almaz taciri Yanos Şuksu güllələyərək qətlə yetirməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.

Edam zamanı yüksək dozada istifadə edilən güclü sakitləşdirici olan “pentobarbital” preparatı ABŞ-də uzun müddətdir mübahisə mövzusudur. Federal səviyyədə “lazımsız ağrı və əzab yaratdığı” üçün qadağan edilən bu maddənin istifadəsi ştatların öz qanunvericiliyinə buraxılıb.

Xatırladaq ki, bir neçə həftə əvvəl – sentyabr ayında 50 yaşlı məhbus Krista Payk iki ölümcül inyeksiya cəhdindən sağ çıxmış, ağır vəziyyətdə xəstəxanaya yerləşdirildikdən sonra yenidən həbsxanaya qaytarılmışdı.