Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” adlı elmi-praktik konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva konfransın prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına və BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Jurnalistika fakültəsində "Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər" adlı elmi-praktik konfransın keçirilməsi ilə bağlı əmrinə uyğun olaraq keçirildiyini bildirib.
Sonra dekan, dosent Vüqar Zifəroğlu Azərbaycan Xalq Cümhuriyyətini (AXC) Şərq tarixinin ən parlaq səhifələrindən biri kimi dəyərləndirərək konfransın işinə uğurlar arzulayıb.
Mətbuat tarixinin araşdırılmasında misilsiz xidmətləri olan professor Şirməmməd Hüseynov çıxışında AXC-nin yarandığı siyasi şəraitdən danışıb. O, AXC-nin mövcudluğu dövründə həyata keçirilən islahatlardan bəhs edib. Professor 50 ildən artıqdır ki, məhsuldar fəaliyyəti ilə AXC-nin yubileyinə hazırlaşdığını da əlavə edib. Üzeyir bəy Hacıbəylinin “Bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir" məşhur sözünü xatırladan professor onu da bildirib ki, hər birimiz bu yubileyə öz töhfələrimizi verməliyik.
Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” mövzusunda məruzə ilə çıxış edib və yaxın günlərdə “Cümhuriyyət qurucuları” adlı kitabının təqdimatının olacağını diqqətə çatdırıb.

Son xəbərlər
Son Xəbərlər