“Belə vəziyyətdə vəzifədə qalmağın heç bir mənası yoxdur” - Müsahibə

bele-veziyyetde-vezifede-qalmagin-hec-bir-menasi-yoxdur-musahibe-
Oxunma sayı: 1120





“Məsələnin ən faciəli tərəfi isə odur ki, korrupsiyaya qarşı mübarizəyə başlayasan və bunu yarıda dayandırasan. Bu ilanı yaralamaq kimi bir şeydir. Ya gərək öldürəsən, ya da heç işin olmasın”

Sabiq millət vəkili, Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayevin “Qafqazinfo”ya müsahibəsi

- Əkrəm bəy, bir müddətdir ki, fəaliyyətinizdə durğunluq hiss olunur. Bu nə ilə bağlıdır?
- Doğrudur, əvvəlki dövrlərlə müqayisədə müəyyən fərqlər var. Deputatlıqdan sonra özümdə bir qədər yorğunluq hiss etdim. Bir az dincəlməyə qərar verdim, artıq bu proses başa çatmaq üzrədir. Yeni Azərbaycan Partiyasının üzviyəm və partiyanın təşkil etdiyi tədbirlərdə iştirak edirəm. Çalışıram ki, müəyyən proseslərə qoşulum. Yaxın zamanlarda əvvəlki aktivliyi hiss edəcəksiniz.

- Bu aktivlik nə ilə müşahidə olunacaq?
- Hələ ki, bu haqda bir söz demək istəmirəm. Mən 10 il dövlət işində çalışmışam, 5 il parlamentin üzvi olmuşam. Uzun müddət bizneslə məşğul olmaq arzum olub. Bəzən insanlar siyasətə biznesdən gəlirlər. Mən isə əksinə dövlət qulluğunda çalışdım, aktiv siyasətə qoşuldum. Nə qədər ki gəncəm, potensialım var özümü biznesdə də sınamaq istəyirəm.

- Beş il millət vəkili olmağınız sizə nə verdi?
- Çox insan üçün parlamentdə çalışmaq əlçatmaz arzudur. Qismət elə gətirdi ki, gənc yaşımızda parlamentin dadını hiss etdik. Mənim üçün bu beş il çox zəngin keçdi. İnsanlarla, seçicilərlə işləmək təcrübəm artdı. Regionlarda yaşayan insanların problemini öyrənmək baxımından təcrübə topladım. Parlamentin beynəlxalq əlaqələri çox genişlənib. Beş il ərzində dostluq qruplarının tərkibində xarici ölkələrlə əlaqələrin daha da inkişafına çalışdıq. Parlamentdə olduğum ərəfədə Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri idim. Ölkələrimiz arasında əlaqələrin güclənməsi, Azərbaycanın ərəb ölkələrində tanınması istiqamətində müəyyən işlər gördük. Parlament insanın həyatında dərin iz buraxır. Bizim kimi gənc insanların təcrübə qazanması, aktiv siyasətə qoşulması, qanunvericiliyin formalaşması baxımından parlamentin mənim də həyatımda əvəzolunmaz rolu var.

- Siyasətdən yorulduğunuzu deyirsiniz. Hələ gəncsiniz, niyə belə tez?
- Yorulmamışam, mən sadəcə heç vaxt məzuniyyətə çıxmamışam. Parlamentdən əvvəl də məzuniyyət götürmürdüm, həmişə işləyirdim. Aktiv millət vəkili olmaq həqiqətən çox yorucudur. Əgər kimsə, 20-30 il parlamentin üzvüdür və yorulmayıbsa, bu onun öz işidir. İnsanın müəyyən bir potensialı var. Beş il ərzində gərgin işləyəndə o tükənə bilər. Beş ildən sonra çalışdığın sahədə yeni bir şey ortaya qoymaq mənə bir az qəribə gəlir. Bir insan eyni vəzifədə iyirmi il çalışır, amma bu 20 ildə iyirmi yeni iş ortaya qoya bilmirsə, vəzifədə qalmağın heç bir mənası yoxdur. Düşünürəm ki, beş il faydalı, məhsuldar çalışmaq daha səmərəlidir. İnsana həyat bir dəfə verilir. Hər kəs Allahın verdiyi qədər ömür yaşayır. Otuz il eyni işi görərək keçirmək, həyatı boş yerə xərcləmək kimi bir şeydir. İnsan fayda vermək, özünü sınamaq üçün potensialı daxilində daha çox yerdə işləməyə çalışmalıdır. Bu həm də mənim xarakterimdən irəli gələn bir xüsusiyyətdir. Bir yerdə uzun müddət oturmağı sevmirəm. Hər zaman dinamik işlərdə olmuşam. Bu baxımdan parlamentdə işləmək dinamizm və faydalı ola bilmək üçün çox önəmli bir yerdir. Lakin onun da bir müddəti var. Üçüncü, dördüncü müddətdən sonra çox yorucu ola bilər.

- Yaş senzi ilə bağlı qanun qəbul edildi. Bu qanunun tətbiq olunması Sizcə parlamentdə hər hansı müsbət dəyişikliyə səbəb ola bilər?
- Parlament gənc və orta nəslin nümayəndələrindən ibarət olmalıdır. Əhalinin əksəriyyətini gənclər və orta yaşlılar təşkil edir. Biz yaşlı insanları da itirməməliyik. Onların potensialından, təcrübəsindən istifadə etməliyik. Bu o demək deyil ki, parlamentin 80%-i yaşlı insanlardan, 3-4 nəfəri isə gənclərdən ibarət olmalıdır. Bu heç də sevindirici hal deyil. Əlbəttə, burada əsas sözü seçicilər deyir. Yaşından asılı olmayaraq, seçicinin problemini kim həll edirsə, seçiciyə kim yaxındırsa, kim onu daha çox inandıra bilirsə, o da seçiləcək. Partiyalar siyahı tərtib edirlər. O siyahıda gənclərə çox yer verilməlidir. Əlbəttə yaşlı insanları silib ata bilmərik, lakin hər şeyin bir dövrü var. Yaş senzi ilə bağlı qanun layihəsi işlənib hazırlandı, lakin yenə müəyyən nüanslar var. Qanun qəti olmalıdır. Əgər 65 yaş göstərilirsə elə o qədər də olmalıdır. Əks təqdirdə bu özbaşınalığa, sui-istifadələrə, korrupsiya faktlarına yol aça bilər.

- Korrupsiya əleyhinə son vaxtlar ciddi tədbirlə görüldü. Sizcə bu özünü nə dərəcədə doğrulda bildi?
- Korrupsiya əleyhinə müzakirələr çox ciddi başlamışdı, lakin hazırda bunu o qədər də hiss edə bilmirik. Bu proses yavaş-yavaş səngiməyə başlayır. Azərbaycanda hər zaman korrupsiya, rüşvət olub, istər Sovet İttifaqı dövründə, istərsə də ondan sonrakı dövrdə. Bu o demək deyil ki, gözlərimizi yumub korrupsiyanın, rüşvətxorluğun daha da çoxalmasına imkan verməliyik. Demirəm ki, sabah, o biri gün, bir ildən sonra Azərbaycanda korrupsiyanın kökü kəsiləcək. Mübarizə aparmaqla korrupsiyanın sayını azaltmaq olar, digər halda isə mübarizə aparmırsan və onun artmasına şərait yaradırsan. Məsələnin ən faciəli tərəfi isə odur ki, korrupsiyaya qarşı mübarizəyə başlayasan və bunu yarıda dayandırasan. Bu ilanı yaralamaq kimi bir şeydir. Ya gərək öldürəsən, ya da heç işin olmasın. Əgər yaralamısansa o daha da aqressiv olacaq. Korrupsiyanın aradan qalxması hər bir azərbaycanlının ürəyindən keçən arzudur. Biz rüşvət aldıqca davamlı inkişafa nail ola bilməyəcəyik. Bu ölkəni içəridən dağıdan, onu çürüdən bir prosesdir. Son dövrlər vəzifəyə yeni təyin olunan məmurlar özlərini elə aparırlar ki, sanki vəzifə onlara atasından, yaxud babasından qalıb. Dövlətin imicinə xələl gətirən fəaliyyət göstərirlər, insanları incidirlər, onlara elə işgəncələr verirlər ki, bununla da dövlətin atdığı demokratiya yönümlü addımların hamısı kölgədə qalır. Bir şeyi də qeyd edim ki, bizdə həmişə əsas cinayətkarlar qalır, lakin günahsız insanlar həbs olunurlar. Bir neçə il əvvəl Bakıda Yasamal rayonunda yeni inşa edilən bir bina uçdu, nəticədə insanlar həlak oldular. Cəmi 1-2 nəfər tutuldu. Avropa ölkələrində belə bir hadisə baş versəydi tikintiyə sərəncam verən, ona nəzarət edən, memarlıq-inşaat layihəsini hazırlayanların hər biri həbs olunmuşdu. Ən böyük problem odur ki, bizdə cəzasızlıq sindromu hökm sürür. Hər bir kəs rüşvət verməklə törətdiyi cinayəti ört-basdır edə biləcəyini fikirləşir. Bu gün avtoxuliqanları şəhərdən yığışdırmaq mümkün deyil. Ya mübarizə aparılmır, ya da həmin insanlar hansısa səlahiyyətlərə malik olduqlarından polis işçiləri qorxurlar.

- Gürcüstanda Saakaşvili hakimiyyətə gələndən sonra qısa müddətdə rüşvəti aradan qaldıra bildi. Niyə görə Azərbaycanda bu mübarizə öz müsbət həllini tapmır?
- Hər bir işi görərkən ilk növbədə istək olmalıdır. Tutaq ki, mən korrupsiya əleyhinə mübarizə elan edirəm, o biri kabinetdə rüşvət alıramsa, yaxud saxta sənədə qol çəkməklə dövlət büdcəsindən nə isə mənimsəyirəmsə belə mübarizə aparmaq olmaz. Dövlətin güc strukturları, hüquq-mühafizə orqanları, xüsusən də korrupsiya ilə bağlı Dövlət Komissiyası ciddi iradə nümayiş etdirməlidir. Bizdə hər zaman qanun şah deyil, şah qanun olub. Düşünürəm ki, bu baxımdan buzları əritmək lazımdır. Əgər bu piramidanı dağıda bilməsək, korrupsiya ilə mübarizə aparmaq çox çətin olacaq. Bu gün gözümüzün qarşısında bir küçəyə bir il ərzində 4-5 dəfə yol çəkilir. Dövlətin vəsaitini israf etmək olmaz. Biz o qədər də zəngin ölkə deyilik. Ölkəmizdə hələ də kasıb təbəqə var, təqaüdçülərimiz aldıqları təqaüd hesabına yaşaya bilmirlər. Bu gün dövlət qulluğunda çalışanlarımız elə bir maaş almırlar ki, heç olmasa bir aylıq yaşayışlarını tənzimləyə bilsinlər. Vəsaitlərin xərclənməsinə ciddi nəzarət olunmalıdır. Əks halda mübarizəmiz də, danışdıqlarımızdan faydasız olacaq.

- Dünya Türk Gəncləri Birliyinin sədrisiniz. Daima gənclərlə işləyən bir insan kimi Azərbaycan gəncliyini necə görürsünüz?
- Azərbaycan gəncləri hər zaman fəal, istedadlı, yaradıcı olub, gənclərə müəyyən şərait yaradılmalıdır. Xaricdə təhsil alıb ölkəmizə qayıdan gənc təhsil səviyyəsinə uyğun iş tapa bilmirsə, yaxud maaş almırsa, həmin gənc küsüb, inciyib ölkəni tərk edir. Bununla da, ölkə daxilində istedadlı gənclərin səviyyəsi getdikcə aşağı düşür. Bizə kəmiyyət yox, keyfiyyət lazımdır. Bu gün ali məktəblərimizdə kifayət qədər gənc təhsil alır, lakin onlar təhsillərini başa vurduqdan sonra onların neçə faizi ixtisaslarına uyğun biliyə yiyələnə bilir? Həmin gənc hər hansı bir sahədə çalışa biləcək? Çox az faizi bunu bacaracaq. Hər şey bundan başlamalıdır. Bunun üçün gənclərimizə yüksək təhsil verməliyik. Bu sahədə də ciddi islahatlara ehtiyac var. Azərbaycan elmi hər zaman yüksək olub. Bu gün dünyanın hər bir yerində bizim alimlərimiz çalışırlar. Bu Azərbaycanın Sovet İttifaqı dövründə topladığı bir potensialdır. Elmlər Akademiyasının elmi-texniki bazasının gücləndirilməsi istiqamətində çox ciddi addımlar atılır. Elmi müəssisələrimiz də öz növbəsində qapılarını gənclərin üzərinə açmalıdır. Mənimlə eyni vaxtda təhsil alan gənclər hələ də müdafiə etməyiblər. Bu acınacaqlı bir haldır. Elmi rəhbərləri, kafedra müdirləri 65-70 yaşlı insanlardır və onlara müdafiə etməyə, müəyyən pilləyə çatmağa imkan vermirlər. Əgər 40 yaşında müdafiə edib elmlər namizədi adını alırsa bəs nə vaxt doktor olacaq, nə vaxt elmi potensialını ortaya qoya biləcək. Bu insanın ömrünün 15 ili yazıb-pozmaqla keçir. Elə insanlar da var ki, 3 ilin içərisində namizədlik də, doktorluq da müdafiə edir və beş ildən də sonra professor olur. Mən tarix fakültəsində təhsil almışam. Demokratik mühit yaradılmalıdır ki, hər bir kəs qanun çərçivəsində istədiyini edə bilsin. Bizdə hər cür şərait var, lakin bəzi məmurların bürokratik əngəlləri gənclərin inkişaf etməsinə mane olur.

- Sizin dediyiniz fəal və istedadlı gənclərdən bir neçəsi də hazırda həbsdədir. Dövlətin belə bir addım atmasını necə qarşılayırsınız?
- Dövlət düzgün addım atıb, gənclərinin həqiqətən günahı var, ya yoxdur, bunun çox dərininə getmək istəməzdim. Hər kəs öz hüququnu bilməlidir. Mən hər hansı məqaləyə görə, internet səhifələrində yazdıqlarına görə gənclərin həbs edilməsi ilə razılaşmıram. Bu güclü dövlətə yaraşan əlamət deyil. Dövlət bir az yüksəkdə dayanmalıdır. Demokratik fikirlərinə görə hər hansı bir gənci həbs etmək, yaxud ondan qorxmaq düzgün deyil. İqtisadi imkanlarımız artdıqca, qüdrətləndikcə biz daha da ədalətli olmalıyıq. Ədalətli olmalıyıq ki, vətəndaşlarımızın müəyyən günahlarını bağışlaya bilək. Hər hansı sözə görə biz insanları həbsə atsan bu beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən də yaxşı qarşılanmaz. Gənc müstəqil olmalı, çərçivədə olmamalıdır. Gəncliyin üstünlüyü ondadır ki, o öz sözünü açıq ifadə etməyi bacarsın. Müxalifətə şərait yaratmaq lazımdır ki, dövlətin görə bilmədiyi yerlərdəki nöqsanları görsün. Türkiyədəki son seçkilər hər birimizə gözəl bir örnəkdir. Qalib gələn partiyanı qəbul etməyənlər də var, lakin insanlar demokratik üsullarla qalib gəldiyi üçün bunu həzm edə bilir. Çünki insanlar artıq demokratiyanı dadıblar. Dövlətə də, onun seçki prosesinə də inanırlar. Əgər bu gün desək ki, ədalətli seçki keçiririk, hər şey tam şəffaf olacaq heç kəs buna inanmayacaq. Bu da sovetlərdən qalma bir ənənədir. İnsanlar inanırdılar ki, qutuya nə atsalar o da çıxacaq.

- Müxalifət dəfələrə icra hakimiyyətinə müraciət etsə də istədikləri məkanda mitinq keçirməyə icazə ala bilməyib. Niyə dövlət belə bir şərait yaratmaq istəmir?
- Fizikada belə bir qanun var: Təsir əks təsirə bərabərdir. Polis nə qədər müxalifətin üzərinə gedib onu dəyənəklə döyəcəksə, onlar daha da aqressiv olacaq. İnsanların istirahət etdiyi, gur yaşadığı yerlərdə mitinq keçirməyin əleyhinəyəm. Əlbəttə, ayrılan yerin də müəyyən bir şəraiti olmalıdır. Çölün düzündə deyil, şəhərə, kommunikasiyalara, nəqliyyata yaxın bir yer olmalıdır. Bu demokratiyanın bir atributudur. Bunu biz indi etməsək 20-30 ildən sonra olacaq. Geriyə yol yoxdur, ya ölkəmizin quruluşunu dəyişməliyik, demokratik prinsiplərlə öhdəliklər götürmüşüksə bunları yerinə yetirməliyik. Mən hesab etmirəm ki, müxalifət düzgün addım atır, bu mənim siyasi əqidəmə də ziddir. Müxalifətin əsl gücünü göstərmək üçün ona şərait yaratmaq lazımdır. Bu gün 30 nəfər müxalifətçinin üzərinə 100 nəfər polis işçisi çıxarırıq. Polislərin də əksəriyyəti mülki geyimdə olduğundan xaricdən baxanda mənzərə başqa cür görünür. Ciddi təhlükəsizlik tədbirləri görülməli və müxalifətə öz sözünü demək üçün şərait yaradılmalıdır. Müxalifətin suyu havaya sovrulmalıdır, buxarlanmalıdır. Bu olmadığı təqdirdə onlar öz içlərində deyəcəklər və heç bir faydası da olmayacaq. Onları ya faydalı bir iş görməyə göndərməli, ya da sözlərini deməyə icazə verilməlidir.

- Ərəb ölkələri ilə əlaqəsi olan bir şəxs kimi necə düşünürsünüz həmin hadisələrin Azərbaycanda təkrarlanma ehtimalı var?
- Ərəb ölkəsi ilə Azərbaycanı eyniləşdirmək olmaz. Fərqli mentalitetə, adətlərə məxsus ölkələrik. Hadisələr arasında eynilik axtarmaq düzgün deyil. Düşünürəm ki, Azərbaycan xalqı öz seçimini 2003-cü ildə edib. Azərbaycan vətəndaşı öz rəhbərini seçib və bu gün bizə rəhbər lazım deyil. Sadəcə ölkədə müəyyən islahatlar aparmaq lazımdır. Bu halda ölkəmiz istənilən Avropa ölkəsi ilə müqayisə oluna bilər. “Avrovizion” yarışması bunu bir daha sübut etdi. Biz sübut etdik ki, dünyadakı erməni lobbisinin dediyi kimi mədəni cəhətdən geridə qalmış ölkə deyilik. Əksinə Qafqazda və keçmiş sovetlər birliyində dərin mədəniyyət köklərinə sahib bir ölkə olduğumuzu təsdiqlədik.

- Amma bu sadəcə mədəniyyət hadisəsi deyil...
- Hər bir şeyin arxasında siyasət dayanır. Belə bir tədbirin gələn il Azərbaycanda keçirilməsi çox mühüm mədəni hadisədir. Mən mədəniyyəti yuxarıda, siyasəti aşağıda tutmaq fikrində deyiləm. Bunların yükü demək olar ki, eynidir. Ölkəmizin dünyada tanınması üçün bu əvəzolunmaz bir hadisədir. Azərbaycana nə qədər turist gələcək, investisiyalar yatırılacaq, bütün dünyanın aparıcı KİV-i ilə işıqlandırılması bizim heç bir cəhdlə əldə edə bilmədiyimiz bir nailiyyət olacaq. Müsabiqənin yüksək səviyyədə təşkili həm də dövlətin, həm də xalqın adına xeyir gətirəcək bir haldır.

- Bu gün Azərbaycanın viza məsələsi, siyasi məhbus kimi problemləri var. Müsabiqə ərəfəsində belə bir reallıqla qarşı-qarşıya qalmaq ölkəmizin imicinə zərbə vurmayacaq?
- Biz gec tez bu islahatları aparmağa məcburuq. İslahatların aparılmasına mane olan başlıca səbəb isə məmurlardır. Bəzən bir problem bir insanın iradəsindən asılıdır. Məsələn, hansısa nazirlikdə bu gün rüşvət alınır. Sözsüz ki, o, məmur öz işçilərini cəzalandırsa, ciddi tədbirlər görsə, bu məsələ bir günün içində öz həllin tapacaq. Azərbaycanda niyə bananın kilosu 3 manat olmalıdır? Dünyanın ən bahalı ölkələrində də belə qiymətlər yoxdur. Meymunun yediyi bir meyvəni Azərbaycanda 3 manat satırlar. İslahatlar nə qədər gecikəcəksə, bizim inkişafımız da bir o qədər geri qalacaq...

Səidə Teyyubqızı