“Bələdiyyələr yaradılanda eyforiyada idik” - Yenilənib

belediyyeler-yaradilanda-eyforiyada-idik
Oxunma sayı: 1867

“Siz paradoksa baxın. 100 mindən akt nəzərdən keçirilib məlum olub ki, bunların 96%-i qanunidir. Amma bələdiyyə problemləri bu faizin içindədir. Bələdiyyələr qanuni fəaliyyət göstərir axı. Mənə maraqlıdır bələdiyyə hakimiyyəti ilə başqa hakimiyyət münasibətləri məruzədə qeyd oluna bilərmi? Ədliyyə Nazirliyinin hüquqi varmı ki, bələdiyyələri birləşdirsin? Yox. Amma biz bunu istəyirik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Nizami Cəfərov parlamentin Regional məsələlər komitəsinin iclasında bildirib.

“25 ildir bələdiyyələr fəaliyyət göstərir. Mənim yadımdadır ki, bələdiyyələr yaradılanda necə eyforiyada idik. Ümidlər çox idi ki, regionlarda vəziyyət düzələcək. Amma günbəgün ümidlər azalır. Anlayıram eyforiyadan sonra reallıqda ümidlər azalmalıdır, amma heçə enməməlidir”, - deyə deputat vurğulayıb.

***

Ədliyyə nazirinin müavini Vilayət Zahirov isə bildirib ki, Azərbaycanda bələdiyyələrin 95 %-nin elektron xəritəsi artıq hazırdır. Onun sözlərinə görə, dekabrda təqdim olunan son məlumata əsasən, artıq 1323 bələdiyyənin elektron xəritəsi hazırdır, 37-si isə hazırlanaraq razılaşmaya təqdim edilib .

V.Zahirov vurğulayıb ki, bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edilib və işlər yekunlaşmaq üzrədir: “Əsas məsələ xəritələrin razılaşdırılması prosesidir. Hələ başa çatmamış müəyyən işlər var. Bu sahədə aidiyyəti qurumlarla mütəmadi görüşlər keçirilir”.

 

Zaur Mirzə