“Bəlkə ürəyimdə bir qız göyərə…”

belke-ureyimde-bir-qiz-goyere
Oxunma sayı: 913





Atüstü şeirlər

Gül, Canım-gözüm, gül!
Gülüş sənə o qədər yaraşır ki…
Mərhəmətin, böyüklüyün, ədalətin Allaha yaraşdığı qədər…


* * *

Uzandım çiçəkli dağın döşünə,
Kəpənək gül bilib qondu başıma.
Çıxartdım özümü yaz yağışına,
Bəlkə ürəyimdə bir qız göyərə…

* * *

Dünyada ən uzun və eyni zamanda, ən gözəl nitq sükutdur…

* * *

Ümidlə yaşamaq çox gözəldir. Dünyanın ən gözəl qadını ilə yaşamaqdan da gözəl…
İnsan ümidlə yaşayanda, onların izdivacından həyat doğulur…

* * *

Söz altında qalmaq tank altında qalmaqdan daha pisdir…
Tank altında qalmış adamdan əzilmiş, xıncım-xıncım olmuş halda da olsa müəyyən hissələr qalır. Söz altında qalan adamdan isə heç nə qalmır, tamam
məhv olur…

* * *

Bir insana söz atmaq ona daş atmaqdan daha təhlükəlidir. Belə ki, atdığın daş ən pis halda həmin insanın başına, atdığın söz isə, harasını nişan almağından asılı olmayaraq həmişə ürəyinə dəyir…

* * *

Mən sözü deyib, sözümün üstündə durmağı sevmirəm. Mənə görə söz müqəddəsdir, onu ayaqlamazlar…
Mən heç dediyim sözün arxasında durmağı da sevmirəm. Sözün arxasında gizlənmək dəmənlik deyil…
Sözümün önündə durmağı sevirəm, yalnız önündə…

* * *

Boğazdan yuxarı danışmağı heç vaxt sevməmişəm. Baxmayaraq ki, boğazdan yuxarıda baş - ağıl yerləşir. Mənimki ürəkdi, o da ki, boğazdan aşağıda yerləşir…

* * *

Dünyanın ən gözəl dərmanı və təbibi zamandır. Ən dərin yaraları, ən ağır əzabları o, sağaldır. İstənilən bir xəstənin sağalmasında dərmanla bərabər ( bəlkə də daha çox) zamanın xidməti var…

* * *

Zaman yolur saçlarımı,
Həyasız bir qadın kimi…


* * *

İki cür oğru var:
Bir var həyət oğrusu, bir də var həyat oğrusu…
Birincilər ev-eşiyi, həyət-bacanı yağmalayıb, iz buraxmadan gedənlər, ikincilər isə həyatda iz buraxmadan yaşayıb gedənlərdir…


* * *

Əslində, insanin gözləri iki tərəflidir…
Gözlərini açanda çölünü, qapayanda isə içini görür adam…
Allah insanı yaradanda ona görmək qabiliyyəti vermir, baxmaq qabiliyyəti verir. Özü də içinə yox, yalnız çölünə…
Görməyi isə insan özü öyrənir həyatda…
Ümumiyyətlə, görmək içlə, daxillə bağlı olan bir məfhumdur.
Görmək- həm öz içini, həm də çölünə baxıb, çölündəkilərin içini görməkdir…