“Beynəlxalq uçuşlar təkcə bizdən asılı deyil”

beynelxalq-ucuslar-tekce-bizden-asili-deyil
Oxunma sayı: 4003

Ölkədaxili uçuşlarla bağlı növbəti həftə ərzində qərar qəbul edilə bilər. Uçuşlar bərpa ediləcəyi təqdirdə, xüsusi qaydalara ciddi şəkildə əməl olunmasına baxılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün keçirilən brifinqdə deyib.

“Ölkə daxilində uçuşlar bərpa olunarsa, burada mütləq xüsusi qaydalar müəyyənləşdiriləcək ki, təyyarəyə giriş-çıxışda həmin qaydalara əməl olunsun. Bu, əsas şərt olaraq götürüləcək”.

İ.Məmmədov beynəlxalq uçuşlarla bağlı məsələyə də aydınlıq gətirib:

“Beynəlxalq uçuşlar təkcə bizdən asılı deyil. Bu, uçuşların həyata keçirildiyi başqa ölkələrdə də rejimin nə qədər yumşaldılmasından və hansı qərarlar qəbul edilməsindən asılıdır.

Yükdaşımalar və çarter reyslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyətlər 15 iyun 2020-ci il tarixinədək uzadılır.

Beynəlxalq uçuşlarla bağlı daha bir məqam müzakirə olunur. Beynəlxalq uçuşlar bərpa olunacaqsa, bizim başqa ölkələrlə koronavirus testindən keçmək haqqında sənədləri qarşılıqlı tanımamıza ehtiyac var. Məsələn, Azərbaycanda koronavirus testindən keçib neqativ nəticə haqqında alınan sənəd Türkiyə səfəri zamanı orada da tanınsın və Türkiyədə karantinə götürülməsinə ehtiyac olmasın. Eləcə də, Türkiyədə verilən koronavirus testinin nəticələri Azərbaycanda tanınmalıdır”.