Binəqədidə Memorial Kompleksin açılışı oldu - Fotolar

bineqedide-memorial-kompleksin-acilisi-oldu
Oxunma sayı: 1954

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksin açılış mərasimi və “Şəhidlik – Əbədiyyətdir” adlı ümumrayon tədbiri həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar, rayon ictimaiyyəti və digər şəxslər iştirak ediblər.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şəhid ailələrinə böyük ehtiramını bildirərək, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Binəqədi rayonundan olan şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin mənəvi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Binəqədi rayonunda şəhidlərimizin xatirəsinə Binəqədi, Biləcəri, Xocəsən qəsəbələrində Xatirə Kompleksləri, elə bu ərazinin yaxınlığında - Dərnəgül park ərazisində Vətən müharibəsində şəhadətə qovuşmuş üç min şəhidimizin əziz xatirəsinə yaşıllıq ərazisi salınıb.

“Uzun illər ermənilər tərəfindən dinc əhalimiz terrora məruz qalmış, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, 30 ilə yaxın torpaqlarımız işğal altında qalmışdı. Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı həssas diplomatik mübarizə, xalq, rəşadətli Milli Ordu və dövlət birliyi Azərbaycanı öz tarixi torpaqlarına qovuşdurmağı bacardı” - deyə Rayon İcra Hakimiyyətinin başçısı söyləyib.