“Bir çox azərbaycanlı qadın məhkəmədə farsca danışa bilmədiyinə görə edam olunub”

bir-cox-azerbaycanli-qadin-mehkemede-farsca-danisa-bilmediyine-gore-edam-olunub
Oxunma sayı: 2496

“Bir çox azərbaycanlı qadın məhkəmədə öz müdafiəsini farsca qura bilmədiyinə görə edam olunub”. Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar İsrail və dünyanın ən nüfuzlu nəşrlərindən olan “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yazıb.

“Qafqazinfo” xəbər verir ki, “İran yəhudilərinin acınacaqlı vəziyyəti qadınlara və milli azlıqlara qarşı terror ilə müşayiət olunur” sərlövhəli məqalədə fars dilini məhkəmədə özünü müdafiə etməyə imkan verən məqbul səviyyədə bilməyən güneyli soydaşlarımızın onların konstitusion hüququnu kobud şəkildə tapdayan bu hala etiraz etməsinin öz-özlüyündə böyük təhlükə daşıdığı diqqətə çatdırlıb.

Məqalədə Avropa Parlamenti üzvlərinin bu yaxınlarda qəbul etdiyi və İranda qadınların və milli azlıqların, xüsusən də ölkə əhalisinin üçdə birini təşkil edən Azərbaycan icmasının hər baxımdan acınacaqlı vəziyyətinə diqqət çəkən petisiyaya istinadən qeyd olunub ki, İranın mədəni, linqvistik, iqtisadi və siyasi ayrı-seçkilikdən əziyyət çəkən qeyri-fars əhalisini sözgedən vəziyyət marjinallaşdırır və müdafiəsiz edir. Belə ki, İranda baş verən üsyanlar xüsusilə də ayrı-seçkiliyə məruz qalan, mülki və siyasi hüquqlarından məhrum edilən qeyri-fars qadınların taleyi ilə bağlı suallar və ciddi narahatlıq yaradır.

İsrailli professor yazısında Avropa Parlamentinin məsləhətçisi Manel Msalminin fikirlərinə də yer verib: “İran İnqilabı dini, etnik, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün bərabər hüquqlar vəd edib. Biz Avropa İttifaqını və beynəlxalq ictimaiyyəti real məlumatlarla təmin etmək üçün həqiqəti yerində aşkarlamaq istiqamətində yorulmadan çalışan insan haqları təşkilatlarına, o cümlədən media qruplarına və jurnalistlərə, xüsusilə də Güney azərbaycanlıların, Əhvaz ərəblərinin, bəlucların, türkmənlərin və kürdlərin azadlıq mübarizəsini koordinasiya edən “Güney Azfront TG” kanalı kimi qurumlara minnətdarlığımızı bildirməliyik”.

Sözügedən petisiya İran rejimini qadınlara, etnik və dini azlıqlara qarşı iqtisadi, siyasi və hərbi təzyiqlərə son qoymağa çağırıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jpost.com/opinion/article-772342