“...Bizi bağışlasınlar”

bizi-bagislasinlar-
Oxunma sayı: 678

Azərbaycanın, eyni zamanda keçmiş SSRİ məkanının ilk müstəqil media strukturu olan ANS 21 yaşına çatdı. Olduqca çətin bir vaxtda - müharibələr, iqtisadi böhran, siyasi anlaşılmazlıq hokm sürən bir dövrdə Vahid və Seyfulla Mustafayev, həmçinin Mirşahin Ağayev tərəfindən 1991-ci ildə yaradılmış ANS növbəti ad gününü qeyd edir. Ad günündə ilk özəl telekanalın yaradıcılarından biri, ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mir Şahin Ağayevin ANS PRESS-ə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- 21 il əvvəl ANS-in yaranışı ilə regionda ilk özəl telekanalın əsası qoyuldu. O vaxt reklam bazarı yeni-yeni yaranırdı, bu işin maliyyə və başqa sahələrdə böyük çətinlikəri olduğunu bilirdinizmi? Bu çətinliklərin öhdəsindən necə gəldiniz?

- ANS-in yaranışı ilə daha nələrinsə yaranacağını təxmin edirdik. Amma biz - Vahid, Seyfulla və mən başımıızı aşağı salıb öz gündəlik işimizlə məşğul olduğumuzdan sonda nəyin və necə olacağı, hansı formanı alacağı barədə, sadəcə, düşünmürdük. Buna nə vaxt var idi, nə də həvəs... Amma dialektika var. İnkişaf var. Təbii ki, harasa gəlib çatmalı idik və biz də gəlib bura yetişdik. Yarı yolda düşənlər də, salıb itirdiklərimiz də, bu uzun yolu bura qədər bizimlə getməyə hövsələsi çatanlar da oldu.

ANS SSRİ-nin ilk müstəqil televiziyası idi. Buna görə də onu tamaşaçıların necə qəbul edəcəyi həm bizdən ötrü, həm də elə tamaşaçılarımızın özü üçün böyük bir sual idi. Sual və sınaq. ANS həmişə efirdə bir şeyi eşidib, tamam başqa bir həyat yaşayan tamaşaçıya onun əsl gününü, real güzəranını göstərəcəkdi! Tamaşaçı ütülü-kraxmallı diktor televiziyasını atıb, heç vaxt görmədiyi, özgə bir informasiya mənzərəsi təqdim edən naməlum bir baxış bucağını tutacaqdı?! Bəlli deyildi...

Reklam bazarı yox, kanal hələ nə olduğunu və nə olacağını göstərməyib. Bir kameramız var, onunla da Vahid həftənin bir–iki gününü toy çəkib əldə etdiyi pula Qarabağa ezamiyyətlərimizi maliyyələşdirirdi. ANS-in bir eksklüziv keyfiyyəti də budur ki, o, müharibədən yaranıb. Onun əsas fəaliyyəti bir teleagentlik kimi dünyanın əsas informasiya qurumlarını Azərbaycanda, döyüş bölgələrində gedən proseslərlə bağlı məlumatlarla təmin etmək idi. Çətinlikərin öhdəsindən isə yəqin ona görə gələ bildik ki, bunu ilk növbədə Allah istəyirdi və istəyir. Yoxsa Azərbaycan kimi mürəkkəb təbiətə (mən heç də təbii şəraiti nəzərdə tutmuram) malik ölkədə çoxdan tarixin bir ucqarına atılmışdıq... Dözüm gətirməyimizin başqa bir vacib səbəbi də yəqin ANS-in doğru yolda olmasıdır. Doğru yol heç vaxt azdırmır...

- Vahid və Seyfulla Mustafayevlərlə regionun ilk müstəqil televiziyasını yaradanda, sizi daha çox vətənpərvərlik hissləri ruhlandırırdı, peşəkarlıq baxımından isə elə böyük təcrübəniz yox idi. Belə bir uğur qazanacağınızı ağlınıza gətirirdiniz?

- Bir az əvvəl dedim ki, belə məsələlər əvvəlcədən ağla gəlmir. Bu bir prosesdir. Biz - Vahid, Seyfulla, Mir Şahin onu başladıq. Başladıq və getdik. Bizim məqsədimiz sadəcə xəbər vermək, məlumat çatdırmaq idi, onu da edirdik. Sonda nə olacaqdı, onu artıq Allah bilirdi. Və Allah da belə bildi. Yaşımız Azərbaycanın müstəqillik yaşı qədər, hələ bir az ondan da artıqdır və mən bir ANS-çi olaraq da, tamaşaçı olaraq da, vətəndaş olaraq da bununla fəxr edirəm.

- Üçünüz də gənc idiniz, elə bir qarmaqaşıqlıqda televiziya yaratmaq bir romantika idi, yoxsa real bir məqsəd?

- Yox. Heç bir romantika–filan yox idi. Bizim əsas məqsədimiz bəlkə də indi anlaşılan tərzdə televiziya yaratmaq deyildi; xəbər vermək, cəbhədən son məlumatları çatdırmaq idi, tamaşaçıların həqiqətə olan aclığını aradan qaldırmaq idi və bununla da məşğul olurduq. Televiziya bizə bir vasitə kimi lazım idi. Biz xəbəri camaata çatdırmaq üçün yol axtarırdıq. Ən çox oxunan qəzet belə (o vaxt hamımız Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azərbaycan” qəzetində çalışırdıq. Bu, ən populyar mətbuat vasitəsi idi) sürət və vüsətinə görə televiziyaya uduzurdu. Ona görə də televiziya ideyası yarandı. Bu ideyanı Vahid irəli sürəndə onun həyata keçəcəyinə hətta mənim özüm də çətinliklə inanırdım. Çünki kooperativ təşkilatlar, müstəqil qəzetlər görən cəmiyyətimiz müstəqil televiziya barədə hər hansı təəssürata sahib deyildi. Qarmaqarışıqlıq isə müəyyən mənada işimizə yaradı. Azadlıq Hərəkatının yaratdığı fon bizə işlədi. ANS 1992-ci il, mart ayının 9-da qeydiyyatdan keçəndə artıq prezident hakimiyyətdən kənarlaşdırılmışdı, onu əvəz edən qüvvələr isə kimisə təslim etməkdə, kimisə təhvil verməkdə idilər, o basabasda kimin ağlına gələrdi ki televiziya, özü də müstəqil televiziya yarana bilər...

- İndi Azərbaycanda bir neçə özəl telekanal olsa da, xalq hələ də ancaq ANS-ə inanır, hələ də sözün düzünü ancaq ANS-dən eşitmək istəyir. Hətta bəzən tamaşaçı xalq eşitməyəndə-görməyəndə ANS-i qınayır da. Bəs ANS özü xalqa inanırmı, xalqı qınayırmı?

- Bilirsiniz, hər şey dəyişir. İnkişaf edir. ANS də istisna deyil. ANS-i yaradan insanların 1991-ci ilin noyabr ayında 23 yaşı var idi, 28-29 yaşı var idi. Bu gün onlar artıq gənc deyillər. Elə yaşadığımız ölkə də dəyişib. Hər il bir inqilab yaşayan, həftə səkkiz mən doqquz, hakimiyyəti dəyişdirilən ərazi və əhali toplusundan ibarət anlaşılmaz coğrafi bir fraqment deyil. Güclü dövlət və oturuşmuş xalqla işləyirik. ANS həmişəki işi ilə məşğuldur. Xəbər veririk. Daha peşəkar olmuşuq. Baş verən hadisələri göstəririrk. Təcrübəsiz vaxtlarımızda olduğu kimi hadisə yaratmırıq. Olanı, baş verəni göstəririk. Ola bilsin ki, tamaşaçılarımız arasında böyüməyən, elə 1991-ci ildə ilişib qalan, siyasətçilərin peşəsini ANS-in yerinə yetirəcəyini düşünənlər var, ola bilsin, amma bizi bağışlasınlar. Əzizlərimiz! Biz mumiyalanmamışıq və zaman bizdən yan keçməyib. Biz öz işimizi yaxşı bilirik. Bizi öyrətmək lazım deyil. ANS kiminsə istədiyini yox, baş verənləri göstərir. Təəssüf ki, baş verənlərin içində heç də həmişə hər şey hamının - sizin təbirinizlə desək, xalqın istədiyi kimi olmur. Qınamaq da lazım deyil. ANS-in milyonlarla tamaşaçısı var. Bu tamaşaçıların hər birinin öz dünyagörüşü, öz zövqü var və biz eyni zamanda milyonlarla fərdin hər birinin ayrı-ayrılıqda xoşuna gələ bilmərik. Eybəcər bir şey alınar sonda. Xalqa inama gəlincə isə, məncə bu yanaşma doğru deyil. Xalqa inanmaq, ya inanmamaq olmaz. Allaha inanarlar və biz də Allaha inanırıq.

- Xalq ANS-i yalnız televiziya kimi görmür, bura ümid yeri kimi baxırlar. Dərdi olan ANS-ə üz tutur. Maraqlıdır, görəsən ANS dərdini kimə söyləyir?

- ANS göz qabağındadır. Dərdimizlə, sevincimizlə... Biz onu heç kimdən gizlətmirik. ANS-in efirdə göstərdiklərinin içində onun dərdi də var, sevinci də. Diqqətlə baxmaq lazımdır. Həm də axı biz bu xalqdan ayrı, muxtar bir parça deyilik. Niyə sizə elə gəlir ki, xalqın dərdi ilə bizimki əksər hallarda eyni deyil?!

- ANS azad medianın uğur formuludur. ANS əslində Azərbaycanda jurnalistikanın nə olduğunu başa saldı. Azərbaycan jurnalistikasının indiki səviyyəsi Mir Şahini qane edir?

- Mən belə iddialı bəyanatlardan çəkinərdim. Biz kiməsə əsl jurnalistikanın nə olduğunu başa saldığımızı güman etmirik. ANS öz adi işini görür, Azərbaycana xidmət göstərir. Bəlkə də ANS-dən yox, ANS-in efirində görünən hadisələrdən öyrənmək lazımdır. ANS-in salnamələşdirdiyi günlərimizdən, aylarımızdan öyrənmək lazımdır. Belə daha doğru olar, necə ki, ANS özü də hər gün öyrənir. Hər iş dəqiqəsi, hər iş saatı öyrənir. Jurnalistikamızın səviyyəsi məni, əlbəttə, qane etmir. Amma mən buna görə kimisə qınamır, günahlandırmıram. Bu jurnalistikanın yaranmasında mən də iştirak etmişəm və edirəm. Deməli, mənim öz fəaliyyətim də hansısa məqamda məni qane etmir. İşləmək lazımdır, gərgin işləmək. Azərbaycan elə ölkə deyil ki, onun vətəndaşları 8-9 saatlıq iş rejimi ilə kifayətlənsinlər...

- Sizi yormaq istəmirik, son olaraq bu sualı vermək istəyirəm. 21 yaşa çatmaq çətin olmadı ki?

- Yox, çətin olmadı. Elə bil ki, dünən idi azadlıq hərəkatı, Ayaz Mütəllibovun istefası, AXC-nin hakimiyyətə gəlişi, sonra süqutu, vətəndaş müharibəsi, Heydər Əliyevin ölkə rəhbərliyinə dəvət olunması, dövlət çevrilişinə cəhdlər, Bakı-Ceyhan, saysız döyüşlər, Cingiz Mustafayevin Xocalıda çəkdikləri və sair və il axır, və il axır və il də beləcə axır olur. Bir də görürsən axır olan illərin sayı olur 21! Hadisələrlə yaşayıırq biz, saat və ya illə yox. Məsələn, təkcə Allah bilir mənim cəmi neçə hadisəlik ömrüm qalıb?! Və eləcə də hər bir ANS-çinin... Təki bu hadisələr xoş olsun, bizi, dövlətimizi və millətimizi sındırmasın. İlk növbədə isə Böyük Tamaşaçı Xalqımızı təbrik edirəm. Çünki televiziya özlüyündə bütöv, tam deyil! Onun bütöv, tam olması üçün digər yarısı - tamaşaçısı olmalıdır. Qoy ərazimiz həmişə bütöv olsun!