Leninə oxşayan Rəzulzadə...

lenine-oxsayan-rezulzade
Oxunma sayı: 665

Yəni nə qədər olmasa da, Məmmədəmin bəy gündəmin bir hissəsinə öz möhürünü vurub.

Mövzuyla bağlı əsas fakt bundan ibarətdi ki, heykəl götürülüb. Bununla bağlı isə iki mövqe var. Birinci mövqe budur ki, rayon müxalifəti Rəsulzadənin büstünün götürüldüyünü deyir, bunu hakimiyyətin ona qısqanc münasibətin təzahürü kimi qiymətləndirir. Və bununla bağlı Rayon İH-yə bəyanat verilib (“Yeni Müsavat”).

İkinci mövqe etirazlardan sonra Rayon İH-nin yaydığı açıqlamada ifadə olunub. Bildirilir ki, deməyəsən, götürülən büst Rəsulzadənin deyil, Lenininmiş. Bəli-bəli! Deməyəsən...: “Belə ki, Sabirabad rayon Partiya Komitəsinin inzibati binasının (indiki İH) giriş hissəsinin sol tərəfindəki küncdə qoyulmuş V.İ.Leninin büstünün baş hissəsinə əl gəzdirərək M.Ə.Rəsulzadəyə oxşadıblar. Bununla da onlar görkəmli şəxsiyyətə qarşı böyük sayğısızlığa yol veriblər”.

Qoy Lenin məsələsini bir yana qoyub bir haşiyə çıxım. Biləsuvarlı dostum, Qarabağ qazisi Asifin yaxşı bir sözü var. Deyir ki, şikayət məktubu yazanda bir abzasda fikrini yazıb çatdırırsan, ondan sonra faktla bağlı sözün qurtarır və məcbur olursan yeni abzasa keçib belə başlayasan: “Belə ki...” Bu, da həmin “belə ki”dən olmasın? Nə isə. Əlbəttə, asan məsələ deyil, hakimiyyətin bir nömrəli düşməni olsa da, Məmmədəminin büstünü götürüb arın-arxayın susmaq çətindi. Gərək, mütləq bir “belə ki...” sözü yazıb, çulunu sudan quruya çıxarasan. Yəni rəzilliyinə bir don geyindirəsən ki, iraq-iraq Qubanın gününə düşməyəsən. Hərçənd, bu günkü Azərbaycan cəmiyyəti üçün (söhbət şikəst edilmiş cəmiyyətdən gedir)

Məmmədəminin adı elə ciddi bir şey ifadə eləmir ki, ona görə ayağa qalxan bir kütlə ola. Hə, o başqa məsələdi ki, onun yadigar qoyub getdiyi üçrəngli bayrağı müqəddəs sayırlar, ona dünyada ən hündür dirək düzəldib Bayraq meydanı salırlar, onu təhqir eləyəni baltayla doğrayırlar (əcəb eləyirlər) və həmin o üçrəngli bayrağı mitinq və aksiyalarda iştirakçıların əlindən alıb yerə atan, üstünə tüpürüb tapdalayan hakimiyyət həmin o baltalayanı həbsdən azad eləyir, xalq da onu gözünün bəbəyi kimi sevir, əfv eləyəni də qəhrəman səviyyəsinə qaldırır, ancaq onun özünü, yəni Məmmədəmini, o bayrağın yaradıcısını xalq düşməni kimi unutdurmağa çalışır, bir tək, elə bir cüt də olan büstlərini götürür, sonra da adını qoyur ki, müxalifət bu görkəmli şəxsiyyətə hörmətsizlik edibmiş.
Bilirəm, bu cümlələrim yanıltmaca oxşadı. Ancaq mən neynim ki, bunların əməlləri yanıltmaca oxşayır, mən də məcburam onu olduğu kimi sevimli oxucularımıza çatdırım.

Bir yandan da adamın yadına başı “rezba”yla bağlanan heykəl haqda lətifə düşür, ancaq iş ondadı ki, Məmmədəminin heykəli mübaliğəsiz-filansız ürəklərdə özünə əbədi yer tutub, onun zamanlardan, rejimlərdən qorxusu yoxdu, qoy, o qorxunu çəkməli olanlar keçirsin.

Bəs bu açıqlamada məzəli olan, yəni heykəlin Leninin olmasını əsaslandıran əsas dəlil nədi, bilirsizmi: “Çünki onun (Leninin – R.) heykəllərində, büstlərində həmişə gördüyümüz bütün əlamətlər bu büstdə də öz əksini tapıb: sol əli cibində...” Bəliiii. Sol əli cibində. Rəsulzadənin əli cibində ola bilməzmiş. Dədəsindən nefti qalmamışdı ki...

Əli cibində olanlar ancaq Lenindən törəyən tör-töküntü ola bilər. Nə deyirik, olsun, onlar sayğısızlıq göstərib, siz kişi olun, o görkəmli dediyiniz şəxsiyyətə sayğı göstərib adına layiq büstü də siz qoyun. Elə həmin yerdəcə. Yalla, əliniz cibinizdə olsun. Gözləyirik...