BMT TŞ-də İranla bağlı fövqəladə iclas keçirildi - Yenilənib

bmt-ts-de-iranla-bagli-fovqelade-iclas-kecirildi
Oxunma sayı: 1644

ABŞ-nin tələbi ilə BMT Təhlükəsizlik Şurasında (TŞ) İrandakı vəziyyətlə bağlı iclas keçiriləcək.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, TŞ-yə sədrlik edən Somali missiyası məlumatı təsdiqləyib. 

İclasın bu gecə Bakı vaxtı ilə saat 00:00-da keçiriləcəyi bildirilir. 

Xatırladaq ki, İranda dekabrın sonundan başlayan etiraz aksiyaları davam edir.  İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) aksiyalar zamanı ölənlərin sayının 2615-ə yüksəldiyini, daha 2054 nəfərin yaralandığını açıqlayıb. 18470 nəfərin isə saxlanıldığı qeyd olunub.

***

İranda davam edən etiraz aksiyaları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Görüş ABŞ-nin təşəbbüsü ilə baş tutub.

İclas zamanı ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts çıxış edərək bildirib ki, Vaşinqton İran xalqına dəstək verir. Onun sözlərinə görə, Prezident Donald Tramp zorakılığın qarşısının alınması üçün bütün mümkün seçimlərin nəzərdən keçirildiyini açıq şəkildə bəyan edib.

BMT nümayəndələri isə İrana qarşı mümkün hərbi müdaxilənin artıq gərgin olan vəziyyəti daha da qeyri-sabitləşdirə biləcəyi barədə xəbərdarlıq ediblər.

Təhlükəsizlik Şurasındakı müzakirələrdə çıxış edən BMT Baş katibinin köməkçisi Marta Pobi qeyd edib ki, Baş katib mövcud həssas şəraitdə bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırır və daha çox insan itkisinə və ya regionda genişmiqyaslı eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayır.