BMU tələbələri Axundovun əsərini ingiliscə səhnələşdirib - Fotolar

bmu-telebeleri-axundovun-eserini-ingilisce-sehnelesdirib
Oxunma sayı: 1170

Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin böyük mütəfəkkir Mirzə Fətəli Axundovun ingilis dilində səhnələşdirdikləri “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” əsərinə baxış keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü çərçivəsində universitetin Xarici dillər kafedrası tərəfindən təşkil olunan tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən rektor Yaqub Piriyev qədim və zəngin tarixi köklərə sahib Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanıdılması, milli mədəni irsin təbliği, təşviqi və inkişafı sahəsində ali təhsil müəssisələrinin üzərinə müəyyən öhdəliklərin düşdüyünü vurğulayıb. BMU-da müxtəlif ölkələrdən olan tələbələrin təhsil aldığına diqqət çəkən rektor məzun kimi döndükdən sonra bu qəbildən olan mədəni tədbirlərin onların təəssüratında dərin izlər buraxacağını deyib. Eyni zamanda, bu təəssüratların multikulturalizm ölkəsi olan Azərbaycanla bağlı düzgün təsəvvürün formalaşmasına, Vətənimizlə bağlı təbliğat işinin səmərəli təşkilinə, nəticə etibarilə Azərbaycanın ali təhsil müəssisələrinə əcnəbi tələbələrin marağının artırılmasına müsbət təsir edəcəyini bildirib. 

Tələbələrin hərtərəfli inkişafına xidmət edən belə tədbirlərin davamlı olmasının vacibliyini qeyd edən Yaqub Piriyev istedadlı gənclərin peşəkarlığının üzə çıxarılmasında hər zaman dəstəyin göstəriləcəyini vurğulayıb.

Sonra tələbələrin ifasında “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” əsəri təqdim olunub. 

Qısa aktlar formatında səhnələşdirilən tamaşada səhnəciklər arasında tələbələrin ifasında müxtəlif musiqi nömrələri də səsləndirilib.

Maraqla və məmnunluqla izlənilən tədbirin sonunda Xarici dillər kafedrasının müdiri Ətrabə Gül tədbirdə iştirakına görə rektora və BMU-nun kollektivinə təşəkkürünü ifadə edib.