Şənbə və bazar günləri şəhərlərarası yollarda nəqliyyat axını artır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfərdən əvvəl təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edir.
“Qafqazinfo” xəbər verir ki, bu, BDYPİ-nin məlumatında bildirilib.
Qeyd edilib ki, yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq vacibdir: “Əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır.
Hərəkət zamanı sürət həddini yol şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə ara məsafəsini qorumaq və yalnız icazə verilən yerlərdə ötmə əməliyyatı aparmaq yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir. Uzun məsafələrdə isə yorğunluq hiss etdikdə qısa fasilə vermək zəruridir.
Səfər boyunca diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadədən uzaq durmaq və təhlükəsizlik kəmərindən istifadə etmək isə hər bir sürücünün əsas vəzifəsidir.
Unutmayaq ki, təhlükəsiz səfər təsadüf deyil - diqqətli və məsuliyyətli davranışın nəticəsidir. Qaydalara əməl edək, yollarda təhlükəsizliyi birlikdə qoruyaq”.
Son xəbərlər
Son Xəbərlər