“BP-Azərbaycan”dan cavab

bp-azerbaycandan-cavab
Oxunma sayı: 4367

“BP-Azərbaycan” şirkəti “Qafqazinfo”da dərc olunan şirkətin keçmiş əməkdaşı Aslan Aslanovun şikayətinə cavab verib.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə müvafiq olaraq şirkətin biznesinin daha səmərəli icra və idarə olunması məqsədilə apardığımız struktur dəyişikliyinin nəticəsində bir neçə digər vəzifə ilə yanaşı BP-nin keçmiş əməkdaşı Aslan Aslanovun da tutduğu vəzifə ləğv olunub. Bu səbəbdən Aslan Aslanov Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, ixtisar haqqında xəbərdarlıq bildirişi təqdim edilməklə və müvafiq ixtisar ödənişləri edilməklə ixtisar edilib.  

Qaldırdığınız digər məsələrlə bağlı bildiririk ki, BP şirkətinin Azərbaycan hökuməti ilə imzaladığı hasilatın pay bölgüsü haqqında sazişlərə uyğun olaraq, Azərbaycanda işçilərimizin əksəriyyətini - 89%-ni Azərbaycan vətəndaşları təşkil edir. BP şirkətinin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi vardır. Bu, o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz etməkdə davam edəcək.

İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. Bundan əlavə, bir sıra azərbaycanlı kadrlar BP-nin dünya üzrə biznesində çox yüksək beynəlxalq vəzifələrdə çalışırlar. Elə bu həftə daha bir azərbaycanlı mütəxəssis BP-nin Avstraliyadakı bütün hasilat və kəşfiyyat biznesi üzrə rəhbər vəzifəyə təyin olunub.

Həmçinin BP şirkəti təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrların yetişdirilməsi məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak edir.
 
BP şirkəti Azərbaycanda hasilatın pay bölgüsü haqqında sazişlər, həmçinin yerli qanunvericilik əsasında fəaliyyət göstərir. Biz çalışdığımız ölkəyə və onun qanunvericiliyinə hörmət edirik. BP şirkəti ən yüksək etik standartlara sadiq qalır və etibarlı tərəfdaş olmağa çalışır.
 
BP şirkətinin iş mühiti qarşılıqlı hörmət və inam əsasında qurulub və burada bütün işçilərlə heç bir ayrı-seçkilik olmadan və BP şirkətinin Davranış Kodeksinin əsaslarına uyğun olaraq, ədalətlə, hörmətlə və ləyaqətlə rəftar olunur.

Qeyd edək ki, A. Aslanov şikayətində şirkətin ona qarşı qərəzli münasibət göstərərək işdən çıxardığını,vitse-prezident tərəfindən təhqir edildiyini və Əmək Məcəlləsinin tələblərinə əməl edilmədiyini vurğulayıb. 

Müraciətin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://qafqazinfo.az/news/detail/vitse-prezident-meni-iscilerin-qarsisinda-tehqir-etdi-bp-den-sikayet-215614

Günel Türksoy