“Bu ad mənim Nizami Cəfərovlardan müdafiəm oldu” - Müsahibə

bu-ad-menim-nizami-ceferovlardan-mudafiem-oldu-musahibe-
Oxunma sayı: 1180





Azərbaycan Yazıçılar Birliyinin katibi, Pen klubun vitse-prezident, xalq yazıçısı Çingiz Abdullayevin “Qafqazinfo”ya müsahibəsi

- Sizə deyiblər ki, çox zəhmli görünüşünüz var?
- Xeyr deməyiblər, birinci dəfədir siz deyirsiz. (gülür)

- Sizi nə sevindirə bilər?
- Qadınlar. Nə vaxt ki, qadınları sevməyəcəm, o gün də yazmayacam. Yaradıcı insan üçün qadın sevgisi olmasa, o heç vaxt yaza bilməz. O hiss öləndə sən də yazıçı kimi ölürsən.

- Deyirlər yazıçının ən yaxın dostu qadın və şeytandır. Sizdə hansıdır?
- Görünür ikisi də.

- Qadınları daha çox nəyinə görə sevirsiz?
- Eyni tipli qadınları heç vaxt sevməmişəm. Belə olduğu halda hamısı bir-birinə oxşayardı. (gülür) Qadın var ki, həmişə sevilir, qadın da var hərdən.

- Çingiz Abdullayevə görə kişi neçə dəfə sevə bilər?
- Alimlərin araşdırmalarına görə, qadınlar ömründə bir-iki dəfə sevə bilər, kişilərsə üç və dörd dəfə.

- Bəs Siz neçə dəfə sevmisiz?
- Görünür mən 3-4 dəfədən daha çox sevmişəm. (gülür)

- Deyirlər ki, sevgi obyektlərini tez- tez dəyişən insanın həyatı qarmaqarışıq olur. Belə bir problem yaşamamısız?
- Xeyr, məndə heç vaxt belə bir problem olmayıb. Hansısa bir əsər yazanda da yazımın qəhrəmanını sevə bilərəm.

- Neçə övladınız var?
- İki

- Onlardan nə gözləyirsiz?
- Heç nə gözləmirəm. Mənim o ataya, anaya yazığım gəlir ki, uşaqlarını onların istədiyi kimi deyil, öz istədikləri kimi böyüdürlər. Bunu qəbul etmirəm. Övladın öz həyatı var, əgər nə vaxtsa valideyndən kömək istəsələr, o zaman müdaxilə etmək olar. Valideynlər övladlarının yerinə onların həyatını həll etməyə çalışmamalıdır.

- Çox vaxt valideynlər övladlarına seçim hüququ vermir. Onların yerinə peşə, kişi və qadın seçir...
- Bizim ailədə belə hallar baş verməyib. Uşaqlarımın ikisi də hazırda İngiltərədədir. Hərdən onları görməyə gedirəm, amma heç vaxt həyatlarına müdaxilə etmirəm. Artıq böyüyüblər, əgər istəyərlərsə, hansısa məsələdə onlara yalnız məsləhət verə bilərəm, istəməzlərsə, heç məsləhət də vermərəm. Hər bir insan öz həyatını yaşayır. O qədər ata və analar var ki, onlar öz uşağının həyatını sındırıb. Çox vaxt uşaqlarının yerinə qərar veriblər, onları istəmədikləri universitetə oxumağa qoyub, istəmədikləri qızı alıb və yaxud istəmədiyi oğlana ərə veriblər. Bu, düzgün deyil.

- Babasız?
- Hələki xeyr.

- Elələri var ki, nəvə istədiyi üçün övladını tez evləndirir...
- Baba olmaq üçün qızımı tez ərə vermərəm, oğlumu isə tez evləndirmərəm. Bu, onların öz işidir, artıq böyük uşaqlardır. Özləri bilər nə vaxt evlənər, ailə qurarlar. Soruşsalar, mən yalnız məsləhət verə və kömək edə bilərəm.

- Çoxları kimi nə vaxtsa baba olmaq Sizi də qorxutmur ki?
- Xeyr, qətiyyən qorxmuram.

- İnsanlarda ən çox dəyər verdiyiniz xüsusiyyət hansıdır?
- Öz prinsiplərinə sadiq qalan, tutduğu yoldan, fikirdən dönməyən insanları çox sevirəm.

- Deyirlər ki, öz fikirlərini dəyişməyənlər ancaq ölülər və dəlilərdir...
- Göründüyü kimi, mən ölüyəm, nə də dəli. (gülür) Fikirlərini dəyişməyən insanlar həm də ləyaqətli insanlardır.

- Bəs insanların Sizdə dəyərləndirdiyi xüsusiyyət hansıdır?
- Onu mən yox, insanlar deyə bilər.

- “Dronqo” sözünün mənası nədir?
- Dronqo quşdur, amma heç kimdən qorxmur. İstəyirdim, elə bir qəhrəman yaradım ki, Ceyms Bond kimi, amma çox ağıllı olsun. Ruslar deyir ki, Dronqo rusdur, ingilislər deyir, ingilis, fransızlarsa onu fransız bilir. Amma əsərimdə də yazmışam ki, Dronqonun anası da, atası da azərbaycanlıdır.

- Demisiz ki, Sizin üçün “Yazmaq narkotikdir”…
- Əgər saysız-hesabsız kitablar yazmışamsa, deməli, bu, belədir.

- Yazmayanda özünüzü necə hiss edirsiz?
- Çox pis. Doğrudan da yazmaq mənim üçün narkotik kimidir. Hiss edəndə ki, yazmaq istəyirəm, amma yazmıram özümü yaxşı hiss etmirəm.

- Yazıçı kimi daha çox Sizi nə təsirləndirə bilər?
- Hər şeydən təsirlənib yaza bilərəm. Müxtəlif şəhərlər, ətrafımda baş verən hadisələr, qadınlar…

- Yazıçı üçün mövzu olmalıdır, yoxsa o çox vaxt özü uydurur?
- Yazıçı uyduranda ona heç kim inanmayacaq, mütləq fakt olmalıdır.

- Kitablarınız 28 dilə tərcümə olunub. Sizcə bir yazıçı üçün əsas keyfiyyətdi, yoxsa kəmiyyət?
- Əgər əsərlərim keyfiyyətsiz olsaydı, hər halda 28 dilə tərcümə olunmazdı. Hər bir yaxşı söz “internasional” sözdür. Belə sözün, firkin milləti olmur. Necə milli riyaziyyat, milli biologiya ola bilməz, eləcə də milli fikir ola bilməz. Əgər yazıçı belə yazacaqsa, onu dünya da qəbul edəcək. Donkixot yalnız ispandırmı? Xeyir. O, azərbaycanlı, iranlı, türk, ispan və fransız da ola bilər. Atillanı götürək, o, yalnız Venessiyada ola bilər? Xeyr, Azərbaycanda da ola bilər.

- Millət vəkili Nizami Cəfərov müsahibələrindən birində deyib ki, rusdilli yazıçıların Azərbaycan ədəbiyyatına dəxli yoxdur. Sizcə yazıçının müxtəlif dillərdə yazması onun milli kimliyinə təsir göstərir?
- O zaman bizə Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, İsmayıl bəy Qutqaşınlı da lazım deyil? Mən onunla razı deyiləm.

- Azərbaycanda baş verən haylı-küylü qətllərdən heç yazmısız?
- İndi hər şeyi yazmaq olmur. Ona görə yox ki, nədənsə çəkinirik. Çox vaxt başa düşürsən ki, çox şeyi yazmaq olmaz.

- Akademik Ziya Bünyadovun qətli, keçmiş polis zabiti Hacı Məmmədovun əməlləri hansısa əsərinizin süjet xətti ola bilərmi?
- Əlbəttə ola bilər. Mən həmişə əsası olan, sübuta söykənən kitablar yazmışam. Çox şey bilsən də, zaman gəlir danışmaq əvəzinə susmaq lazım olur.

- “Susmaq qızıldır” prinsipi yazıçıya aid olmamalıdır axı…
- Bibliyada maraqlı bir fikir var. Yazılıb ki, nə qədər çox bilsən o qədər də sənə pis olacaq.

- Yazıçı üçün baryer varmı?
- Sözsüz ki…

- Sizcə bu nə dərəcədə düzgündür?
- Azərbaycan yazıçısıyam, elə mövzular var ki, mən o barədə yaza bilmərəm.

- Konkret hansı mövzuda yaza bilməzsiz?
- Mişelin “Platforma” əsəri çox dillərə tərcümə olunub. Baş qəhrəman atasının dəfninə gəlir və dəfn zamanı atasının qəbrinin yanında dayanaraq, valideynlərinin bir yerdə yataq həyatını xəyalında canlandırır. Azərbaycan yazıçısı bunu heç vaxt yaza bilməz. Ona görə yox ki, mentalitetimiz bunu qəbul etməz. Bizdə oğul valideynini itirən zaman, dəfn mərasimində belə biədəb şeylər düşünmür. Yazıçı həmişə öz milli xüsusiyyətlərini yazır. Yazıda milli fikir ola bilməz, amma milli xüsusiyyətlərin olması vacibdir.

- Bizdə açıq-saçıq yazanlar da az deyil. Mental düşüncəmizə görə Azərbaycan yazıçısı bu mövzuda yaza bilməz?
- Yaza bilər, amma Azərbaycan yazıçısı fransıza və yaxud hansısa əcnəbi yazıçıya oxşamaq istəyəndə bu çox gülməli görünür. Kitablarım 28 dilə tərcümə olunub, əgər əsərlərim kiminsə yazısına oxşasaydı, heç vaxt onları dərc etdirməzdim. Elə buna görə də məni dünyada çap edirlər.

- Paula Koelyonun “11 dəqiqə” əsərində müəllif baş qəhrəman Mariyaya əxlaqsız hərəkətlərinə görə bəraət qazandırır. Həm də əsər başdan ayağa açıq-saçıq səhnələrlə doludur. Biz isə belə əsərləri qınaq obyektinə çeviririk. Yenə mentalitet?..
- Deməzdim, qınaq obyektinə çevrilir. Mənim əsərlərimdən birində də bəzi sevgi səhnələri var, hətta qadın özü kişiyə sevdiyini etiraf edir. Markesin təzə kitabı çıxıb. Kitabın adı o qədər biədəbdir ki, onu heç bizim dilə tərcümə belə etmək olmaz. İspan dilindədir, kitabın adını rus dilinə tərcümə edə bilməyiblər. O, Markesdir, tamam başqa mədəniyyət sahibidir, burasa Azərbaycandır axı...

- Bəlkə bizim köhnəlmiş, sıradan çıxmış mentalitetimiz belə əsərləri yazmağa imkan vermir?
- Tolstoy heç vaxt pornoqrafiyadan yazmayıb, amma onu bütün dünya oxuyur. Bizim postmodernistlər deyirdilər ki, Orxan Pamuk postmodernistdir. Ancaq o Bakıya gələndə mənim yanımda Anar ondan soruşdu ki, postmodernistsiz? O, güldü və postmodernistin nə olduğunu bilmədiyini dedi.

- Yazıçıya titulların verilməsinin tərəfdarısız?
- Tərəfdarıyam. Mənə ad verildikdən sonra, bu ad mənim üçün çox yaxşı müdafiə rolunu oynadı. Bu ad mənim Nizami Cəfərovlardan müdafiəm oldu. Bu baxımdan ad olmalıdır.

- Mükafatlar verildikdən sonra bu yazıçını çərçivəyə salmır ki?
- Araşdırmalara görə, “Nobel”, “Oskar” mükafatçıları daha çox yaşayırlar nəinki, onları almayan yazıçılar. (gülür) Yazıçıya belə mükafatlar verəndə daha çox yaşayır, onu sevməyənlər isə daha tez ölür. Ona görə də baxır hansı yazıçını həmin mükafatlar çərçivəyə salır.

- Çingiz Abdullayevin aldığı mükafatlar onu çərçivəyə salmayıb ki?
- Adam gərək özünə elə də çox ciddi baxmasın. Bu baxımdan təbii ki, çərçivəyə salmır.

- Populyar əsərləri olan yazıçıya nə lazımdır? Oxucu sevgisi, yoxsa pul?
- Oxucu sevgisi. Ən vacibi odur ki, həmin əsərləri oxusunlar və müəllifi sevsinlər. Elə olub ki, müxtəlif ölkələrdən mənə zəng vurub, kitablarımı oxuduqlarını deyiblər. Bu, adama ruh verir.

- Detektiv janrında yazmağınız sizin xüsusi xidmət orqanlarında fəaliyyətinizlə nə qədər bağlıdır?
- Axırıncı iş yerim MTN-də kurator vəzifəsi olub. Orada işləməyimin yazılarıma təsiri çoxdur. Nəyi görmüşəmsə, onu da yazmışam.

- Orada işləməsəydiniz, yenə də dedektiv janrında yazardız?
- Mən uşaqlıqdan hüquqşünas olmaq istəmişəm. Orada işləməsəydim, yenə də həmin janrda yazacaqdım. Uşaqlıqdan dedektiv janrından yazan müəllifləri çox oxumuşam.

- Hazırda dünyada demək olar ki, ən çox oxunan janr detektivdir. Sizcə, bunun səbəbi nədir?
- Görünür bu, cəmiyyətlərdə baş verənlərlə bağlıdır. Bizim cəmiyyətdə son 20 ildir ki, bütün hadisələr ancaq dedektiv janrındadır.

- Kitab yazmaq üçün faktları necə əldə edirsiz?
- Elə əhvalatlar olur ki, Allah göstərməsin adam heç o barədə danışmaq belə istəmir. Bu yaxınlarda bir qadın başına gələn əhvalatı mənə danışıb. Qadının təxminən 40 yaşı var. Deyir ki, çox məşhur restoranlardan birində rəhbər vaxtında aşbazın pulunu vermədiyi üçün, aşbaz əvəz çıxmaq məqsədi ilə yeməyin içinə zəhər qatıb. Həmin yeməyi də 4-5 nəfər yeyib və nəticədə bu qadının 15 yaşlı qızından başqa hamı sağ qalıb. Ölən qızın atası isə sonradan xəstələnib, cavan yaşında vəfat edib. Qadının əri öləndə onu çağırıb deyib ki, ürəyini buz kimi saxla, qızımızı öldürən həmin aşbazı tapıb, öldürüb, meyidini də dənizə atmışam. Əgər baş vermiş bu həqiqi əhvalatı yazsaydım, deyərdilər ki, uydurmadır.

- Həmin qatilin hərəkətinə bəraət qazandırırsız?
- Bəlkə də o, haqlıdır.

- Doğrudanmı qatil müdrik ola bilər?
- Ola bilər. Amma qatilin öldürdüyü həmin aşbazın da uşaqları yetim qaldı. Bu əhvalatı yazsaydım, vaxtında insanların maaşını verməyən restoran müdirini qınayacaqdım. Bəlkə mənim kitablarımı ona görə oxuyurlar ki, heç vaxt əsərlərimdə hakim olmuram. Cinayətkara da, qurbana da eyni dərəcədə acıyıram. Mən Qarboçovdan yazmışam, amma onu heç sevmirəm. Həm yaxşı, həm pis tərəflərini göstərmişəm. Qoy oxucu özü təyin etsin onun yaxşı və pis olmasını.

- AYB-yə namizədlər arasında xeyli adamın adı çəkilir. Anardan sonra kimi bu postun sahibi görmək istərdiz?
- Çox adamın adını çəkirlər. Mənsə düşünürəm ki, bu posta ən real namizəd yenə də Anardır.

- Sizin də adınız sədr olmaq istəyənlər arasında çəkilir. Amma deyirsiz ki, layiqli namizəd Anardır. Belə çıxır ki, özünüzə inanmırsız?
- Yox. Pen klubun prezidenti olmuşam. İki postun sahibi olmaq da mümkün deyil. AYB-nin sədri olmaq üçün gərək o biri postu təhvil verim. Anarın hələ nə yaşı var, o, uzun müddət də AYB-nin sədri ola bilər. Bizi dünyada da təmsil etmək lazımdır axı. İnanmıram ki, Azərbaycanda və AYB-də çox adam tapılar ki, mənim kimi dünya ədəbiyyatını, dünya yazıçılarını tanısın, onlarla ünsiyyətdə olsun. Amma Anar məndən də qat-qat çox bilir. O, bizim ədəbiyyatı dərindən bilən şəxsdir. Hesab edirəm ki, o, bu posta ən yaxşı namizəddir. Nə zaman qurultay olsa, mən öz səsimi Anara verəcəm.

Aynurə Həsənova