“Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir”

bu-avtomobil-yolu-zengezur-dehlizinin-alternatividir
Oxunma sayı: 395

“Artıq Zəngəzur dəhlizinin Naxçıvana aid olan hissəsində tikinti işlərinə başlanılıb və cənab Prezident səfəri zamanı həmin layihələrlə tanış olub. Ermənistan sərhədindən Ordubad istiqamətində – Zərəni və Salamməlik stansiyaları arasındakı 7 kilometrlik hissədə tikinti işləri artıq başlayıb və sürətlə davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov AZƏRTAC və AzTV-yə birgə müsahibəsində deyib.

Onun sözlərinə görə, Muxtar respublika ərazisində Zəngəzur dəhlizinin ümumi uzunluğu 194,2 kilometrdir.

“Burada 10 stansiya və 3 sərnişin dayanacaq platforması daxil olmaqla yenidənqurma işləri aparılacaq. Dəmir yolu xəttinin Culfa–İran xətti ilə birləşməsi, eləcə də Şimal-Cənub və Orta Dəhlizlərin kəsişməsi məhz Culfa stansiyasında baş verəcək. Cənab Prezidentin apardığı siyasət nəticəsində bir sıra alternativ layihələr muxtar respublikada kəsişir: bura həm Cəbrayıl qovşağından Naxçıvana, oradan da Qərbə doğru uzanacaq enerji layihələri, həm də Zəngəzur dəhlizi boyunca Naxçıvana və ehtiyac olduqda daha uzaq məsafələrə çəkiləcək fiber-optik xətlər daxildir.

Ən vacib məqamlardan biri isə hazırda inşası tamamlanmaq üzrə olan Ağbənd–Kəlalə körpüsü və növbəti mərhələdə Ordubad–Siyahrud körpüsü vasitəsilə Naxçıvana yeni bağlantının yaradılmasıdır. Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir və muxtar respublikanın nəqliyyat infrastrukturunun şaxələndirilməsi deməkdir. Cənab Prezidentin 2023-cü il 5 iyun tarixində təsdiq etdiyi muxtar respublikanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramının müvafiq bəndində Naxçıvan ilə Türkiyə arasında ikinci körpünün tikintisi də öz əksini tapıb və bu istiqamətdə ilkin hazırlıq, geoloji kəşfiyyat işləri aparılmaqdadır”, - deyə o vurğulayıb.