“Qafqazinfo” xəbər verir ki, mərasimdə prezidenti İlham Əliyev də işirak edib. Dövlət başçısı tədbirdə çıxış edərək Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvlərini bu təşkilatın 90 illiyi münasibətilə təbrik edib. Qurumun 77-ci konqresinin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu deyən İlham Əliyev bunun ölkəmizi təqdim etmək imkanını artırdığını diqqətə çatdırıb.
İlham Əliyev qeyd edib ki, indiyə qədər Azərbaycanda çoxsaylı beynəlxalq yarışlar, dünya və Avropa çempionatları keçirilib. İdmançılarımız beynəlxalq yarışlarda yaxşı nəticələr əldə ediblər. 1996-cı ildə Azərbaycan Atlanta Yay Olimpiya Oyunlarında 1 medal qazanmışdısa, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıblar və onlardan 2-si qızıldır. Azərbaycan bu göstəriciyə görə, 200 ölkə arasında 30-cu yeri tutub.
Dövlət başçısı gələn il Azərbaycanda ilk Avropa Oyunlarının keçiriləcəyini və ölkəmizin bu mötəbər idman tədbirinə xüsusi hazırlaşdığını qeyd edib. "Bu, böyük bir məsuliyyət və böyük çağırışdır, lakin eyni zamanda, bu, ölkəmizi təqdim etmək üçün bir fürsətdir” - deyən prezident bildirib ki, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək niyyətindədir: “Fürsətdən istifadə edərək hamınızı gələn il açılış mərasimində iştirak etmək üçün Bakı Olimpiya stadionuna dəvət edirəm. 2016-ci ildə Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da bizim coğrafi yerləşməmizin, mədəniyyətimizin və bugünkü Azərbaycanın göstəricisidir. İki il ərzində biz həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Azərbaycan müsəlman ölkəsidir, lakin Avropa ilə güclü əlaqələri olan ölkədir. Bunun da tarixi XIX əsrə gedib çıxır və indi bu əlaqələr daha da güclüdür. Çünki bu əlaqələrin əsasını tərəfdaşlığımız təşkil edir".
Son xəbərlər
Son Xəbərlər