Bu da yeni spiker... - Sahibə Qafarova kimdir?

bu-da-yeni-spiker
Oxunma sayı: 34667

Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədr kimi namizədliyi irəli sürülüb və o, 116 səs lehinə olmaqla parlamentin yeni spikeri seçilib.

“Qafqazinfo” xəbər verir ki, S. Qafarova müstəqillik tariximizdən bəri parlamentə rəhbərlik edəcək ilk xanım deputatdır.

Belə ki, I çağırışdan sonra V çağırışa kimi parlamentə kişi namizədlər rəhbərlik edib. Bildirək ki, parlamentə iki çağırış Murtuz Ələsgərov, üç çağırış isə Oqtay Əsədov rəhbərlik edib. İlk dəfə seçilən xanım spiker Sahibə Qafarova isə IV və V çağırış Milli Məclisin deputatıdır. O, 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Eyni zamanda, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür. 2015-2017-ci illərdə AŞPA-nın “Qadınlara qarşı zorakılıqla mübarizə” üzrə Baş məruzəçisi olub. Həmin qurumun “Qadınlara qarşı zorakılıqla yox!” şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb. 2016-2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri olub. Həmin illərdə AŞPA-nın Büro üzvü olub. 2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Bundan əlavə, xanım spiker Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.

Professor Qafarova Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorudur. İki ali təhsili olan xanım spiker o vaxtki M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. Qeyd edək ki, S. Qafarova 1955-ci il təvəllüdlüdür.

Hazırda onun 65 yaşı var. O, parlamentdə 98 saylı Şəmkir şəhər seçki dairəsini təmsil edir.

Günel Türksoy