Bu dəfə sosial şəbəkələr uduzdu!

bu-defe-sosial-sebekeler-uduzdu
Oxunma sayı: 7294

Bu gün sübh saatlarında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayıldı.

“Qafqazinfo” xəbər verir ki, ölüm xəbərini ilk olaraq prodüser Sultan Mustafayevin və aparıcı Kamran Həsənlinin sosial şəbəkə səhifələrində yaydığı bildirilir.

Və bir neçə saat sonra sosial şəbəkələri başsağlığı statusları bürüməyə başladı. Bir sıra şəxslərin sözügedən platformalarda ciddi-cəhdlə “xəbəri birinci mən yayım” düşüncəsindən çıxış etməsi Azərbaycanın informasiya məkanındakı “ölüm xəbəri yarışı” problemini yenidən gündəmə gətirdi.

Yaxın aylarda millət vəkili Qənirə Paşayevanın, aktrisa Tünzalə Əliyevanın, Əməkdar artist Aygün Bəylərin nümunələrində yaşanılmış yalan ölüm xəbərlərinin sürətlə tirajlanması bu dəfə Cavanşir Quliyevin timsalında təkrarlanmasa da, insanlarda yenə çaşqınlıq, qeyri-müəyyənlik yaratdı. Eyni tendensiyanın təkrarlanmamasına səbəb isə Heydər Əliyev Fondunun operativ məlumat yayaraq Cavanşir Quliyevin durumu ilə bağlı məsələyə aydınlıq gətirməsi idi.

Bəs bu ölüm xəbərləri niyə çıxır, niyə insanlar ona daha tez inanır?

Heç şübhəsiz ki, bunun əsas səbəbi xəbəri paylaşan insanların cəmiyyət tərəfindən ciddi qəbul edilməsidir. Axı Cavanşir Quliyevlə bir süfrə arxasında əyləşən, tez-tez birgə fotolar paylaşan şəxs və ya şəxslər onun ölüm xəbərini niyə yaysın? Məntiqli cavab tapmaq çətindir.

Hamının ciddi insan kimi tanıdığı şəxsin verdiyi xəbərə inanmaq təbiidir və sosial şəbəkə istifadəçiləri buna inanıb paylaşması normaldır. Elə media subyektlərinin də buna inanmaq haqqı var. Bir tanınmış şəxsin yaxınının, dostunun onun ölüm xəbərini verməsini başqa kimdən dəqiqləşdirmək olar? Cavanşir Quliyevin dostunun onun vəfat etməsi barədə etdiyi paylaşıma hamı istinad edə bilər. Bəs, dost, görəsən, bu doğru olmayan xəbəri niyə yayır? Belə görünür ki, söhbət xəbərdən gedirsə, dosta da inanmaq olmaz. Sosial şəbəkə heç bir məsuliyyət daşımır, media isə əksinə. 

Xəbəri rus dilində oxuyun: Салим Муслимов доволен приговором

Bu səbəbdən xəstəxana və ya xəbər subyektinin ailə üzvləri informasiya barədə hələ susursa, açıqlama verməyibsə, gözləmək lazımdır. İnformasiyanı dəqiqləşdirmək, onu xəbərə çevirmək və daha sonra təqdim etmək vacibdir. Kiminsə ölüm xəbərinə görə gecikmək də olar, təki belə xəbərdə gecikək... Bugünkü nümunə də onu göstərdi. Bu dəfə sosial şəbəkələr tələsdi və uduzdu, media isə ona inanmaqla.

Göründüyü kimi hər informasiya xəbər deyil. Jurnalistikada xəbər peşəkar məhsuldur. Və sosial şəbəkələrdə yayılmış hər informasiyaya etibar etmək olmaz!

Nizam Rza