“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

bu-hem-de-azerbaycan-sehiyyesinin-keyfiyyetine-qoyulan-investisiyadir
Oxunma sayı: 278

Səhiyyənin inkişafından danışılanda adətən yeni xəstəxanaların tikilməsi, müasir avadanlıqların alınması, elektron sistemlərin tətbiqi və tibbi texnologiyaların yenilənməsi ön plana çəkilir.

Əlbəttə, bütün bunlar vacibdir və olmalıdır. Lakin reallıq bundan ibarətdir ki, səhiyyə sisteminin ən müasir binası, ən bahalı avadanlığı belə peşəkar insan olmadan gözlənilən nəticəni verə bilmir. Çünki dövlətin səhiyyə siyasəti birbaşa savadlı həkimdə, onun fəaliyyətində təcəssüm olunur. Xəstənin dövlətə münasibətinin formalaşmasında bəzən ən mühüm rol məhz həkimin davranışı, peşəkarlığı və məsuliyyəti ilə müəyyən edilir. Ona görə də tibb işçilərinin əməkhaqqının artırılması yalnız sosial təminat məsələsi deyil. Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır.

Çünki yaxşı mütəxəssisi sistemdə saxlamaq, gənc insanları tibb peşəsinə cəlb etmək, həkimin öz üzərində işləməsinə stimul yaratmaq üçün onun əməyinin həm mənəvi, həm də maddi baxımdan qiymətləndirilməsi vacibdir. Bu baxımdan TƏBİB sistemində çalışan 72 212 tibb işçisinin əməkhaqqının artırılması xüsusilə təqdir olunmalıdır. Burada söhbət yalnız 72 mindən çox əməkdaşdan getmir. Bu insanların ailələri, övladları və sosial həyatları da nəzərə alınanda qərarın təsir dairəsi daha geniş görünür.

Əməkhaqqının artırılması ailələrin gəlirlərinin yüksəlməsi ilə yanaşı, onların sosial sabitliyinə də müsbət təsir göstərir. İnsan öz əməyinin qarşılığını alanda peşəsinə münasibəti, işə həvəsi və gələcəyə baxışı da dəyişir. Xüsusilə səhiyyə kimi yüksək məsuliyyət tələb edən sahədə bu məqam daha böyük əhəmiyyətə malikdir. Ona görə də bu tibb işçilərinin əməkhaqqının artırılması ilə bağlı islahatın arxasında tibbi xidmətin keyfiyyətini yüksəltməklə yanaşı, insan amili də dayanır. Həkim, tibb bacısı, feldşer, laborant və digər tibb işçilərinin peşə fəaliyyətinə verilən dəyər bu islahatın gələcəyini müəyyən edir.

Bu qərarın mühüm cəhəti onun məhz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşmasıdır. Mehriban Əliyevanın ictimai və dövləti fəaliyyətində sosial-humanitar məsələlərə, xüsusilə insan amilinə diqqəti dəfələrlə özünü göstərib. Bu təşəbbüs də həmin yanaşmanın dövlət siyasətində konkret qərara çevrilməsi ilə nəticələnib. Burada diqqətçəkən məqam təşəbbüsün yalnız irəli sürülməsi deyil, onun institusional qərara çevrilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü dəstəkləməsi və icrası ilə bağlı tapşırıq verməsi nəticəsində məsələ konkret mexanizmə çevrilib. Bu, dövlət idarəçiliyində təşəbbüslə siyasi iradənin vəhdətinin nümunəsidir: sosial ehtiyac müəyyən edilir, təşəbbüs irəli sürülür, siyasi qərarla dəstəklənir və nəticədə geniş insan qrupunu əhatə edən real dəyişiklik baş verir. Bu mənada illik əməkhaqqı fondunun 189 milyon manat artırılması dövlətin səhiyyəyə yanaşmasının maliyyə ifadəsidir. 

Səhiyyə sistemində çalışan insan öz əməyinin dövlət tərəfindən görüldüyünü və qiymətləndirildiyini hiss etməlidir. Çünki xəstəyə qayğı göstərən insanın özü də qayğı görməlidir. Əsl investisiya insana qoyulan investisiyadır. Müasir dövlətlərin inkişaf təcrübəsi göstərir ki, uzunmüddətli uğurun əsas şərtlərindən biri insan kapitalının inkişafıdır.

Səhiyyə isə bu kapitalın ən həssas və strateji sahələrindən biridir. Yeni xəstəxana tikmək mümkündür, ən müasir cihazı da almaq mümkündür. Amma yüksəksəviyyəli həkimi bir gündə yetişdirmək mümkün deyil. Bu baxımdan tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması yalnız bu günün ehtiyaclarına cavab vermir. Bu həm də gələcəyin səhiyyəsinə qoyulan investisiyadır. Çünki tibb işçisinin dövlətə və peşəsinə inamı artdıqca sistemin dayanıqlığı da artır.

Yunis Orucov

Əməkdar jurnalist