Bu küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

bu-kuce-ve-prospektlerde-neqliyyatin-hereketi-mehdudlasdirilacaq
Oxunma sayı: 2635

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə iyun ayının 8-dən 18-dək gündüz saat 10:00-17:00, gecə saat 23:00-05:00 aralığında Zağulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri icra olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Agentlik sürücülərə qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.