Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışa çıxarılan mənzillərdən son 3 ayda daha 41 mənzil satılıb.
“Qafqazinfo” xəbər verir ki, mənzillər Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarındadır.
Hazırda mənzillərin satışı davam edir. Hər biri 3 və 4 otaqlı olan bu mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır. Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Yerləşmə ərazisindən asılı olaraq mənzillərin 1 kvadratmetr üçün qiyməti 435-850 AZN aralığında dəyişir.
Mənzil almaq istəyən şəxs qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər.
Bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmaq tələb olunur.
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Əgər ilk bron etmiş şəxs mənzili almaqdan imtina etdikdə, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.
Qeyd edək ki, mənzillərin satışından əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir.




Son xəbərlər
Son Xəbərlər