“Bu müsahibəni verdiyim anda belə hər şeyə nöqtə qoyula bilər...”

bu-musahibeni-verdiyim-anda-bele-her-seye-noqte-qoyula-biler
Oxunma sayı: 1067

“İnsan belədir ki, evinin kiminsə evindən böyüklüyünü, balacalığını dərd edə bilər”

“Onu lent. az-ın ad günündə edərsən. İndi mənim doğum günümdür”

Azərbaycanın istedadlı jurnalisti, Lent.az İnformasiya Agentliyinin Baş direktoru Qabil Abbasoğlunun “Qafqazinfo”ya müsahibəsi

- Ədəbiyyatda, jurnalistikada, ümumiyyətlə həyatımızda, məişətimizdə bir şah janr var. O da xəbər janrıdır. Roman, povest, mənsur şeir artıq öz yerini xəbərə verib. Hətta, düşünürəm ədəbiyyatımız xəbərə köklənmədiyi üçün az populyardır. Son zamanlar Nobel mükafatı qazanan əsərlərin elə hər birinin içərisində informasiya, xəbər var. Ümumiyyətlə, Azərbaycanda da xəbər janrı çox aktualdır.
- XXI əsr informasiya əsridir ifadəsi elə-belə söylənilməyib. İndi cəmiyyət informasiya alış-verişi ilə məşğuldur. Hətta, nədən danışırsan danış, içərisində qarşındakına mütləq informasiya ötürmüş olursan. Bəşəriyyət əvvəlcə “yazı” deyilən anlayışı tanıdı. “Yazı” əvvəl daş kitabələrə, papirus kağızına yazılırdı. Sonra salnamələrə çevrildi, çap meydana gəldi. Getdikcə təsnifatlandırma prosesi başlandı və salnaməçiliklə yaradıcılıq ayrıldı. Mən tarixçi deyiləm, ümumi inkişaf tendensiyasından bəhs edirəm. Salnamə məlumatlandırma xarakteri daşıdı, yazı isə zövqə xidmət etməyə başladı. Yəni insanlar zövqü üçün o məhsulları mənimsəməyə başladılar. Ancaq digər tərəfdən həyatını qurmaq, siyasətini yürütmək, iqtisadiyyatını inkişaf etdirmək üçün salnamə ilə ilgilənməyə də məcbur idilər. Bu iki forma yavaş-yavaş inkişaf etməyə başladı. Sonra o zövq materiallarının içərisindən nəzm, nəsr, publisistika budaqlandı. Xəbər janrı da salnamənin içərisinə daxil oldu. Xəbərlə bərabər araşdırma və sair janrlar da meydana gəldi. Bizim indi məşğul olduğumuz xəbər janrı salnaməçiliyin övladıdır.

- Yəni, biz bir növ salnamə ilə məşğuluq.
- Bizim, yəni jurnalistlərin ulu babaları salnaməni yaradan insanlardır. Yazıçıların, şairlərin ulu babaları da həmin o dediyimiz zövq materiallarını yaradan insanlar olublar. Bu ənənə ayrı-ayrı millətlərin, toplumların timsalında indiyə qədər gəlib çıxıb. Texnologiyanın inkişaf etdiyi dövrdə isə istər televiziya verilişi, istər çap materialı, istərsə də internet resursları insanlar üçün məlumat mənbəyidir. Bu məlumat vasitəsindən istifadə edərək, həmin o dediyimiz yaradıcılıq məhsullarını cəmiyyətə çatdırırıq. Amma eyni zamanda siz bayaq dediyiniz kimi, insanlar ədəbiyyatda da xəbər axtarırlar. Ümumiyyətlə, hər iki qol cəbri biliklərdən başqa, həm də istedad tələb edən sahədir.

- Müəllim kimi danışırsınız və sizə qulaq asdıqca fikirləşirəm ki, görəsən siz hansısa universitetdə dərs deyirsiniz?
- Yox, dərs demirəm.

- Amma müəllimlik alınardı
- İndiyə qədər çalışdığım kollektivlər, təmasda olduğum insanlar, xüsusilə bir yerdə işlədiyim və məsləhətlər verdiyim gəncləri toplasaq, yaxşı bir buraxılış sinfi alınar. Çünki özüm də həyat və peşə universitetini keçmiş adamam. İştirak etdiyim proseslərdə, çalışdığım kollektivlərin hər birində ciddi məktəb keçmişəm. Həm o cəmiyyətlər, o müəssisələr, o proseslər özləri bir universitet rolunu oynayıb, həm də mən onlara bir məktəb kimi yanaşmışam.

- Qayıdaq xəbər mövzusuna. İndi biz kim olduq, yaradıcılıqla məşğul olan adamlar, yoxsa?..
- Sən və mən - biz xəbər yaradırıq. Bizim işimiz, funksiyamız, cəmiyyət qarşısındakı borcumuz cəmiyyətə xəbər daşımaqdır.

- Biz yaradıcı adam sayılırıqmı, yoxsa sadəcə texniki olaraq xəbər çatdırırıq?
- Biz xəbərçiyik. Yaradıcı adam xəbərçi olmaya bilər. Amma xəbər daşıyan adamın içində mütləq bir yaradıcılıq olmalıdır.

- Əslində bunları bir-birindən ayırmaq mürəkkəb məsələdir.
- Ona görə mürəkkəb məsələdir ki, yaradıcılıqla məşğul olan adam məlumatlandırma işinin konkret standartlarını bilməyə bilər və bu, roman yazmaqda, hansısa fəlsəfi traktat işləməkdə ona mane olmaz. Amma xəbərlə işləyən insanın içində mütləq bir yaradıcılıq ruhu olmalıdır ki, bu xəbərin son ünvanı olan oxucu, istifadəçi onun hazırladığı xəbərin mahiyyətini mənimsəyə bilsin. Yoxsa biz xəbəri rəqəmlərlə verərdik, məlumatı kodlarlarla ötürərdik, hamı da o rəqəmləri qəbul edib özü üçün materiala çevirərdi.

- Sizin ixtisasınız nədir?
- Mühəndisəm.

- Əslində bizim görüşümüzün məqsədi başqadır. Bir neçə ay bundan əvvəl öyrəndim ki, siz dekabrın 16-da doğulmusunuz. Mənim ad günüm də dekabrın 29-dur. Elə o vaxt fikirləşdim ki, bir “dekabrist” kimi doğum gününüzün ərəfəsində görüşək. Amma deyəsən siz unutmuşdunuz...
- Son bir-iki gündə yadımdan çıxmışdı, amma ona qədər yadımdaydı. Səninlə bağlı bir neçə söz demək istəyirəm, mümkündürsə, müsahibədən bu fikirlərimi çıxartma. Mən səni söz baxımından maraqlı adam hesab edirəm və asan yeyilə biləcək opponent hesab etmirəm. Elbrusla söhbət adi söhbət deyil.

- Mən söhbət etmək istədiyim adamları çox vaxt xüsusi olaraq seçirəm. Siz də məhz o adamlardan birisiniz. Sizin 40 yaşınızda verdiyiniz müsahibəni oxumuşdum. Siz onda 40 yaş haqqında qorxu ilə, həyəcanla, təhlükəli danışmışdınız.
- Artıq 4 ildir ki 40 yaşı tamamlamışam. Hazırda 40 yaşın sindromunun içərisindəyəm. Düzünü deyim ki, o həyəcan qorxu və sair şəxsimə aid deyildi. Mən, ümumiyyətlə, özümlə bağlı narahat adam deyiləm. Çünki mən bilirəm ki, bu müsahibəni verdiyim anda belə hər şeyə nöqtə qoyula bilər. Bunlar mənə çox xırda məsələ kimi gəlir. Nə vaxtsa olacaq məsələni problemə çevirmək lazım deyil. Bunu fəlsəfə də, dinlər də, cəmiyyətlərin tarixi də deyir.

- Bütün bunları 40 yaşdan sonra qəbul edibsən?
- 40 yaşdan sonra yox, 40-a qədər də bu cür olub münasibətim. Elə həmin müsahibəyə də 40 yaşla bağlı bütün fikirlərimi “deyirlər ki” ifadəsi ilə başlamışam. Özüm konkret bu təhlükəni hiss etməmişəm. Sadəcə həm peşə istiqamətində, həm şəxsi həyatdakı işlərlə bağlı narahatlığım var. O da onunla bağlıdır ki, müəyyən konyukturun içərisində yaşayırıq. Məsuliyyətini daşıdığımız doğmalarımızla, cəmiyyətimizlə, millətimizlə bağlı narahatlıqlarımız var. Pafoslu səslənməsin, bunların hamısı mənim üçün səmimi, içdən gələn hisslərimdir. Görə bilmədiyimiz, ancaq görmək istədiyimiz işlər var ki, ömür vəfa etsə onları görmək istəyərdim.

- Mən hər yaşda özümdən asılı olmayaraq ad günümə az qalmış və bir neçə gün sonra qəribə əhval-ruhiyyədə oluram. Öz içimdə özümə hesabat verirəm.

- Mənə sən deyə müraciət et, bu daha yaxşı olar.

- Bir dəfə Seymur Baycan mənə zəng etmişdi. Biz tez-tez görüşən adamlarıq və bir-birimizə sən deyə müraciət edirik. Telefonda Seymura “siz” deyə müraciət etdim. Dedi ki, Elbrus bəy, dünyada “sən”dən “siz”ə keçid münasibətlərin kəsilməsi anlamına gəlir. Mən də sizin peşəkarlığınıza, istedadınıza hörmət etdiyim üçün belə müraciət edirəm. Mənim arzularımın bir hissəsi həm də müsahibələrimlə bağlıdır. İstəyirəm müsahibələrim yaxşı alınsın. Amma bu gün istəmirəm çox danışam, 44 yaş və Qabil Abbasoğlu, bu yaşda özünüzü necə hiss edirsiniz?
- Yaşla bağlı dediyin fikirlərlə tam razıyam. Doğum günü insan üçün özəl bir gündür. Bunun elmi, sosioloji və psixoloji izahları da var. Elmi izahı odur ki, insanın doğum günü onun bu dünyayla təmasa girdiyi, bu mühitdə bioloji ritmin düşdüyü gündür. Hər bir ilin tamamında konkret bioloji dövr tamamlanır və insan dövrü olaraq həmin auraya köklənir. Sosial izahı ondan ibarətdir ki, insan hər ilin bu günündə xoş sözlər eşidib, hədiyyələr alır. Müşahidə etmişəm, uzun müddət diqqətdən kənarda qalan uşaqlar məhz ad günləri ərəfəsində o qədər sevgi görürlər ki, il boyu ad günlərini arzulayırlar. Bəzən belə uşaqları görəndə çox narahat oluram. 30 yaşım tamam olanda çox yaxın bir dostum mənə demişdi ki, 40 yaşın tamam olandan sonra səninlə danışarıq. Deyirdi ki, çox dəyişəcəksən. Düzünü deyim nə fiziki, nə ruhi, nə də mənəvi baxımdan özümü heç də geriləmiş hesab etmirəm. Çünki bir az diqqət göstərib bu mərhələni izləyirdim, görüm hansı hissləri keçirəcəm. Təbii ki, yaşın gətirdiyi müəyyən şeylər var, ondan qaçmaq mümkün deyil. Əvvəl daha enerjili olurdum, indi daha passivəm. Bu, təbii bir şeydir, orqanizmə xas olan haldır. Mənəvi, psixoloji, sosial tərəfdən isə hesab edirəm ki, mənim kəndimdə, ailəmdə doğulan, böyüyən, mənim məktəbimdə oxuyan, mənim mühitimdə tərbiyə olunan, mənim universitetimi bitirən, mənim cəmiyyətimdə yaşayan, yetişən bir insan olaraq çox böyük nailiyyətlər əldə etmişəm. Mən bir dəfə Amerikada olmuşam. Oradan qayıdanda bir yazı yazmışdım. Yazının ilk cümləsi belə idi ki, “Bizim kənddən Amerikaya gedən ilk və hələlik tək adam mənəm”. Burada söhbət Amerikaya getməkdə deyil. O yerə ki təyyarə ilə gedə bilirsən, o sənindir. Amerika dünyanın o biri üzü deyil, bəri üzüdür. Bu sualın cavabı ondadır ki, mən öz yaşıdlarıma, hətta ailə üzvlərimə, yaxın qohum-əqrəbama, sinif yoldaşlarıma, tələbə yoldaşlarıma baxanda çalışmışam ki ürəyimin və ağlımın məqbul saydığı kimi yaşayım. Mənə elə gəlir ki, onu yaşaya bilmişəm. Buna görə çox rahatam. Çünki əlimdən gələni etməyə çalışmışam və etmişəm.

- Yəni bir növ sənin həyatın alınıb.
- Hesab edirəm ki, alınıb. Bundan şikayətçi deyiləm. Ola bilər ki, nəsə azdır, nəsə çoxdur. İnsan belədir ki, evinin kiminsə evindən böyüklüyünü, balacalığını dərd edə bilər. Mənim üçün nələrləsə müqayisədə belə məsələlər önəmsizdir. Əlbəttə, o başqa şeydi ki, insan həyatını, yaşayışını təşkil etməlidir. Normal yaşaması üçün şərait qurmalıdır. Bizim nəsil təhsil ala bilmədi. Azərbaycanı qurmağa çalışan nəslin nümayəndəsiyəm. Bizim gəncliyimiz, yeniyetməliyimiz müharibə dövrünə təsadüf edib. Biz əyləncə bilmədik. Bizim əyləncəmiz ölkənin, millətin gələcəyi ilə bağlı məsələlər oldu. Biz kiminsə yanında qürrələnmək üçün bahalı maşınlar sürmədik, daha ağıllı ifadələr işlətməklə qürrələndik.

- Hansı yaxşıdır, sizin nəsil yoxsa indiki? Yəni, daha yaxşı maşın sürmək yarışı, yoxsa daha ağıllı ifadə tapmaq?
- Düzünü deyim ki, bütövlükdə götürəndə çətin məsələdir. Mən özüm üçün həll etmişəm onu. Sadəcə olaraq başqasına izahat verə bilmirəm. Məsələn, oğluma izah edə bilmirəm. “Gün səhər” qəzetində işləyən vaxt redaksiyada oturmuşdum. Birdən oğlum zəng vurdu. Dedi ki, ata, riyaziyyatda bir məsələ var həll edə bilmirəm kömək lazımdır. “5x”-lə başlayan bir tənlik dedi. Mən də tənliyi buna izah etdim. O da hələ təzə keçirdi tənliyi, nəsə izahı başa düşmədi, istiqamət verdim. Dedim tap 5x nəyə bərabərdir. Gördüm tapa bilmir. Bir az səsimi yüksəltdim, əsəbi tonla soruşdum ki, Tural, 5x nəyə bərabərdir? Xalid Kazımlı da bizimlə bir yerdə işləyirdi. Bir az kənarda üzbəüz oturmuşdu. Gördüm səsimi eşidib baxır. Girdi içəri, mənə dedi ki, “camaat uşağına “X5”-dən danışır, sən də “5x”-ə görə uşağı danlayırsan”. Mən hesab edirəm ki, mən haqlı idim. Uşağa “5x”-i başa salmaq lazımdır.

- Bəs “X5” necə olacaq?
- “5x”-si bilsə “X5”-i sonra özü alacaq. Mənə atam “5x” öyrədib, "X5” almayıb. Mənim yanaşmam belədir.

- İndi “5x”-i özü həll edən adamlar, “X5”-in heç bir təkərinə yaxın dura bilmirlər. Bəzən elə də olur.
- Olur, o cür də olur. Mən indi də ətrafımda olan doğmalarıma, yaxınlarımın, tanışlarımın uşaqlarına da elə deyirəm ki qulpundan yapışdığınız işin ustası olun. Vacib deyil akademik, prokuror olasan, pinəçi ol, amma yaxşısından ol.

- Yazmaqla nəsə etmək mümkündür? Neçə ildir yazırsan?
- 20 ildir. Mümkündür, amma bir az gec olur. İnsanların səbri çatmaya bilər. Mən anladım ki, gündəlik gördüyün işlərin nəticəsini gözləmək lazım deyil. Onda adam dəli olar. Sən yorulmadan toxumu ək, nə vaxtsa bitəcək. Səbirli olmağı bacarsan, həyat çox asan olar. Yazdığın yazıların nəticəsini sabah da, birisi gün də, o biri gün də görməyə bilərsən, görmədən bu dünyadan gedərsən. Amma mütləq səndən sonra görən olacaq. Ona görə də nəyi doğru bilirsənsə, onu bu gün etmək lazımdır.

- Mən səninlə eyni vaxtda bir neçə istiqamətdə müsahibə ala bilərəm. Azərbaycan jurnalistikası, öz dünyagörüşün, Lent.az-dakı fəaliyyətin... bütün bunların hamısını bir yerdə etmək istəyirəm.
- Onu Lent.az-ın ad günündə edərsən. İndi mənim doğum günümdür.

- Bu yaxınlarda tanışlarımdan biri mənə dedi ki, Azərbaycanda jurnalistika elə bir peşədir ki, 4-5 il bu sahədə işləyən adam istənilən vəzifənin öhdəsindən çox gözəl gələ bilər. Sənə hər hansı bir vəzifə verilsə onun öhdəsindən gələ bilərsən?
- Düzünü deyim, mənə tapşırılan və özümün öhdəmə götürdüyüm bütün işləri görməyə çalışan adamam. Hər işə məsuliyyətlə və vicdanla yanaşan adamam. Konkret vəzifədən danışırsansa belə bir gözləntim yoxdur. Mənim vəzifəm var. Tamamilə ciddiyəm və səmimiyəm. Vəzifəmi kifayət qədər ciddi, hörmətli, nüfuzlu və lazımlı hesab edirəm. Mən uğurları ilə tanınan bir kütləvi informasiya vasitəsinin rəhbəriyəm. İctimai həyatda olan 1000 nəfərin adını yazsalar, yəqin ki, oraya mənim də adım düşər. Harada olmuşamsa, işimi çox böyük hesab etmişəm. Başqa cür bacarmıram. Hətta şəxsi həyatımdan kəsib işimə vermək kimi bir pis xüsusiyyətim var.

- Şəxsi həyatından niyə kəsmisən?
- Mənə elə gəlir ki, o kəsdiyim payı gələcəkdə övladlarım, onların övladları alacaqlar. Şəxsi həyatımdan kəsdiyim o vaxtı ümumi - ictimai qazana atıram.

- Sən onlar üçün niyə bu qədər çalışırsan?
- Kim üçün?

- Elə o gələcəkdəki uşaqlar üçün.
- Başqa yol yoxdur. Hər kəs bu gün üçün çalışsa sabah təhlükə altına düşər. Gələcəyi mütləq düzəltmək lazımdır.

- Ailənin böyük övladısınız?
- Yox, mən ailənin böyük oğluyam. 5 qızdan sonra doğulmuşam.

- Mən hiss edirəm ki, sən həm nəslin, kökün, qohumların yükünü üzərində daşıyırsan, digər tərəfdən də xəbərlə də yüklənmisən. Bu, çox ağır statusdur.
- Bu cür olmasaydım, lap tutaq ki, 15 il daha artıq yaşayardım. Amma o cür olub 15 il artıq yaşamaq da lazım deyil. Məhz bu cür, dəyərli yaşamaq istəyirəm.

- Ümumiyyətlə, sən yaşamaq üçün Azərbaycanda doğulmağından razısan?
- Çox razıyam.

- Məsələn, sən Brüsseldə doğulsaydın Qabil Abbasoğlu olmazdın?
- Belə olduğum üçün çox rahatam.

- Məsələn, biz elə yerdə doğula bilərdik ki, İran kimi qonşumuz olmaya bilərdi. Yəni, belə problemli qonşumuz olmazdı.
- Vətən seçilmir. Doğulursan, orada var olursan, ora sənin vətənin olur. Mən naşükür adam deyiləm. Adamlar tanıyıram ki, 40 yaşı var, özünü dərk edəndən deyinir. Mən də onunla bərabər yaşayıram və özümü dərk edəndən bəri gördüyüm işlərdən zövq alıram. Səmimi olaraq zövq alıram. O adam ölməkdən qorxur, mənsə qorxmuram. Daxilində bir sevgi olmalıdır. Oranqutan balasını sevir, amma meşəni sevmir, qorumur. Fərqimiz ondadır. Bu təbii hissdir ki, hər kəs balasını sevir. Amma axı insan həm də ictimai varlıqdır. Bəs bu yazı-pozu nəyə görədir? Bəşəriyyət niyə kitab oxuyur? Çünki yaxşını tapmağa çalışır. Tələbə vaxtı oxuyurdum. Öz toplumumuzu müqayisə də edirdim. Ağrıdıcı məqamlarla da rastlaşırdım. Yaxın dostlarım var, laqeydləşib çıxıb gediblər. Məncə, nəsə etmək lazımdır ki, vəziyyət dəyişsin. Nəsə etmək də ancaq oxumaqdır.

- Sənin işin yazmaqdır, amma oxumağı məsləhət görürsən
- Mən özüm də oxuyuram axı...

- Yeri gəlmişkən, niyə yazmırsan?
- Mən uzun müddət yazmışam. Yazmamağımın bir obyektiv səbəbi var. Mən jurnalistikaya gələndən müxbir olmamışam. Buna çox təəssüf edirəm. Jurnalist müxbir deməkdir. İşlədiyim qəzetlərin hamısında baş redaktor müavini, baş redaktorun birinci müavini, baş redaktor, şöbə redaktoru olmuşam. Mən bu yerə yazıdan gəlməmişəm. Sonra başladım yazmağa. 2003-cü il hadisələrinə qədər çox fəal idim, yazırdım. O hadisələrdən sonra bir az qələmim sarsıldı. Bir az yazdığım şeylərin yerində olmadığını gördüm. Etiraf edim ki, bir az təhlillərimizin yanlış olduğunu hiss etdim. Sonra “Gün səhər” dövrü başladı. Orada siyasətdən, sosial həyatdan da, ictimai hadisələrdən də yazdım. Ancaq onda artıq müntəzəm deyildi. Yeri gələndə və yazmaq istəyəndə nəsə yazırdım.

- Sonra yavaş-yavaş tərgitdin.
- Sonra inzibatçılıq dövrü başladı. İndiki işimizi qurmaqla özüm bilavasitə məşğul oldum. Artıq o vərdişi idarəçilik, inzibatçılıq əvəz etdi. Yazını ona görə yaza bilmirəm. Əslində yazmaq istədiyimi mövzu şəklində, redaktə zamanı şüuraltı olaraq paylaşıram.

- Amma imzaya sadiqlik baxımından mən düşünürəm ki, yazmaq lazımdır.
- Bəlkə də elə bir dövr gələcək mən o zərurəti hiss edib yazacam.

- Nədənsə Azərbaycanda jurnalistlər karyeralarını tez başa vururlar. Azərbaycanın efirində 70 yaşında aparıcı görmək mümkün deyil. Biz indi Əkrəm Əylislidən yazı gözləmirik. Ondan canlı nümunə kim istifadə edirik. İndi biz əsəri Turaldan, Seymurdan, Elnurdan və başqalarından gözləyirik. Bəlkə də məni səni niyə yazmırsan deyə qınamamalıyam.
- Düzünü deyim ki, yazmağa heç zamanım da yoxdur. İdarəçilik zamanımızı, enerjimizi çox alır. Mən gün ərzimdə iki saat öz stolumda oturmuram. Bəzən redaktə prosesinə belə qoşula bilmirəm.

- Axırıncı dəfə kiminlə dost olmusan?
- Nə baxımdan dost?

- Dostlaşmaq baxımından.
- Aramızda 10-15 yaş fərq olan bir gənclə, yaxın dostumun vasitəsilə tanış olmuşam. 2 ay olar ki, onu tanımışam. Çox maraqlı gəncdir. Mən inanmıram ki, Azərbaycanda onun qədər Balzakı mənimsəyən ikinci bir adam ola. Adam çox ciddi və kaprizni peşənin sahibidir. Dövlət işçisidir, amma daim mütaliə ilə məşğul olur.

- Qabil bəy, peşə dostlarını demirəm, həyat dostunu deyirəm. Bəlkə heç elə bir dostun yoxdur?
- O mənim jurnalist olduğum üçün yox, şəxsi dostumdur. Aramızdakı yaş həddinə baxmayaraq, kifayət qədər hazırlıqlı bir adamdır, yaxşı həmsöhbətdir. Çox yaxşı da vətəndaşdır...

- Yaxşı həmsöhbət olan çox dostlarınız var?
- Bəli, var. Hamısına çox təşəkkür edirəm. Bu gənclər Azərbaycanın daha yaxşı olması üçün qarışqa kimi çalışırlar.

- İndi hər kəs ətrafında müəyyən adamlar toplayır öz əqidəsinə, düşüncəsinə görə. Düşünürəm ki, sənin də ətrafında belə bir qrup var.
- Mən hesab edirəm ki, bu cür olmalıdır. Tutaq ki, bu gün gedib yeyib-içdim. Sabah da gedim eyni işi təkrar edim? Yəni bunun nəticəsi necə olacaq? Mən bir az nəticəni gözətləyən adamam. Hər şeydə yaxşılığa doğru bir nəticə olmalıdır. Onun olması üçün də elmli adamlarla oturub-durmalısan. Məndən mənəvi baxımdan nəsə almaq istəyən adamlar var, onu da hiss edirəm, çalışıram onların da yanında olum. Amma bütövlükdə qayə mənə nəsə verə biləcək adamlarla uğraşmaqdır. O axırıncı dostlaşdığım gəncdən vacib siqnallar alıram.

- Bu maraqlı bir şeydir.
- Elədir. Mən köhnə nəsli də başa düşürəm, yenini də.

- Məndə belə bir xüsusiyyət var: xəbərin qoxusunu hiss edirəm. Bəzən elə olur ki, redaksiyaya gəlib deyirəm ki, bu gün çox yaxşı xəbərlər olacaq. Bəzən də elə olur, heç getmək istəmədiyim yerə gedir, oradan mühüm xəbərləri əldə edə bilirəm. Bu, hər halda xəbərə hədsiz bağlı olmağımdan irəli gəlir.
- Məşhur bir metod var. İstə, o qədər istə ki, nəhayət onu əldə edəcəksən.

- Sən həmin o metoddan bəhrələnə bilmisən?
- Bəli, istədiyim nəticəni almaqdayam və elə amacım da odur. Biz bayaq nəsillərdən danışdıq və mən bir məsələyə toxunmaq istəyirəm. Anarla, Elçinlə, gənclərlə bağlı deyilən fikirlər var. Əminəm ki, yaşasaq, 20 ildən sonra Anarı tənqid edən, əməklərinə hörmət etdiyim gənclər ki var, hamısının aqibəti Anar kimi olacaq. Anarın özü də vaxtında özündən əvvəlki nəslin haqqında belə düşüncədə olub. Amma onun belə şəraiti olmayıb ki, düşündüklərini deyə bilsin. Əgər olsaydı, o da Kütləvi İnformasiya Vasitəsilə fikirlərini ictimaiyyətə çatdırardı. İndi hətta söyüş belə yazıb yerləşdirirlər sayta, hamı da onu oxuyur. Anar edə bilmirdi axı bunu. Hər bir şəxsiyyəti, hər bir nəsli olduğu şəraitin içərisində qiymətləndirmək lazımdır. Mən bilirəm sovet dövrü nə deməkdir. İndiki gəncliyimiz yaxşı ki bunu bilmir. Zatən çalışdığımız da bu idi ki, bilməsinlər. Bəxtiyar Vahabzadə “Gülüstan” yaza bilərdi, ondan artığını yazmaq mümkün deyildi. Hətta “Gülüstan”ı yazmaq üçün bir də “Lelin” poeması yazmalı idi. Bu, tələb idi. Ümumiyyətlə, “Gülüstan”ın özünü yazmaq mümkün deyildi, o həmin dövrdə qəhrəmanlıq etdi. Pis-yaxşı, Anar “Dədə Qorqud”u yazıb. Dastanın ruhunu əzə bilər, təhrif edər, amma bunu yazıb axı bu adam. Hətta onun əsasında kino da çəkib. Sovet dövründə o kinonun çəkilməsinə necə icazə veriblər, mən hələ də təəccüb edirəm. Bu adama ona görə qiymət vermək lazımdır ki, o şəraitin içərisində bunu edə bilib. İndi gənclər bu qədər sərhədsiz şəraitdə yazıb-yaradırlar. Bu qəhrəmanlıq sayılmır axı.

- Mən hiss edirəm ki, sən Anargilin tərəfindəsən.
- Yox, qətiyyən. Bayaq dedim axı, mən gələcəyi düşünən adamam. Bu nəsil isə keçmişdir artıq. Mən mühafizəkar deyiləm, hər dəm yenilənmənin, inad fəlsəfəsinin tərəfdarıyam. Hər şeyi yaxşılığa doğru dəyişmək inadı olmalıdır. Bu insanların, cəmiyyətin içində olmayana qədər dünya dəyişməyəcək. Azərbaycan çox balaca yerdir. Dünyanın bir kəndidir. Buranı dəyişmək, daha da yaxşı etmək lazımdır. Bunun üçün də insanlar dəyişməlidirlər. Sən niyə indi mənim etdiyimi o vaxt etməmisən məsələsi doğru yanaşma deyil. Mənim nəslim Azərbaycan tarixinin ən ciddi dağıdıcı kütləsi olub, amma əvəzində bizim alternativimiz var idi. Biz Azərbaycana istiqlal təklif edirdik. Deyirdik ki, Sovet dağılmalıdır. Sovetin bayraqlarını qırırdıq.

- Doğru hərəkət etdiniz?
- Bəli, düz etdik. Lazım olan şeyi edirdik. Amma indikilər alternativ təklif etmir. Hesab edək ki, Anarı Yazıçılar Birliyindən çıxartdıq. Sonra nə olacaq? Biz bayraqları və yerinə başqa bayraq təklif edirdik. Ümumiyyətlə, bir şey deyim, qəribə bir hal var cəmiyyətimizdə - nəyəsə ya gözümüzü bərəldib baxırıq, ya da tamamilə yumuruq. Normal baxmaq lazımdır.

- Elə bir mərhələyə gəlib çatmışıq ki, biz həqiqətən də gözlərimizi ya bərəldirik, ya da yumuruq. Bu situasiyada normal baxmaq necə ola bilər axı?
- Mümkündür. Hökuməti də, müxalifəti də, yazıçıları da, ağsaqqalları da, gəncliyi də tənqid etmək olar. Amma dünyanın gedişatını dayandırmaq və ya tələsdirmək mümkün deyil.

- Mən elə bilirdim ki, sən ancaq sözü, jurnalistikanı bilirsən. Bu qədər şeyi haradan öyrənmisən?
- Təməli ailəmdə qoyulub. Atam məni necə öyrədibsə, daim o cür hərəkət etmişəm. Universitet mərhələsində məni artıq ictimai həyat tərbiyə etdi. Çox yaxşı müəllimlərim oldu, eyni zamanda da hərəkatın içərisinə düşdüm. Millətin tarixinə, problemlərinə dair, mənəvi-siyasi irsi ilə bağlı oxuduğum materiallar, kitablar, hətta fəlsəfəyə qədər gedib çıxmışdım. Heç bir ideologiyaya, dinə ehkam şəklində bağlı deyiləm. Mən hər şeyi təhlil etməyin, təhlil nəticəsində dərk etməyin tərəfdarıyam. Mənim üçün kor-koranə inamın və imanın heç bir mənası yoxdur. Biliklərin nəticəsində özüm üçün bir dəyərlər sistemi formalaşdırdım ki, bu ölkəni və milləti bir az daha yaxşı yaşatmaq üçün çalışmaq lazımdır. Mən üzərimə düşəni etməyə çalışıram. Ömrüm çatacaqsa, sonuna qədər gedəcəm, çatmayacaqsa, məsələn, oğluma deyəcəm mən bura qədər gətirdim, davamını sən icra et.

- Missiyan çox böyükdür.
- Bu pafos deyil, mən işimi belə görürəm. Müharibə-filan aparmıram, deyim ki, bu məqsəd uğrunda silahlanmışam, elə bir şey də yoxdur. Amma işimi elə görürəm ki, lazımlı iş olsun. Bizim uduşumuz fərdi qazancda deyil. Hamı o böyük qazana nəsə atmalıdır ki, orada qaynasın, sonra hamıya pay çatacaq. Yetər ki, qazanın altını deşməyək. Axırda hamımıza pay çatacaq...

- Bu müsahibəni özüm bitirmək istəyirəm. Təşəkkür edirəm sizə. Sağ olun ki, varsınız. İlk müsahibəmdir ki, 75 dəqiqə davam etdi.
- Müsahibədən çox söhbətə bənzəyirdi bu.

- Deyirsən davam edək? Hiss edirəm ki, getmək istəmirsən
- Həcminin böyük olmasına görə deyirəm ki, söhbət idi də, nəyi istəməsən çıxardarsan...

Elbrus Ərud