Bu ölkədə 6 günlük iş həftəsi ləğv edilir

bu-olkede-6-gunluk-is-heftesi-legv-edilir
Oxunma sayı: 340

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə həftədə 6 gün iş və 1 gün istirahət nəzərdə tutan “6x1” iş sisteminin ləğvi haqqında fərman imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı sosial media hesabında bildirib ki, yeni tənzimləməyə əsasən, işçilərin əməkhaqqından heç bir tutulma olmadan həftəlik istirahət müddəti 2 günə çatdırılacaq və iş saatlarının azaldılmasına dekabrın 16-dan başlanılacaq.

Lula da Silva bu qərarı Braziliya işçi sinfi üçün tarixi nailiyyət adlandırıb. Fərmanda iş saatları azaldılacaq işçilərin gəlirlərinin qorunması məqsədilə saatlıq əməkhaqqının hesablanması meyarları da müəyyən edilib. Prezident məsələ ilə bağlı qeyd edib: “Heç bir əməkhaqqı kəsilməsi olmadan həftədə iki gün istirahət. Bu gün “6x1” iş sisteminin sonunu tənzimləyən fərmanı imzaladım”.

Dövlət başçısı işçilərin istirahətə, ailələrinə və sosial həyata vaxt ayırmasının vacibliyini vurğulayaraq, yeni sistemin həm işdə, həm də evdə məsuliyyət daşıyan qadınlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Lula da Silva əlavə edib ki, insanların istirahət etmək, övladlarına qayğı göstərmək və ləyaqətli həyat sürmək üçün zamana ehtiyacı var: “Bilirəm ki, həyat yalnız işdən ibarət ola bilməz. “6x1” sisteminin sonu bu istiqamətdə mühüm addımdır”.