Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilib. Buna müvafiq olaraq, nəinki Azərbaycan cəmiyyəti, o cümlədən türk və islam camiəsi bu il Şuşanın 270 illiyini qeyd edir. Belə ki, əsası 1752-ci ildə Qarabağ xanı tərəfindən qoyulan Şuşa zəngin tarixi keçmişə malik olmaqla özündə nəinki Azərbaycan, o cümlədən türk və islam mədəniyyətinə aid xüsusiyyətləri birləşdirir.
Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu tarixi Sərəncam “Şuşa ili” elan edilməsindən təxminən bir il əvvəl qəbul edilsə də, Şuşanın 270 illiyinə ən dəyərli hədiyyə olaraq qəbul edilməlidir. Şuşanın bu yeni statusu Azərbaycanın “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” 22 iyun 2021-ci il Qanunu ilə müəyyən edilir. “Mədəniyyət haqqında” 2012-ci il Qanununa əsasən, mədəniyyət - ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyən edən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusudur. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini aşağıdakılarla əsaslandırmaq olar: 1) Şuşa orta əsrlər şərqinə aid arxitektura və şəhərsalma mədəniyyətinin əlamətlərini özündə birləşdirən milli memarlıq abidəsidir. Belə ki, Şuşa Tarixi-Memarlıq Abidəsinin pasportunda “Qala” kateqoriyasına aid edilən memarlıq abidəsənin 21 inventardan ibarət olması qeyd edilsə də, 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Tarixi-Memarlıq Qoruğu elan edilən Şuşa şəhərində 549 qədim bina, 9 məhəllə, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olmuşdur. Bu baxımdan Şuşa qalası yalnız mədəni irs obyekti hesab ediləcək bir abidə deyil, həmçinin mədəni bir ansamblı, özündə müxtəlif mədəni irs obyektlərini əhatə edən mədəni sığınacağı özündə ehtiva edir; 2) Şuşa milli mədəniyyətimiz üçün önəm kəsb edən Azərbaycan ədəbiyyatına Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu, Firudin bəy Köçərli, Xurşudbanı Natəvan, Qasım bəy Zakir, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli kimi şəxsiyyətlər bəxş etmişdir; 3) “Şərqin konservatoriyası” adlandırılan Şuşa Azərbaycan musiqisinə Bülbül, Cabbar Qaryağdıoğlu, Fikrət Əmirov, Hacı Hüsnü, Xan Şuşinski, Keçəçi oğlu Məmməd, Qurban Pirimov, Məşədi İsi, Mir Mövsün Nəvvab, Rəşid Behbudov, Sadıxcan, Seyid Şuşinski, Zülfi Adığözəlov kimi incəsənət xadimi, Əfrasiyab Bədəlbəyli, Əşrəf Abbasov, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Üzeyir Hacıbəyov, Zülfiqar Hacıbəyov kimi bəstəkarlar bəxş etmişdir; 4) Şuşada mədəniyyət sferasında fəaliyyət göstərən və ya mədəniyyət sənayesi, yaxud xidməti müəssisələri mövcud olmuşdur. Belə ki, Şuşada mədəni irs obyektlərinin saxlandığı 31 kitabxana və 6 muzey (Şuşa tarix muzeyi, Qarabağ Dövlət tarix muzeyi, Qarabağ ədəbiyyat muzeyi, Mir Mövsün Nəvvabın ev muzeyi, Üzeyir Hacıbəyovun ev muzeyi, Bülbülün ev muzeyi), Dövlət Rəsm Qalereyası, Azərbaycan Xalçası və Xalq-tətbiqi Sənəti Dövlət Muzeyinin filialı, Qafqazda yeganə olan Şərq musiqi alətləri fabriki, 8 mədəniyyət evi, 4 kinoteatr, Şuşa Dövlət Dram Teatrı və s. fəaliyyət göstərib.
Şuşa Tarixi-Memarlıq Abidəsinin (indiki Şuşa Şəhəri Dövlət Qoruğu) mövcud pasportunda abidənin vəziyyəti “məhv olmaq üzrə” olaraq müəyyən edilir. Əslində bunun obyektiv səbəbləri vardır. Belə ki, Ermənistanın təcavüzkar siyasətinə uyğun olaraq 08 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Şuşa, 28 il müddətində açıq-aşkar mədəni soyqırıma məruz qalmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2014-cü il tarixli 273 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda qeyd olunduğu kimi, Azərbaycanın mədəni irsinə aid olan yüzlərlə mədəni irs obyekti ilə yanaşı, 1988-ci ildə yaradılan Şuşa Dövlət Tarixi-Memarlıq Qoruğu da erməni vandalizminin qurbanına çevrilmişdir. Qeyd olunan vandalizmin nəticəsi olan mədəni soyqırımı – milli mədəni irsin məqsədli olaraq məhv edilməsidir. “Mədəniyyət haqqında” 2012-ci il Qanununa əsasən, milli mədəni irs – Azərbaycan xalqına məxsus olan, ümumazərbaycan əhəmiyyəti kəsb edən, universal dəyərlərə malik olan mədəniyyət nümunələrinin məcmusudur. Ermənistan dövlətinin milli mədəni irsimizə, konkret halda Şuşa Şəhəri Dövlət Qoruğuna münasibətdə həyata keçirdiyi mədəni soyqırımı davam edən cinayət olmaqla aşağıdakı formalarda baş verir: 1) mədəni irs obyektinin fiziki olaraq məhv edilməsi. Belə ki, Şuşa qalasına aid memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə: Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və sair digər abidələr dağıdılıb. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət Xalça və Xalq tətbiqi sənəti muzeyinin filialı, Dövlət Qarabağ Tarix Muzeyi də daxil olmaqla 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi viran edilmişdir; 2) milli mədəni irsə aid olan bir çox obyektlərin məqsədli olaraq bərpa edilmək adı altında başqa xalqlara aid olan mədəni irs nümunəsi olaraq təqdim edilməsi. Məsələn, Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) məscidinin “bərpa” olunaraq fars məscidi kimi qələmə verilməsi; 3) mədəni irs obyektlərinin oğurlanması və onların milli mənsubiyyətinin dəyişdirilərək nümayiş olunması. Belə ki, Şuşa Dövlət Qarabağ Tarixi Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının 1000-dək, Şuşa Şəhəri Tarixi Muzeyinin 5000-dək, Üzeyir Hacıbəyovun ev muzeyinə aid 300-dən çox, Mir Mövsüm Nəvvabın ev muzeyinə aid 100-dən çox, Bülbülün ev muzeyinə aid 400-dək eksponatının taleyi, demək olar ki, məlum deyildir. Onların əksəriyyətinin məhv edilməyərək oğurlanması, heç şübhəsizdir. Ən dəhşətlisi odur ki, oğurlanmış bir çox mədəni irs obyektləri başqa adla nümayiş edilir. Məsələn, Şuşa Xalça Muzeyindən oğurlanmış 160 xalçadan 71-i Yerevandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda keçirilən sərgidə nümayiş olunub.
Əlbəttə, Şuşanın işğaldan azad edilməsi, Şuşa Şəhəri Dövlət Qoruğuna qarşı həyata keçirilən mədəni soyqırımının birinci və ikinci formalarının qarşısını almış oldu. Qısa müddətdə həyata keçirilən tədbirlər, milli səviyyədə Şuşa Şəhəri Dövlət Qoruğunun bərpa edilməsi və qorunması istiqamətində zəruri hüquqi və təşkilati əsasların olmasını təsdiq edir. Yeri gəlmişkən qeyd olunan əsasların formalaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səylərini və fəaliyyətini yüksək dəyərləndirmək lazımdır. Məhz bu əsaslara dayanaraq qeyd olunan tədbirlərin beynəlxalq müstəvidə keçirilməsi, yanız Şuşa Şəhəri Dövlət Qoruğunun qorunması baxımından deyil, eyni zamanda “Şuşa ili”nə yeni tövhələrinin verilməsi baxımından da əhəmiyyətli olardı. Qeyd etmək lazımdır ki, bu keçidin baş verməsi istiqamətində Azərbaycan Respublikası kifayət qədər təcrübəyə malikdir. Azərbaycan Respublikasının mədəni irsin qorunması və təbliği sahəsində olduqca çox beynəlxalq xarakterli tədbirlərə ev sahibliyi etməsi, belə deməyə tam əsas verir. Belə ki, mədəniyyətlərarası dialoqla bağlı mütəmadi tədbirlərin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Qeyri-maddi maddi irsin qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasının (2013-cü il), Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Hökumətlərarası Komitənin 43-cü sessiyasının (2019-cü il), 2019-cu ildə baş tutan və mənim də iştirak etdiyim Ümumdünya İrs Gənc Peşəkarlar Forumunun və s. məhz Bakıda keçirilməsi dediklərimizin əyani sübutudur. Yeri gəlmişkən, həmin tədbirlərin həyata keçirilməsində UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun əvəzedilməz rolu vardırr. Hesab edirik ki, mədəni irsin qorunması üzrə beynəlxalq tədbirlərlə bağlı Azərbaycan Respublikasının malik olduğu təcrübəyə dayanaraq, “Şuşa ili”nə dəyərli tövhə ola biləcək aşağıdakı beynəlxalq xarakterli tədbirlərin həyata keçirilməsi səmərəli və məqsədəuyğun olardı.
Birincisi, Şuşanın türk mədəniyyətinin paytaxtı elan edilməsi üzrə tədbirlərin görülməsi. Belə ki, bir tərəfdən, türk dünyasının tərkib hissəsi olan Azərbaycan xalqına məxsus olan milli mədəni irs eyni zamanda ümumilikdə türk mədəni irsinə də daxildir. Bu baxımdan Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşa bütövlükdə türk mədəniyyətinin də paytaxtı ola bilər. Digər tərəfdən, Şuşa qalası orta əsr türk şəhərsalma mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirir. Belə ki, orta əsr şərq memarlığının nadir abidəsi olan Şuşa qalası, Qarabağ memarlığının xüsusiyyətlərini özündə birləşdirməklə üslüb olaraq Aran memarlıq məktəbinə aid edilir. Bunun üçün beynəlxalq təcrübədən istifadə edilə bilər. Belə ki, 1985-ci ildən Avropa Birliyi çərçivəsində Avropa mədəniyyət paytaxtları, 1996-cı ildən Ərəb Dövlətləri Liqası çərçivəsində Ərəb mədəniyyət paytaxtları və s. layihələr həyata keçirilir. Əlbəttə bu layihədə növbəlilik əsasdır. Buna müvafiq olaraq Şuşa birinci olmaqla türk mədəniyyəti paytaxtları layihəsi həyata keçirilə bilər. Olan şəhərlər növbəlilik qaydasında müəyyən edilə bilər. Bu layihə TÜRKSOY və ya Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilə bilər.
İkincisi, Azərbaycanın mədəniyyəti bütövlükdə islam mədəniyyətinin tərkib hissəsini təşkil edir. Bu baxımdan Azərbaycan mədəniyyətinin formalaşmasında islam dəyərləri mühüm əhəmiyyətə malikdir. Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğuna islama aid kifayət qədər dini abidələr: 17 məscid, 2 mədrəsə və s. mövcuddur. Şuşanın iki cümə: Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri və məhəllə məscidləri (Culfalar, Çuxur, Çöl qala, Hacı Yusifli, Mamayı, Saatlı, Təzə və s.) dini memarlıq tələblərinə uyğun olsa da, daha planlı, ictimai-dini mərkəz kompleksi olmaqla Arran memarlıq üslubunda tikilmişdir. Bu baxımdan Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla islam mədəniyyətini də təmsil edə bilər. Ona görə də hesab edirik ki, Şuşa “İslam Mədəniyyəti Paytaxtları Proqramı”na müvafiq olaraq, İslam mədəniyyəti paytaxtı da elan edilə bilər. Qeyd edək ki, bu təcrübə artıq mövcuddur. Belə ki, İslam Konfransı Təşkilatı çərçivəsində həyata keçirilən bu proqrama müvafiq olaraq, 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.
Üçüncüsü, Azərbaycan mədəniyyəti yalnız türk və islam mədəniyyətini deyil, eyni zamanda avropa mədəniyyətini də özündə ehtiva edir. Bu baxımdan “Qlobal mədəniyyətlərarası şəhərlər layihəsi”nin həyata keçirilməsi istiqamətində Bakıdan sonra Şuşanın da bu layihəyə daxil edilməsi və onun da mədəniyyətlərarası dialoq paytaxtı elan edilməsi, başda milli mədəniyyət paytaxtı Şuşa olmaqla Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasında əhəmiyyətli rol oynaya bilər.
Dördüncüsü, Şuşa Şəhəri Dövlət Qoruğunun Ümumdünya mədəni irs siyahısına daxil edilməsi üzrə tədbirlərin görülməsidir. Əlbəttə, bu tədbirin görülməsi ilə bağlı iki sual maraqlı ola bilər. Birinci sual ondan ibarətdir ki, Şuşa Şəhəri Dövlət Qoruğunu bu siyahıya daxil etmək mümkündürmü? Bu sualın cavablandırılması istiqamətində qeyd edək ki, bunun üçün zəruri olan hüquqi və təşkilati əsaslar mövcuddur. Əvvəldə qeyd etdiyimiz kimi, Şuşa Şəhəri Dövlət Qoruğunun mühüm universal dəyərə malik olan və ya çox böyük əhəmiyyətə malik olan milli mədəni irs obyekti olması milli hüquqi səviyyədə təsbit edilmişdir. Belə ki, abidə Şuşa Tarix-Memarlıq Qoruğu adı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmişdir “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilmişdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 1998-ci il Qanununun 7-ci maddəsinə müvafiq olaraq, dünya əhəmiyyətli abidələrin siyahısı beynəlxalq təşkilatlara, ilk olaraq UNESCO-ya təqdim edilir. Digər tərəfdən, Şuşa Şəhəri Dövlət Qoruğunun hüquqi statusu “Azərbaycan mədəniyyətinin paytaxtı – Şuşa şəhəri haqqında” 2021-ci il tarixli Qanunla müəyyən edilir. Lakin burada bir daha çox texniki xarakterli bir məqama diqqət etmək lazımdır. Belə ki, 2021-ci il Qanunu Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılmasını müəyyən edir. Buna müvafiq olaraq Şuşa Şəhəri Dövlət Qoruğunun 1988-ci ildə yaradılan Şuşa Tarixi-Memarlıq Qoruğunu əvəz edib-etməməsi məsələsinə normativ qaydada aydınlıq gətirilməlidir. Əgər bu belədirsə, hesab edirik ki, bu belədir, o halda müvafiq rəsmi aktlarda, o cümlədən Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda, abidənin pasportunda, UNESCO-ya təqdim edilən Müvəqqəti Namizədlər Siyahısında zəruri dəyişikliklər edilməlidir. Əks halda bu müəyyən anlaşılmazlıqların yaranmasına səbəb ola bilər.
Hüquqi əsasların müəyyən edilməsi istiqamətində qeyd etmək lazımdır ki, Ümumdünya mədəni irs siyahısı UNESCO tərəfindən tərtib edilsə də, “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il UNESCO Konvensiyasına əsaslanır. Bu baxımdan milli mədəni irs obyektinin həmin siyahıya daxil edilməsi üçün namizədliyi təqdim edən dövlətin həmin Konvensiyada iştirak etməsi vacibdir. Məlum olduğu kimi Azərbaycan Respublikası 1998-ci ildə qeyd olunan Konvensiyaya qoşulmuşdur. Deməli, Şuşa Şəhəri Dövlət Qoruğunun həmin siyahıya daxil edilməsi üzrə hər hansı hüquqi əngəl mövcud deyildir. Məlumat üçün deyək ki, 31 iyul 2021-ci il tarixinə olan vəziyyətə görə, hazırda bu siyahıya 167 ölkədən 1154 obyekt daxil edilmişdir. Hazırda Azərbaycan Respublikasının dünya əhəmiyyətli iki mədəni irs obyekti: “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu, o cümlədən ŞirvanŞahlar Saray Kompleksi və Qız Qalası (2000-ci ildə), “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu (2007-ci ildə) bu siyahıya daxil edilmişdir. 1972-ci il Konvensiyasının realizəsi istiqamətində Azərbaycan Respublikası mədəni irs obyektlərinin ilkin namizəd siyahısını müəyyən etməli və onlar Müvəqqəti Namizəd Siyahısına daxil edilməlidir. 24 oktyabr 2001-ci ildə təqdim edilən bu siyahıya: Şəki Xan Sarayı, Ordubad Tarixi Şəhər, Xəzər dənizinin sahilində müdafiə konstruksiyaları: Beşbarmaq səddi, Gilgilçay səddi, Çıraqqala, Şabran qalası, Dairəvi Mərdəkan qalası, Bayıl qalası, Nardaran qalası və Ramana qalası ilə birlikdə Şuşa Tarixi Şəhəri də daxil edilmişdir. Hesab edirik ki, Şuşa Şəhəri Dövlət Qoruğunun Ümumdünya mədəni irs siyahısına daxil edilməsi üzrə tədbirlərin görülməsi bu mərhələdən başlayaraq davam etdirilməlidir. Sonrakı mərhələdə namizədlər siyahısında olan və “həqiqilik testi”ndən keçən abidələr UNESCO-nun Ümumdünya mədəni irs Mərkəzinə təqdim edilir. Namizəd abidə Mərkəz tərəfindən Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şuraya (İCOMOS) təqdim edilir. Daha sonra namizəd obyektlə bağlı son qərarın qəbul edilməsi üçün sənədlər Ümumdünya mədəni irs Komitəsinə göndərilir.
Hesab edirik ki, Şuşa Şəhəri Dövlət Qoruğunun Ümumdünya mədəni irs siyahısına daxil edilməsinin hazırkı mərhələsində iki zəruri məqama diqqət yetirilməlidir: 1) abidənin adı ilə bağlı dəyişikliyin edilməsi (hüquqi məqam);
2) abidənin mühafizəsi üzrə laqeydlik göstərilmənəsi, xüsusilə qoruq ərazisində abidənin xarici görünüşünə xələl gətirə biləcək plansız tikililərin aparılması və s. (faktiki məqam).
Şuşa Şəhəri Dövlət Qoruğunun Ümumdünya mədəni irs siyahısına daxil edilməsinin əhəmiyyəti ilə bağlı ikinci sualın cavablandırılması istiqamətində qeyd edək ki, bu siyahıya daxil edilən mədəni irs obyektləri xüsusi hüquqi müdafiə rejimi əldə edir: 1) siyahıya daxil edilmə obyektin qorunması üzrə beynəlxalq mühafizə tədbirlərinin, o cümlədən beynəlxalq nəzarətin və monitorinqin həyata keçirilməsi üçün hüquqi əsas yaradır; 2) obyektin qorunması üzrə digər dövlətlərin üzərinə aktiv və passiv xarakterli yeni öhdəliklər qoyur; 3) 1972-ci il Konvensiyası ilə nəzərdə tutulan beynəlxalq yardımlardan istifadə imkanı yaradır; 4) obyektin saxlanması və mühafizəsi üzrə əlavə təminatlar yaradır; 5) obyektdən alternativ, məsələn, turizm məqsədilə istifadə edilməsinə şərait yaradır və s.
Beləliklə, 2022-ci ildə Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın 270 illiyinin qeyd edilməsi, özündə türk, islam və avropa mədəniyyətinin xüsusiyyətlərini birləşdirən Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına, keçmiş və gələcək arasında tarixi körpü olmaqla mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə təsir edəcəkdir.
Bu arzuyla Azərbaycan mədəniyyətinin paytaxtı kimi 270 yaşını təbrik edirik, Şuşa!
Sima Azər qızı Süleymanlı,
hüquq üzrə fəlsəfə doktoru,
AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantı