Budu demokratiya?

budu-demokratiya
Oxunma sayı: 860





Din milyonlarca insanın tapındığı yerdi. Ancaq siyasiləşibsə, qorxuludu. Məsələn, diktaturaya qarşı deyən, danışan adamı nə gözləyirsə, dinə qarşı deyən, danışan adamı da eyni şey gözləyir. Belə çıxır din elə diktaturadı.

Bir fərq var sözsüz. Birincidə canlı adam var, faktiki obraz var qarşında. İkincidə allahın gözəgörünməzliyi və vəkilləri. Bir şey aydındı ki, cəmi ölkələrdəki nəzir qutuları kimlərinsə obyektləridi. Bu obyektlərin allahla bir əlaqəsi varmı görən? O paraların hara getdiyini bilmirik. Əgər dinə görə yer üzündə hər şeyi həll edən allahdırsa o zaman bıçağı kiminsə əlinə verib “get, öldür” əmrini verən də allahdır. Axı “öldürmək günahdir” fikrini biz dindən eşitmişik. “Günah” sözünün özü dindən gəlir. Dinə inanırıqsa bu dünyanın faniliyinə də inanmalıyıq. Onda ölənimiz üçün üzülməyək gərək. Fani dünyadan köçdüyünə görə hələ sevinək üstəlik. Sevinmirik axı. Yanıb-tökülürük, ağlıyıb-sızlayırıq. Dərd olur bizimçün , itgi olur əzizlərin ölümü. Biz, axı ölmək istəmirik. Deməli, həyat daha şirindi. Yaşam daha doğmadı, sevimlidi. “O biri dünya” insanı ovutmaq üçün uydurma olmasın... Kimsə allahı inkar da edə bilər. Onu buna görə kim cəzalandırma haqqı alıb? Dini görüşündə hər kəs özgürdü. Necə olur sən öldürdüyünə görə günahkar olmursan, kimsə düşüncəsinə görə günahkar olur. Allah onu inkar edənlərin ölümünə razıdırsa, demək o da demokratik deyil. Allah demokratik deyilsə demokratiya anlayışının özü heç mövcud deyil ki.

Sovetizmi yanğıyla xatırlayan bir qadın söhbətində dedi:
- Nə demokratiyası ay bala, nə demokratiyası?!
- Azad söz! Fikir azadlığı. Siyasi azadlıq.
- A bala, budu demokratiya? Rəhmətlik anam Leninin mavzoleyinə teleqram vurmuşdu. Leninin mavzoleyinə. Təsəvvür edirsən? Bu demokratiya deyil? Bizə ev verdilər tələsik. O vaxt bacım Narxozda oxuyurdu. Yaxşı da oxuyurdu. İmtahan ərəfəsində anam dedi ki, hünərləridi qiymətini salsınlar . Komissiya təşkil edəcəm. Qoy komissiya desin neçəyə cavab verirsən. İndi Narxoz bazara dönüb. İndi həmin o bacımın qızı da İqtisad Universitetində oxuyur. Yaxşı da oxuyur, bilikli qızdı. Ancaq bir səviyyəsiz müəllim neçə vaxt idi uşağın boğazına keçmişdi. Qiymətini kəsdi, əsəbində oynadı. Nazirliyin dediyi qaynar xəttə də şikayət elədilər. Müəllim bir az da qızışdı. “Sinifkom şikayət eləyib” deyə heyfini bütün qrupdan çıxdı. Hamını kəsdi. 3-ü güclə yazdırdılar həmin müəllimə sonra. Budu sizin demokratiyanız?

- Biz istədiyimizi yazırıq, deyirik...

- Bir ölkənin ziyalısını düz dünyada öldürürlər. Jurnalistlər həbs olunur. Evinin qabağında vurulur. Gizli kamerayla siyasətçilərin rolikləri çəkilib yayımlanır. Sən canın, budu demokratiya? Budusa yaxşı şey deyil. Bir kanalda Rafiq bəyin ölümüylə bağlı süjet də getmədi ANS- dən başqa. Yenə sağolsun. Xalqın heç olmasa xəbəri oldu ölkədəki olaydan. Bir ziyalı bıçaqlanır yolun ortasında TV –lər susurlar. Hansısa qoyunun 3 bala verməyindən maraqsız xəbərdi?
- Guya Sovet dövründə həbslər, ölümlər az idi
- Heç olmasa onda bilirdin ki, rejimə qarşı çıxıb cəzalandıran da dövlətdi. İndi bilinmir kimin işidi.

Sıramızdan biri yox oldu biz yazarların. Öldürdülər kişini gözümüz baxa-baxa. Özümüzü aşağılanmış hiss etdik demokratik dünyada...

Qış bir az ağır fəsildi. Gələr- gəlməz immunu zəifləyir adamların. Xəstələnirlər. Ürəyi nasaz olanlara “özünüzü qoruyun”- deyir doktorlar. Ola bilsin bıçaq yarasıyla yanaşı həm də ürəyi tab gətirmədi Rafiq bəyin. Fakt odur ki, yazıçı-həkimi öldürdülər. Bəlkə də qatili çox uzaqda axtarmağa gərək yoxdu... O, çox populyar yazar deyildi. Konkret çevrədə tanınırdı. Əgər bu işdə İranın barmağı varsa demək ki, yaxınlıqdan kimlərsə yazıçını təqib edib xəbər ötürürdü..Əgər yoxdursa, belə çıxır bu gerçəkdən də ABŞ-ın ortalığı qarışdırmaq üçün yapdığıdı. Rafiq Tağı siyasi fiqur deyildi. Doğrudanmı ABŞ dövlətlər arası münasibətləri korlamaq üçün ölkədə yazıçı ölümünü təşkil edə bilər? Hansı dövlət belə sentimentallığa yol verər siyasi ilişgilərdə?! Biz mollaizmin nə demək olduğunu tarixin sayəsində öyrəndik. Bir dəfə fitva veribsə ,ikincidə niyə öldürməsin ki...

Qarabağ savaşında iştirak edən qadınlar haqda “Xəbərin İzində” adlı gözəl bir proqram izlədik ANS TV-dən. Yeri gəlmişkən yubileyi münasibəti ilə təbrik edirik televiziyanı. Yenə son anda gözümüzü ona dikirik. Yeganə oğlunu 18 yaşı olan kimi cəbhəyə yanına çağıran, onun “ana, qorxmursan ki mən ölərəm?” sualına “sən kimin balasından artıqsan ” deyib oğlunu şəhid verən Nurcahan xanım qarnını qaşıya-qaşıya yaşayan nə qədər kişini utandırır görəsən??

Vətən uğrunda balasını şəhid verən bir qadınla eyni dünyada bir yazıçı əqidəsi uğruna ölür. Rafiq bəy də nəyə getdiyini bilirdi. Nurcahan xanım da. Nurcahan xanım gizirdi. Hər halda istisna edib ona rütbə vermək olardı, yüksəltmək olardı. Hansı daha qiymətlidi axı? Vətən, qanun, övlad, ana, din, əqidə? Nəyin uğruna ölməyə dəyər? Və ölməyə dəyərmi? Fitva verən insan, öldürən insan, bəhanə allah. Torpaq alan insan, satan insan ara yerdə ölən kasıbın balası. Nə qəribə məntiq. Biz bir-birimizlə savaşırıq sonucda. Bir tərəf və o biri tərəf var. Kimsə hakim olmaq istəyir, kimsə yenilməmək. Nələrin uğruna ölürük, öldürürük. Nə daha dəyərlidi axı, “Olum ya Ölüm?”

Aysel Əlizadə, xüsusi olaraq “Qafqazinfo” üçün