Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Ermənistan və Azərbaycanı regional kommunikasiyaların açılması istiqamətində səyləri sürətləndirməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, Kostanyan bu barədə Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Qurulmaqda olan strateji qovşaq” adlı panel sessiyasında çıxış edərkən bildirib.
Nazir müavini Cənubi Qafqazı hazırda Avropa və Mərkəzi Asiyanı birləşdirən strateji tranzit mərkəzinə çevrilmək potensialı olan sabit bir region kimi xarakterizə edib:
“Cənubi Qafqaz hazırda, xüsusilə logistika zəncirlərinin pozulduğu və müharibələrin davam etdiyi bir dövrdə dünyanın ən sabit regionlarından biridir. Lakin bu vəziyyət əbədi olmayacaq. Mövcud rəqabət üstünlüklərimizdən yararlanmaq üçün kifayət qədər ağıllı və sürətli olmalıyıq”.
O qeyd edib ki, Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səyləri artırmalıdır:
“Necə ki, sülhə nail olmaq üçün siyasi iradə və qərarlar tələb olunurdu, indi də regionda kommunikasiyaların açılması, ölkələrimiz arasında əlavə əlaqələrin yaradılması və Avropa, Orta Asiya və Uzaq Şərq arasında körpü rolunu oynamaq üçün yeni, mühüm siyasi qərarlar qəbul edilməlidir”.
Son xəbərlər
Son Xəbərlər