Üzü tüpürcəklilər...

uzu-tupurcekliler
Oxunma sayı: 670


Mən çox az hallarda belə kritik vəziyyət düşürəm. Nə yazacağımı bilmirəm. Bəlkə, biraz situasiyanı şərh etsəm özümə gələrəm.

Bir neçə gün əvvəl jurnalist dostlarımızdan biri mənə zəng eləyib dedi ki, Azərbaycan ordusunun əsgəri çürüyür. Atası qapı qalmayıb gəzməsin. Eldarı burnundan əməliyyat eləyib həkimlər və o vaxtdan üzündə çürümə gedir. Deyəsən bir dəfə əvvəlki vaxtlarında ANS-də də göstəriblər. Sonra üzü çürüməyə başlayanda və sifəti efirdə göstərməli halda olmayanda döyüş alnına yazılan ANS-də imtina edib əsgəri xalqa göstərməkdən. Atasının ümidi hər yerdən üzülüb. Bir şey eləyə bilərsənmi dedi. Şəkilləri ilə bir yerdə xəbərini verərik dedim. Elə də etdik. Müdafiə Nazirliyindən münasibət də öyrəndik ki, bəs onun müalicəsi Gülhanədədir, nə zaman aparacaqsınız, niyə tərpənmirsiniz?

Dedilər vaxtı var, analizlərinin cavabı gələndə. Dünən atası zəng eləyib əsgərin ağzından su gəldiyini dedi və Mərkəzi Hosbitalın qarşısında aksiya keçirdiklərini söylədi. Eldarın yeni şəkilləri və xəbəri bir daha yaydıq. Və az keçməmiş sevindik. Müdafiə Nazirliyindən zəng eləyib dedilər ki, nazir təcili göstəriş verib ki, əsgər Türkiyəyə aparılsın. Saytımızın şərhçiləri də xeyli alqış elədilər.

Atası ilə danışdım. Sevinirdi. Dedim mənə söz ver ki, Eldar sağalıb gələndə birinci Hava Limanında biz qarşılayacağıq. Onun gülə dönmüş camalını oxuculara göstərəcək və intizara son qoyacağıq. Dedi kişi kimi söz verirəm...

Bu gün səhər yuxudan onun zənginə oyandım. Telefonu götürən kimi onun sözünü dinləmədən “Eldarı yola saldınmı”-dedim.

Hələ buradayıq, təyyarə indi qalxacaq, ancaq Eldar ölə bilər, səhər ona iynə vurdular rəngi saralıb balamın, söylədi.

Atasına ürək-dirək verdim, darıxma, yəqin yol üçün eləyiblər bunu dedim. Sağollaşdıq. On dəqiqə sonra telefonum təkrar zəng etdi. Nömrəyə baxdım. Onlar idi. Aha Eldar yəqin göyə qalxdı deyə düşündüm və gülərək telefona cavab verdim.

Atası “Bu respublikada nağayrasan, oğlum öldü”-dedi. Telefon əlimdə tərlədi... Çaşıb adboy verdim. Təkrar zəng eləyəndə Aparıram balamı Sumqayıta, ora gələrsən deyib hönkürdü...

Tez işə zəng eləyib uşaqlara sayta xəbər qoyun, çürüyən əsgər öldürüldü, yox çürüyən əsgər dünyasını dəyişdi, ya da toxtayın, əsgərin axırına çıxdınız başlığı ilə verin dedim.

Müdafiə Nazirliyinə də zəng eləyib “gözləriniz aydın” söylədim.
Və işdə bu, yox Türkiyə şivəsi ilə yazmaq bizə haramdır, çünki türk əsgərinə belə münasibət göstərmir.

Qoy elə öz dilimizdə deyim. Bu da nəticəsi.

Heç kimə yox, üzümü bəzən mənimlə söhbət edəndə Azərbaycanın xoşbəxt gələcəyi, Avropaya inteqrasiya etməsindən danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovla, Milli Məclisin qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynova tuturam və deyirəm. Daha doğrusu soruşuram. Cənab Avropa səviyyəli hüquqşünaslar, biz hara gedirik?

Torpağı erməninin, əsgəri Səfər Əbiyevin əlində çürüyən bu ölkədə nə etmək lazımdır?

Əsgərinin camalı çürüyən bir məmləkətdə “Eurovizion” qalibi Nigarın öz camalını 1.5 milyona sığortalaması bu millətin sifətindən xəbər verir. Söhbət Nigardan getmir, bizim hər birimiz tələsib üzümüzü sığortalamalıyıq. Bir gün tüpürüləcəyi üçün...