“Cabbar iki dəfə əfv ərizəsi yazıb” - Müsahibə

cabbar-iki-defe-efv-erizesi-yazib-musahibe-
Oxunma sayı: 961





“Qafqazinfo”nun suallarına tanınmış hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə cavab verir.

- Çingiz müəllim, prezident İlham Əliyevin 26 dekabr 2011-ci il tarixində imzaladığı əfv fərmanına münasibətinizi bilmək istərdik.
- İlk öncə qeyd edim ki, əfv sərəncamının icrası zamanı ictimai Komitənin üzvü kimi cəzaçəkmə müəssisələrindən məhbusların azad edilməsi prosesində iştirak edə bilmədim. Çünki 27 dekabr tarixində deputat seçildiyim İmişli və Beyləqan rayonlarında seçicilərimlə görüşlərdə idim. Əfv sərəncamına gəldikdə isə, mən bu haqda fikirlərimi “ Yeni Müsavat” qəzetində bildirmişəm və bir daha qeyd edirəm.
Əfv fərmanı özü humanist aktdır və buna görə cənab prezidentə təşəkkür edirəm. Bilirsiniz ki, müstəqillik əldə etdikdən sonra həm mərhum prezident Heydər Əliyev, həm də cənab prezident İlham Əliyev tərəfindən 50 əfv fərmanı imzalanmışdır. Bu əfv fərmanı 5000 nəfər cəza almış və həbsdə yatan şəxslərə tətbiq edilmişdir. Bu, rəqəm hazırda Azərbaycanda CÇM-də olan məhbusların üçdə birinə bərabər olmaqla yanaşı, çox böyük göstəricidir.
1996-cı ildən bu günədək 9 amnistiya aktı qəbul edilmişdir. 96736 nəfər amnistiyanın təsiri altına düşərək əfv edilımiş, onlardan 24736 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. Yəni 25 minə yaxın məhbus birbaşa həbsxanadan azad edilmişdir.
Son əvf fərmanı 92 nəfərə şamil edilsə də hər bir məhbusun ailə üzvlərinin və yaxınlarının da sevincini nəzərə alsaq, bu mindən çox insana sevinc hisslərinin bəxş edilməsi deməkdir. Cənab Prezidentin imzaladığı bu əfv fərmanı təqdirəlayiqdir və gələcəkdə də bu cür fərmanların verilməsini arzu edərdim. Prezidentin humanistliyi, qəlbindəki incə insani və kövrək hisslər gələcəkdə bu cür aktların imzalanmasının davamlı olacağına bizi ümidləndirir.

- Prezidentin humanistliyini, qəlbindəki incə hissləri deyəndə nəyi nəzərdə tutursunuz?
- Mən konkret olaraq bir-iki faktı deməklə fikrimi sizə çatdıra bilərəm. Məsələn, uzun illər beynəlxalq axtarışda olan sabiq prezident Ayaz Mütəllibova həm hüquqi və həm də ictimai-siyasi münasibətin necə olmasından asılı olmayaraq, onun mərhum rəhmətlik oğlunun yasına gəlməsinə, qırx gün Bakıda qalmasına icazə verilməsi insani münasibət deyilmi?
Qənimət Zahidin və Mirzə Sakitin mərhum rəhmətlik atalarının yas mərasimində iştirak etmələri üçün həbsxanadan bir həftəlik evə buraxılmaları insani hisslər deyilmi? İndiyədək minlərlə məhkumun əfv edilməsi humanistlik deyilmi?

- Qənimət Zahidin adını çəkdiniz və yadıma bir şey düşdü. “Azadlıq” qəzetinin bu günlərdə yubiley tədbiri keçirilərkən tədbir keçirilən binanın işığı söndürülmüşdü...
- Bilirsiniz, bir hadisə baş verərkən bəzən ayrı-ayrı fərdlər və yaxud təşkilatlar bunu dərhal siyasiləşdirməyə çalışırlar. Aydınlaşdırmadan və həqiqəti bilmədən hər şeyin siyasiləşdirilməsi oxucuları yorur, həmin fərdlərə və təşkilatlara inamı azaldır. Mən fərdlər dedikdə ayr-ayrı QHT rəhbərləri və bəzi hüquq müdafiəçilərini də nəzərdə tuturam.
Elə yeri gəlmişkən bir faktı da qeyd edim. Ayın 24-də cənab prezident 50 illik yubileyi günü Qarabağda qaçqınlarla görüşlərdə olduğu halda, Qənimət bəyin rəhbərlik etdiyi “Azadlıq” qəzeti prezidentin həmin gün Ağgöldə ov etdiyini yazır.
Televiziyada isə milyonlarla tamaşaçı qəzetdə yazılanın əksini, prezidentin cəbhə bölgəsində qaçqınlarla görüşdə olduğunu hələ axşamdan televiziyada izləmişdilər.
Mətbuat cəmiyyətin güzgüsüdür, düzü düz, əyrini əyri əks etdirməlidir. Təəssüf ki, bu gün bəzi mətbuat orqanları obyektivlikdən kənar, müəyyən “məqsəd”lər naminə həqiqətdən uzaq məlumatları öz qəzetlərində işıqlandırırlar.

- Qayıdaq əfv fərmanına. Sizin də üzvü olduğunuz Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvlərinin tərtib etdiyi siyahıdan hansı şəxslər əfv olundu?
- Cabbar Savalanlı, Mehman Məmmədov və Nizami Şahmuradov əfv olundu. Söhbətin siyahıda olan 3 məhbusdan getməsi düzgün deyil. Heç bir hüquq müdafiəçisinin təşkilatının nizamnaməsində qeyd olunmayıb ki, o yalnız siyasi proseslərdə olanların müdafiəsində olmalıdır. Məgər digərləri də Azərbaycan vətəndaşları deyilmi? Mən hüquq müdafiəçisi olaraq hər gün komitəmizdə onlarla vətəndaşı qəbul edir, onlara bu və ya digər məsələlərdə köməklik göstərirəm.
Bir şeyi də qeyd edim ki, hazırda siyasi məhbus kriteriyası Avropa Şurası tərəfindən müəyyənləşdirilir. Qərar qəbul edildikdən sonra vahid Avropa məkanında siyasi məhbus termini bütün ölkələr üçün eyni qaydada tətbiq ediləcəkdir. Hazırda isə Avropa Şurasında ölkələrə münasibətdə ikili yanaşma və ikili standartlar mövcuddur. Belə münasibət Azərbaycana yanaşmada da zaman-zaman özünü göstərir.

- Cabbar Savalanlı mətbuata açıqlamasında bildirir ki, o, əfvlə bağlı ərizə yazmayıb. Lakin əfv edilib. 2 aprel tarixində həbs olunan məhbusların da əfv ərizələri yazmadıqları və buna görə də əfv olunmadıqları bildirilir. Cabbara belə münasibət nə ilə izah oluna bilər?
- Bilirsiniz, bəzi şəxslər var ki həbsdə olduqları dövrdə əfv olunmaqları barədə müraciət edir, lakin əfv olunaraq azadlığa çıxdıqdan sonra ərizə yazmadıqlarını bildirirlər. Mən onların mövqeyini başa düşə bilmirəm. Burada qəbahət nə var ki? Bunlar prosedur qaydalarıdır və əfv ərizəsinin yazılması da bu prosedur qaydalardan biridir.
Cabbar savadlı və tərbiyəli gəncdir. Penitensiar xidmətdən mənə məlum olduğuna görə Cabbar iki dəfə əfv ərizəsi ilə müraciət edib. Çox düz də edib. O, cənab prezidentin adına ilk ərizəsini 10 avqust 2011-ci ildə ünvanlayıb. Hazırda biz çalışmalıyıq ki, Cabbar Savalanlının təhsil aldığı ali məktəbə bərpa olunmasına nail olaq.
Son olaraq qeyd edim ki, hüquq müdafiəçiləri məqsədə nail olmaq üçün barışdırıcı mövqedən çıxış etməli, ortaq konsensusa gəlmək üçün tərəflərlə dialoqda və danışıqda olmalıdırlar. Hüquq müdafiəçisi nəticə əldə etmək üçün beynəlxalq təşkilatlara arxalanırsa o heç vaxt müsbət nəticə əldə edə bilməz. Bütün məsələlərin həlli ölkə daxilində dialoqdan və masa arxasında əyləşərək müzakirə etməkdən keçir.
Mən hüquq müdafiəçilərinin siyasiləşməsinin qəti əleyhinəyəm.